Maraqlı, bir o qədər də informativ iki bölümün sonunda, nəhayət ki, sıra üçüncü bölümə gəlib çatdı. Bu jurnalın fərqliliyi ondan ibarətdir ki, yalnız bir səhifədə qalaraq bir-birindən maraqlı məqalələr ilə tanış ola bilərsiniz.

Məqalələr yapon.az saytına aiddir.
Başlıqlar:
- Fuci dağının adının yaranma tarixi
- Dəmiryolu xəttini xilas edən pişik
- Cizo heykəlcikləri
- Amaterasu Omikami
- Marafon zamanı “yoxa çıxmış yapon”: Şizo Kanakuri
1.Fuci dağının adının yaranma tarixi
Heç şübhəsiz Yaponiya dedikdə hamının ilk ağlına gələnlərdən biri görünüşü ilə hamını heyran edən Fuci dağıdır. Əzəmətli Fuci dağının adının necə yarandığını bilirsinizmi?

Yaponiya mədəniyyəti ilə maraqlananların çoxu yəqin ki, “Kaquya Hime” nağılını bilir. Dağın adı da məhz bu nağıldan yaranıbdır.
Nağılda Kaquya Hime, Aya getməzdən qabaq ailəsinə “不死の薬” (Fuşi no Kusuri)- “Ölümsüzlük dərmanı“nı hədiyyə qoyur. Lakin ailəsi çox üzüldüyü üçün dərmanı içmədən ölürlər. Kaquyaya aşiq olan imperator isə Kaquya Himenin olmadığı bir dünyada ölümsüz olmağın bir mənası olmadığını düşünərək, hündür bir dağın başında bu dərmanı yandırır. Beləcə də bu dağın adı “不死の山” (Fuşi no Yama) adından “富士の山”(Fuci no Yama) adına, sonra isə “Fuci san” adına çevrilir.
Xəyalə Əlizadə © yapon.az

2. Dəmiryolu xəttini xilas edən pişik🐾
Bu hekayə 1990-cı illərin sonunda Tama adlı körpə kaliko (basqın bir ağ rəngin üstündə sarı və qara rəngli nöqtəciklər və ya nağışların olduğu pişiklər beləadlandırılır. Bir pişik cinsini deyil, rəng şablonu təyin etmək məqsədilə işlədilir) pişiyilə başladı. Körpə pişik, vilayət sakinlərini bölgənin mərkəzi olan Vakayama şəhərinə bağlayan 14 stansiyadan ibarət 14.4 km-lik qatar xəttinin sonu – Kişiqava stansiyasının yaxınlığında yaşayırdı və mütəmadi olaraq dəmiryolu sərnişinlərilə əylənir, onların sevgisini qazanmışdı. İllər keçdikcə Tamanın şirin təbiəti və fotogenik xüsusiyyətləri onu şəhər sakinləri arasında da məhşur edir və onu Kişiqavanın “stansiya rəisi” olaraq adlandırmağa başlayırlar. Lakin 2000-ci illərin ortalarında mailiyyə problemləri səbəbindən dəmiryolu xəttinin bağlanması təhlükəsi yaranır və 2006-ci ildə 14 stansiyanın fəaliyyəti dayandırılır.
Ancaq xoşbəxtlikdən bu, dəmiryolu xəttinin və sevimli pişiyin sonu deyildi. 2006-cı ildə Vakayama Elektrik Dəmiryolu şirkətinin hazırkı rəhbəri Mitsunobu Kojima sakinlərə rəhbər dəyişikliyi ilə əlaqəli məlumat verdikdən sonra Kişiqava stansiyasının yenidən canladırılması üçün fəaliyyətə başladı. Vakayama Elektrik Dəmiryolu şirkətinin rəhbəri Yamaki işdən ayrılmadan öncə dəmiryolu xəttinə Tamanın nəzarət etməsini istədi. “Rəhbərimiz həmişə daha çox itləri sevib, amma Tama ilə tanış olduqdan sonra bir pişik sevdalısı oldu”, – deyə Yamaki bəhs edirdi.
Böyük məmnuniyyətlə Tamanı qəbul edən yeni rəhbər Mitsunobu Kojima bir müddət sonra sevimli pişiyi üçün xüsusi hazırlanmış stansiya rəisi papağı sifariş edir və 2007-ci ilin yanvar ayında, Yaponiyanın ilk pişik stansiya rəisi olacaq, Tamaya rəsmi olaraq “Kişiqava stansiyasının rəisi “ adını verir.

Stansiya rəisi olaraq Tamanın vəzifələrindən bir neçəsi stansiyanın siması olmaq, tanıtma materialları və mediada yer almaq, bəzən bilet masasından, bəzən də öz “kabinet”inin pəncərəsindən sərnişinləri salamlamaq, yataq və zibil qabının kənarında durub onları izləmək idi. Tama sərnişinlər və stansiya işçiləri tərəfindən o qədər sevilirdi ki, onun boyalı portreti vəzifədə olduğu Kişi stansiyasının hədiyyəlik əşya dükanında hələ də asılı vəziyyətdə durur. Dükanı ziyarət edənlər hətta Tama təsvirli döş nişanları, açarcıqlar və Tama şəkərləri də ala bilərlər.
“Maaş” əvəzinə Tama doyunca pişik yeməklərilə bəslədilirdi. 2008-ci ildə 2 illik iş təcrübəsindən sonra Tamanın vəzifəsi artaraq “Super Stansiya Meneceri” olur və hətta o, prefekturanın qubernatoru tərəfindən cəngavər olaraq qəbul edilir. Bu hadisədən sonra Tamaya tünd göy rəngli və gipürlü mərasim xalatı geyindirilir, minlərlə turist onu görmək üçün kiçik və tək platformalı stansiyaya gəlməyə başlayır.

Yaponiyanın Kansai Universiteti Mühasibatlıq Məktəbinin professoru Katshiro Miyamoto tərəfindən 2008-ci ildə aparılan araşdırmaya görə, Tamanın stansiyada fəaliyyət göstərməsi təkcə 2007-ci ildə 55 mindən çox sərnişin cəlb edib və bu gözləniləndən çoxdur. 2007-2015-ci illər müddətində stansiya rəisi Tama yerli iqtisadiyyata 1.1 milyard yenə qədər töhfə vermişdir.
Bölgə əhalisinin Tama pərəstişkarlığından yararlanaraq dəmiyolu şirkəti 2010-cu ildə qatarın daxilində və xaricində Tama görünüşlü təsvirlər yaratmaq üçün mükafatçı sənaye dizayneri Eiji Mitookayı dəvət etdi və “Tamaden” adlı yeni dəmiryolu stansiyası doğuldu.

Tama 2015-ci ildə, 16 yaşında ürək çatışmazlığından vəfat edir və Yaponiyanın ən nüfuzlu Tv prqramları, qəzet, jurnallarında onun haqqında danışılırdı . Stansiyada minlərlə insan onun cənazəsinə qatılır, çiçək dəstələri və tuna balığı konservləri qoyurdular. “Möhtərəm Əbədi Stansiya Rəisi”, indi də adlandırıldığı kimi, daha sonra Kişi platformasında yerləşdirilmiş, kibrit qutusu boyda məbədciklə anılmağa başlandı. Şinto dininin ənənəsinə uyğun olaraq, Tama “Vakayama Elektrik Dəmiryollarının Tanrısı” statusuna qədər yüksəldi. 2017-ci ildə Tamanın 18-ci doğum günü şərəfinə xatirə olaraq “Google Doodle”ı belə vardı. Ölümündən 4 il sonra tvitter hesabında 80 mindən çox izləyicisi var və hələ də artmaqdadır.

Hal-hazırda Tamanın köhnə “şagirdləri”ndən ikisi, səkkiz yaşlı Nitama (sözün əsl mənasında iki Tama ) və 4 yaşlı Yontama (yəni dörd Tama) 5 stansiyada pişik assistant olaraq fəaliyyət göstərirlər. Hər ikisi də həftənin 2 günü tətil olmaqla, gün ərzində saat 10:00-dan 16:00-dək işləyirlər. Yontama həftənin bazar ertəsi və cümə günlərini, Nitama isə həftənin çərşənbə və cümə axşamı günlərini istirahət üçün ayırırlar. Bəs üçüncü Tama nə edir? O, hal-hazırda Yaponiyanın Okayama Elektrik Tramvayının əməkdaşıdır və Okaden muzeyinin direktoru vəzifəsini icra edir.

Tama və onun xələfləri Kişiqava xəttinin yenidən canlanmasında önəmli rol oynasalar da, Yamaki dəmiryolunun yenidən canlanmasında təkcə pişiklərin rolu olmadığını qeyd edirdi. Dəmiryolunun dizayneri daha çox turist cəlb etmək üçün çiyələk (İçiqo denş(y)a) və ərik turşusu (Umeboşi denşya) təsvirləri olan vaqonları kirayələmişdi. Hər iki meyvə Vakayama bölgəsinin ən məhşur meyvələridir.
2009-cu ildə dizayner Mitooka Kişi stansiyası üçün Tamanın başı şəkilində bina tikdirdi. Binanın damı Tamanın qulaqları, girişi Tamanın ağzı və oval pəncərələr isə Tamanın gözlərinə bənzəyirdi. Gecələr işiqlar yanarkən oval pəncərələr işıq saçaraq sarı rəngə boyanırdı.
Məhz baş verən bu və buna bənzər hadisələr sayəsindədir ki, tarix boyunca pişiklər mənəvi canlılar və Yaponiyanın uğur simvolu olaraq qəbul edilir. Məhşur Maneki Neko pişik heykəlciklərinin “sol əli ilə əl salamlaması” ifadəsinin şirkətlərə böyük qazanc gətirdiyini bir çoxları söyləyir. Elə ona görədir ki, bu heykəlciklər Yaponiyada hətta bütün dünyada vitrinlərdə yer alıb. Bundan başqa, Yaponiyada pişiklərə həsr olunmuş türbələr və heykəllər də var. Kaqoşimadakı Nekoqami (Pişik Tanrısı) ziyarətgahı iki pişiyin hərbi xidmətlərinin feodal şərəfinə onların sərkərdəsi tərəfindən müqəddəsləşdirilib. Pişiklərin sərbəst yaşadığı 10-dan çox pişik adalarının, Tokioda pişik kafelərinin mövcudluğu turistlər üçün cəlbedicidir.

Aytən Səfərova © yapon.az

3.Cizo heykəlcikləri
və ya Cizo bosatsu…
Cizo bodhisattva (bosatsu) sanskrit dilində Kşitigarbha, yapon dilində isə 地蔵 adlanır. Kşitigarbha Uzaq şərqi Asiya ölkələrinin buddizmində hörmət edilən dörd əsas bodhisattva`dan (hərfi tərcümədə təmizlənmiş oyanmış şüur red.) biridir. Bütövlükdə, Kşitigarbha özündə canlı varlıqların qurtarmaq üçün verdiyi əhdi (elə gücə sahibdir) təcəssüm etdirir. Belə ki, o canlı varlıqların hər birini xilas etmədən budda olmayacağı əhdini vermişdir.

Cizo heykəlciklərini Yaponiyanın hər yerində görə bilərsiniz. Getdiyiniz zaman yol kənarlarında bu, balaca, şirin heykəlləri görsəniz təəccüblənməyin. Bəs, bu heykəllərin mahiyyəti nədir?!

Bu balaca heykəlciklər nə qədər şirin görünsələr də, insanları hüzünə boğan mənaya sahibdirlər. Yaponiyada bu, heykəlcikləri valideyinlərindən əvvəl ölən körpələrin məzarının yanına, yollara və ya məbədlərə qoyurlar. Heykəlciklər Cizo tanrısı adlandırılır və adətən hamilə qadınlar və ölən körpələrin valideynləri bu, heykələ dua edirlər. Yaponların inancına görə, Cizo tanrısı ölən körpələrin ruhunu qoruyur və onlara rahatlıq bəxş edir. Onlara təşəkkürlərini bildirmək üçün isə, heykəllərə balaca papaqlar, önlüklər toxuyub geyindirirlər.
Gülşən Cabbarlı © yapon.az

Biraz fasilə 🎶

4. Amaterasu Omikami
Oyun konsolu üçün bir oyun…
2006-ci il aprelin 20-i Yaponiyada “Playstation-2” oyun konsolu üçün yeni bir oyun buraxılır. Oyun “Okami” (大神 – hərfi “böyük allah”, “böyük ruh” və ya “canavar” (狼) red.) adlanırdı. Bir müddət sonra oyun ingilis dilinə tərcümə olunaraq, Qərbdə də satışa buraxılır və “Playstation-2” buraxılışından əlavə “Nintendo Wii” oyun konsolu üçün də diskləri hazırlanır. Oyun çox maraqla qarşılanır, çünki bu oyunda qeyri-adi üslubdan istifadə olunur. Oyunun qrafikası qədim yapon şəkillərinə bənzəyirdi, hər bir element fırça ilə çəkilmiş kimi görünürdü. Musiqi də milli yapon musiqiləri üslubunda hazırlanmışdı.

Oyunun süjet xətti isə qədim Yaponiya əfsanələrini əks etdirirdi. Əsas qəhrəman Amaterasu adlı ağ canavar idi. Oyunda o, qədim Yaponiyanı Yamato no Oroçi (八岐の大 – səkkiz başlı böyük ilan) adlı əjdahadan xilas edir. Amaterasu`nun bu obrazı anime və Yaponiya istehsalı olan video-oyunları sevənlər arasında çox məşhur oldu. Lakin bir çoxları bilmirdi ki, əslində oyunun süjet xətti uydurma deyil, qədim şinto əfsanələrinin bir balaca dəyişdirilmiş formasıdır və Amaterasu əslində canavar deyil, şinto mifologiyasında Günəş və Kainat tanrısıdır.

Bu oyun Amaterasu adını istifadə edən yeganə mənbə deyil. Belə ki, bir çox digər oyun, manqa və animelərdə bu ada rast gəlmək olar. Misal üçün; Amaterasu obrazı “Dream Saga” manqasında vardır. “One Piece” animesində Kizaru “Amaterasu” adlanan texnikası ilə öz rəqiblərini kor edirdi. Yaponiyada çox məşhur olan “God eater” oyununda bədəninin yuxarı hissəsi qadın, aşağı hissəsi isə nəhəng hörümçəyə bənzəyən “Amaterasu” adlanan varlıqlara rast gəlmək mümkündür. “Playstation-2” oyun konsulu üçün buraxılmış “Şin Meqami Tensey: Persona-4” oyununda da Yukiko Amagi adlı qəhrəmanın Persona`sının (oyunda ruhlara bənzər varlıqlar belə adlanır) adı Amaterasu`dur. Bir çoxlarının tanıdığı “Naruto” anime serialında Uçiha qəbiləsinin nümayəndələri “Amaterasu” adlanan texnika ilə öz rəqiblərini qara alovla yandırırlar.
Kospley festivallarında da tez-tez ağ rəngli Amaterasu kimi bəzədilmiş canavarlara rast gəlmək olar.
İmperator ailəsinin əcdadı
Şinto əfsanələrinə görə, Yaponiyanın imperator ailəsinin əcdadı məhz Amaterasu Omikami`dir. Bu inanc 1946-cı ilə qədər öz qüvvəsini saxlamışdır. 1946-cı ildə imperator Hirohito (裕仁) “Ningen Sengen” (人間宣言) adlı bəyannamə imzalayır. Bəyannamə akitsumikami (現御神) konsepsiyasını rədd edir, yəni, imperator ailəsinin mənşəyinin mifologiya ilə bağlı olmadığını bildirirdi.
Sənədin təfsiri ilə məşğul olanların bir çoxu məhz bəyannamədə “arahitoqami” yerinə “kitsumikami” sözünün işlədilməsini faktiki olaraq, imperatorun Amaterasu`dan törədiyini inkar etmədiyini düşünürdü. Lakin şintoizmə görə təkcə imperator deyil, eyni zamanda, bütün yaponlar mənşəyini tanrılardan alır. Bu barədə imperator Hirohito 1945-ci ildə nitqində vurğulayıb: “Yaponların allahlardan törədiyini inkar etmək qəbul ediləndir, lakin İmperatorun Tanrının nəsli olduğunu tamamilə danmaq olmaz” (red.).

Amaterasu Omikami – Günəş və Kainat tanrısı
İndi isə şinto mifologiyasında tanınan Amaterasu obrazına nəzər yetirək. Amaterasu Omikami, Amaterasu Okami (天照大神) (tenterudaicin) – Günəş allahı) və ya Ōhirume-no-muçi-no-kami (大日孁貴神) Günəş və Kainat ilahəsidir. Heroqliflərə əsasən, adı hərfi mənada “göyü işıqlandıran böyük kami”, “cənnətdə parıldayan” deməkdir. Amaterasu`ya, həmçinin, düyünün hazırlanması və ipəyin alınması qaydası, toxuma alətinin ixtiraçısı kimi sitayiş edirdilər.
Qədim təsvirlərdə onu, adətən, çox uzun qara saçlı qadın kimi təsvir edirdilər.
Qədim Uzaq Şərqdə, xüsusən də, Koreya və Çində şamanizm çox populyar idi və bu iki ölkənin əhalisi Günəş tanrılarına sitayiş edirdilər. Koreyada bu tanrının adı Hae-nim, Çində isə Hsi-ho idi. Bu inanc qədim Yaponiyada da mövcud idi. Lakin Koreya və Çində vaxt ötdükcə və digər daha yeni dinlərin (buddizm, daosizm) təsiri gücləndikcə bu tanrılara inanclar azalmağa başladı. Lakin Yaponiyada Amaterasu`ya sitayiş bütün tarix boyu davam etdi və bu günə qədər də davam edir. Onu da qeyd etmək lazımdır ki, hazırda Şintoizm Yaponiyada daha çox din deyil, milli adət-ənənə kimi və matsuri (祭) adlanan şinto festivalları zamanı yada salınır.
Amaterasu haqqında ən qədim əlyazmalar Kociki (古事記 ) və Nihongi (日本紀) kitablarında əks olunub. Yazılara əsasən, Amaterasu və digər iki kamilər Susanoo (dəniz və fırtınalar allahı – 須佐之男/ katakanada – スサノオ) və Tsukuyomi (ay allahı – 月読 ) İzanagi`dən (イザナギ – şinto əfsanələrinə əsasən, Yaponiya adalarının yaradıcısı və bir çox kamilərin atası) yaranıblar. Əfsanəyə görə, İzanagi sol gözünü yuyarkən Amaterasu, sağ gözünü yuyarkən Tsukuyomi, burnunu yuyarkən isə Susanoo yaranıb. Amaterasu və Tsukuyomi göyə qalxaraq oranın hökmdarları olurlar. Lakin Tsukuyomi qida ilahəsi Uke no Moçi (保食神) öldürdükdən sonra, Amaterasu ilə aralarında baş verən mübarizə onu Tsukuyomi`dən uzaqlaşdırır, beləliklə də, gündüz və gecə yaranır.
İnanclara görə, Amaterasu öz nəvəsi Ninigi`yə müqəddəs güzgü yata no kaqami (八咫鏡), daş-qaş yasakani no maqatama (八尺瓊曲玉 və ya 八坂瓊曲玉) və qılınc kusanagi no tsurugi (草薙の剣) vəsiyyət edir və bu üç müqəddəs əşya Yaponiya imperatorlarının reqaliyası (reqaliya – latın dilindən tərcümədə hər hansı bir insanın nailiyyətlərini təsdiqləyən bir sənəd və ya əşya) hesab olunur.
Məbədlər


Yaponiyanın müxtəlif ərazilərində Amaterasu Omikami`nin məbədləri var lakin onlardan ən tanınmış və əsası İse Cinqu (伊勢神宮) məbədidir. Bu məbəd ümumiyyətlə Yaponiyanın əsas şinto məbədi hesab olunur. Məbəddə 100-ə yaxın kahin vardır.
Bu, məbəddə müqəddəs güzgü Yata no kagami bu günə qədər qorunur. İse Cinqu çox hündür divarlarla mühafizə olunur və ora giriş qadağandır. Yalnız imperator, onun xanımı və yüksək rütbəli kahinlər bu məbədə daxil ola bilərlər. Hər 20 ildən bir məbəddə Amaterasu`nun şərəfinə Şikinen Senqu (式年遷宮) adlanan mərasim keçirilir. Bu mərasim zamanı məbədin taxtadan tikilmiş əsas tikilisi dağıdılır və yerində yenisi tikilir. İnanclara görə, bütün kamilər hər şeyin yenisini və təmizini sevirlər. Mərasim də məhz bu inanclara əsaslanaraq, 690-cı ildən etibarən bu günə qədər hər 20 ildən bir keçirilir.
Amaterasuya sitayiş etmək bəzən “Günəşpərəstlik” də adlandırılır.
Hüseyn Əskərov © yapon.az

5.Marafon zamanı “yoxa çıxmış yapon”: Şizo Kanakuri
Pyer de Kuberten Olimpiya Oyunlarını yaradanda bu yarışların qlobal xarakterli olmasını məqsəd qoymuşdu. Amma ilk 4 yarışda heç bir Asiya atletinin qatılmaması narahatçılıq doğururdu.
Nəhayət təqvim 1912-ci ili göstərəndə Yaponiyada Stokholma 2 atlet göndərməyə qərar verdi: Mişima Tahiko və Şizo Kanakuri.

Kanakuri marafonçu idi, onu Yaponiyada “marafonun atası” adlandırırdılar. Kanakurinin Stokholm səyahəti düz 18 gün çəkmişdi. Üstəlik, yerli qidalara heç cür öyrəşə bilməmişdi. Marafon yarışı zamanı hava o qədər isti idi ki, yarışın ortasında huşunu itirmiş və bir əkinçi ailəsi bir müddət onun qayğısına qalmışdı. Qəribəsi odur ki, yaşadığı utancdan o qədər pis olmuşdu ki, Yaponiyaya qayıdanda təşkilatçılara xəbər verməmişdi və düz 50 il isveçli təşkilatçılar onu “itkin” hesab etmişdilər.
Ancaq 1962-ci ildə onun Yaponiyada yaşadığını kəşf etdilər. İsveçin telekanallarından biri 1967-ci ildə Kanakuriyə yarışı tamamlamağı təklif etdi və Kanakuri bu təklifi qəbul etdi. Onun marafonu başa çatdırması düz 54 il, 8 ay, 6 gün, 5 saat, 32 dəqiqə, 20.3 saniyə çəkdi.

Kanakuri marafonu başa çatdırmasını bu sözlərlə qeyd edib: “Uzun səyahət idi. Yolda evləndim, 6 uşağım və 10 nəvəm oldu“.
Serkan Şentürk © yapon.az

YaponAz Elektron Yaponiya jurnalı (İçindəkilər) – Yapon Dili Saytı üçün bir cavab yazın Cavabı ləğv et