Yapon dilində “susmaq qızıldır” kimi atalar sözü var?


Yapon dilində atalar sözləri və deyimlər (ことわざ・慣用句) xalqın həyat tərzini, düşüncə tərzini və mədəni dəyərlərini əks etdirir. Onların bir çoxunu sözbəsöz tərcümə etdikdə əsl mənanı anlamaq çətin olur. 言(い)わぬが花(はな) də belə ifadələrdən biridir.

Bu deyim yaponların ünsiyyət mədəniyyətində mühüm yer tutur və hər deyilən sözün faydalı olmadığını, bəzi hallarda susmağın danışmaqdan daha düzgün seçim olduğunu ifadə edir.

言(い)わぬが花(はな)

Mənası: 言わぬが花 ifadəsinin hərfi mənası “Deməmək çiçəkdir” olsa da, məcazi mənada bəzi həqiqətləri deməməyin, susmağın və ya fikri açıq ifadə etməməyin daha məqsədəuyğun olduğunu bildirir.

Bu deyim, deyilən sözün bəzən münasibətləri poza, qarşı tərəfi incidə və ya lazımsız mübahisəyə səbəb ola biləcəyi düşüncəsinə əsaslanır. Belə hallarda susmaq daha müdrik davranış hesab edilir.

1. Nümunə

A: 彼(かれ)にはやっぱり秘密(ひみつ)にしておこうと思(おも)うの。
B: そうね。「言(い)わぬが花(はな)」ってことわざもあるしね。

Tərcümə

A: Düşünürəm ki, bunu ondan gizli saxlamaq daha yaxşı olar.

B: Hə, elədir. Axı yaponlarda “Bəzən susmaq daha yaxşıdır.” deyə bir atalar sözü də var.

2. Nümunə

余計(よけい)なことは言(い)わないほうがいいよ。言(い)わぬが花(はな)だからね。

Tərcümə: Lazımsız söz deməsən yaxşıdır. Bəzən susmaq daha düzgün seçimdir.

Oxşar atalar sözləri:

言(い)わぬが花(はな)

Bəzi şeyləri deməmək daha yaxşıdır.

1. 口(くち)は災(わざわ)いの元(もと)

Düşünülməmiş söz bəlaya səbəb olar.

2. 沈黙(ちんもく)は金(きん)

Sükut qızıldır.

Yapon cəmiyyətində ünsiyyət yalnız deyilən sözlərdən ibarət deyil. Nəyi deməmək lazım olduğunu bilmək də ünsiyyət bacarığının vacib hissəsi hesab olunur. Buna görə də 言わぬが花 deyimi yaponların dolayı danışıq tərzi və qarşılıqlı hörmət prinsipi ilə sıx bağlıdır.

Gülşən Cabbarlı @yaponaz

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.