Yapon dilində bədən üzvləri ilə yaranan idiomlar (慣用句・かんようく) dilin ən maraqlı xüsusiyyətlərindən biridir. Bu ifadələrin mənasını sözbəsöz tərcümə etməyə çalışdıqda isə çox vaxt yanlış nəticə alınır.
Məsələn, 頭が痛い(あたまがいたい) ifadəsini ilk dəfə görənlərin əksəriyyəti bunu “başım ağrıyır” kimi başa düşür. Halbuki bu ifadə çox vaxt fiziki ağrı deyil, insanı narahat edən problem və ya çıxılmaz vəziyyət haqqında danışarkən işlədilir.
Eyni şəkildə 頭が上がらない(あたまがあがらない) ifadəsi də “başını qaldıra bilməmək” deyil, kiməsə qarşı minnətdarlıq, hörmət və ya özünü borclu hiss etmək mənasını ifadə edir.
Bu məqalədə 「頭」 ilə yaranan dörd geniş yayılmış ifadənin mənasını, istifadə qaydasını və onların arasındakı incə fərqləri öyrənəcəyik.
1. 頭(あたま)が上(あ)がらない
Mənası : Kiminsə etdiyi yaxşılıq, göstərdiyi dəstək və ya malik olduğu üstün mövqe səbəbindən onun qarşısında özünü borclu hiss etmək, ona qarşı etiraz edə və ya sərbəst davrana bilməmək.
Bu ifadə yapon cəmiyyətində hörmət və minnətdarlıq hissini ifadə edən idiomlardan biridir.

先生(せんせい)には昔(むかし)からお世話(せわ)になっているので、頭(あたま)が上(あ)がらない。
Tərcümə: Müəllimim uzun illər mənə kömək etdiyi üçün onun qarşısında özümü həmişə borclu hiss edirəm.
2. 頭(あたま)が痛(いた)い
Mənası: 頭が痛い ifadəsinin hərfi mənası “baş ağrıyır” olsa da, gündəlik yapon dilində çox vaxt məcazi mənada işlədilir. İnsanı uzun müddət düşündürən, narahat edən və ya həlli çətin görünən problemlərdən bəhs edərkən istifadə olunur. Bu ifadə fiziki ağrıdan çox, problemin yaratdığı psixoloji gərginliyi ifadə edir.

もうすぐ卒業(そつぎょう)だが、まだ仕事(しごと)が見(み)つからなくて頭(あたま)が痛(いた)い。
Tərcümə:
Məzun olmağıma az qalıb, amma hələ də iş tapa bilmədiyim üçün çox narahatam.
3. 頭(あたま)が下(さ)がる
Mənası: 頭が下がる ifadəsi kiminsə zəhmətinə, əzmkarlığına, fədakarlığına və ya yüksək mənəvi keyfiyyətlərinə dərin hörmət və ehtiram bəslədikdə işlədilir. Hərfi mənası “baş aşağı enir” olsa da, məcazi mənada “baş əyəcək qədər hörmət etmək” deməkdir. Bu idiom yapon dilində qarşı tərəfə olan yüksək qiymətləndirməni ifadə edən nəzakətli ifadələrdən biridir.

彼女(かのじょ)は雨(あめ)の日(ひ)も風(かぜ)の日(ひ)も休(やす)まずにテニスの練習(れんしゅう)をする。あの努力(どりょく)には頭(あたま)が下(さ)がる思(おも)いだ。
Tərcümə:
O, yağışlı da olsa, küləkli də olsa məşqlərini buraxmır. Onun bu əzmi və zəhməti qarşısında yalnız hörmət hissi keçirmək olar.
4. 頭(あたま)が固(かた)い
Mənası: 頭が固い ifadəsi yeni fikirləri qəbul etmək istəməyən, köhnə düşüncə tərzinə bağlı qalan və dəyişikliklərə açıq olmayan insanlar haqqında işlədilir. Bu idiom insanın düşüncə çevikliyinin az olduğunu və hadisələrə yalnız bir baxış bucağından yanaşdığını ifadə edir.

部長(ぶちょう)は頭(あたま)が固(かた)いから、新(あたら)しい仕事(しごと)の企画(きかく)を提案(ていあん)しても、聞(き)いてくれないだろう。
Tərcümə:
Şöbə müdiri köhnə düşüncəli biridir. Ona yeni layihə təklif etsək də, yəqin ki, bizi dinləməyəcək.
Gülşən Cabbarlı @yaponaz

Bir şərh yazın