Yapon dilində 会う(あう) feli “görüşmək” mənasını ifadə edən ən əsas fellərdən biridir. Lakin bu məna ilə əlaqəli başqa fellər də mövcuddur və onların hər biri fərqli vəziyyətlərdə işlədilir. Azərbaycan dilində bu fellərin əksəriyyəti “görüşmək”, “qarşılaşmaq” və ya “rastlaşmaq” kimi tərcümə olunsa da, yapon dilində onların məna çalarları və işlənmə sahələri bir-birindən fərqlənir.
Məsələn, dostla görüşmək üçün 会う, ilk dəfə tanış olmaq üçün 出会う, bədbəxt hadisə ilə qarşılaşmaq üçün 遭う, uzun illərdən sonra və ya taleyin qismət etdiyi görüş üçün 巡り会う, əvvəlcədən razılaşdırılmış yerdə görüşmək üçün isə 落ち合う işlədilir.
Bu məqalədə bu fellərin mənasını, işlənmə xüsusiyyətlərini və aralarındakı fərqləri öyrənəcəyik.

1. 会(あ)う
Mənası: 会う yapon dilində “görüşmək” mənasını ifadə edən ən ümumi feldir. Əvvəlcədən planlaşdırılmış və ya adi görüşlər üçün istifadə olunur.
İnsanlarla görüşmək, söhbət etmək və ya onları ziyarət etmək kimi gündəlik hallarda bu fel işlədilir.
Nümunə:
五時(ごじ)に駅前(えきまえ)で会(あ)おう。
Tərcümə:
Saat beşdə stansiyanın qarşısında görüşək.
2. 逢(あ)う
Mənası: 逢う oxunuş baxımından 会う ilə eyni olsa da, daha çox emosional əhəmiyyət daşıyan görüşləri ifadə edir.
Bu yazılışa əsasən romanlarda, mahnı sözlərində və romantik mətnlərdə rast gəlinir.
Nümunə:
明日(あした)、彼女(かのじょ)に逢(あ)う。
Tərcümə:
Sabah sevgilimlə görüşəcəyəm.
Gündəlik danışıqda əksər hallarda 会う istifadə olunur. 逢う isə görüşün emosional dəyərini vurğulayır.
3. 遭(あ)う
Mənası: 遭う xoşagəlməz hadisə və ya bədbəxt vəziyyətlə qarşılaşmaq mənasını bildirir.
Bu fel yalnız mənfi hadisələr üçün işlədilir.
:max_bytes(150000):strip_icc()/GettyImages-641415290-a7033166eb9c4fa0bca8dbf56a87e339.jpg)
Nümunə:
交通事故(こうつうじこ)に遭(あ)う。
Tərcümə:
Yol-nəqliyyat qəzasına düşmək.
DİQQƏT! 遭う insanlarla görüşmək üçün işlədilmir.
❌ 友達に遭う
✔ 友達に会う
4. 出会(であ)う
Mənası: 出会う ilk dəfə tanış olmaq, təsadüfən rastlaşmaq və ya gözlənilmədən qarşılaşmaq mənasını ifadə edir.
Bu fel həm insanlar, həm də insanın həyatında mühüm rol oynayan hadisələr, kitablar və fürsətlər haqqında işlədilə bilər.
Nümunə:
道(みち)で旧友(きゅうゆう)に出会(であ)った。
Tərcümə:
Yolda köhnə dostumla təsadüfən rastlaşdım.
出会う feli 会う ilə müqayisədə daha çox ilk tanışlıq və ya gözlənilməz qarşılaşma mənası verir.
5. 巡(めぐ)り会(あ)う

Mənası: 巡り会う uzun müddət sonra yenidən görüşmək və ya taleyin gətirdiyi xüsusi qarşılaşmanı ifadə edir.
Bu fel 出会う ilə müqayisədə daha poetik və emosionaldır.
Nümunə:
1.
三十年(さんじゅうねん)ぶりに姉妹(しまい)が巡(めぐ)り会(あ)う。
Tərcümə:
Bacılar otuz ildən sonra yenidən görüşürlər.
2.
幸運(こううん)に巡(めぐ)り会(あ)う。
Tərcümə:
Böyük bir şansla qarşılaşmaq.
6. 落(お)ち合(あ)う
Mənası: 落ち合う əvvəlcədən razılaşdırılmış yerdə görüşmək və ya bir araya gəlmək deməkdir.
Nümunə:
喫茶店(きっさてん)で落(お)ち合(あ)う。
Tərcümə:
Kafedə görüşmək.
7. 遭遇(そうぐう)する
Mənası: 遭遇する rəsmi və yazılı üslubda işlənən feldir. Gözlənilməz hadisə və ya vəziyyətlə qarşılaşmaq mənasını ifadə edir.
Bu fel daha çox xəbərlərdə, rəsmi sənədlərdə və elmi mətnlərdə işlədilir.
Nümunə:
登山中(とざんちゅう)に熊(くま)に遭遇(そうぐう)した。
Tərcümə:
Dağa qalxarkən ayı ilə qarşılaşdıq.
Unutmayın:
Yapon dilini öyrənənlərin ən çox qarışdırdığı fellərdən biri 会う və 出会う felləridir.
会う ümumi mənada “görüşmək” deməkdir və planlaşdırılmış görüşlər üçün istifadə olunur.
出会う isə ilk dəfə tanış olmaq və ya gözlənilmədən qarşılaşmaq mənasını ifadə edir.
| Fel | Mənası | İşlənmə sahəsi |
|---|---|---|
| 会う | Görüşmək | Gündəlik və planlaşdırılmış görüşlər |
| 逢う | Xüsusi insanla görüşmək | Romantik və ədəbi üslub |
| 遭う | Mənfi hadisə ilə qarşılaşmaq | Qəza, bədbəxt hadisə |
| 出会う | İlk dəfə tanış olmaq | İnsanlar, kitablar, fürsətlər |
| 巡り会う | Taleyin qismət etdiyi görüş | Poetik və emosional mətnlər |
| 落ち合う | Razılaşdırılmış yerdə görüşmək | Planlaşdırılmış buluşmalar |
| 遭遇する | Gözlənilməz hadisə ilə qarşılaşmaq | Rəsmi və yazılı üslub |
Azərbaycan dilində bu fellərin əksəriyyəti “görüşmək” və ya “qarşılaşmaq” kimi tərcümə olunsa da, yapon dilində hər birinin özünəməxsus işlənmə sahəsi vardır.
Gülşən Cabbarlı @yaponaz

Bir şərh yazın