Ilk bölüm jurnalımızı bəyənmisinizsə əmin olun ki, ikinci bölüm də ilk bölüm qədər maraqlı olduğuna görə sizə, xoş mütaliə dəqiqələri yaşadacaq. Heç uzağa getmədən, yalnız bir səhifədə qalaraq məqalələr ilə tanış ola bilərsiniz.

Məqalələr yapon.az saytına aiddir.
Başlıqlar:
- “Var olmaq üçün bir səbəb”: “İkiqai”
- Yaponiya adının bilinməyən tarixi
- Gözə görünməyən qırmızı ip
- Yaponiya mədəniyyətinin özünəməxsus nümunəsi : çay mərasimləri
- Uta-qaruta: 100 adam, bir şeir
1. “Var olmaq üçün bir səbəb”: “İkiqai“
“İkiqai” termini səhər səni yerindən durğuzan şeyi tərif edir. Bu iş də ola bilər, ailən də, hətta çox sevdiyin hobbin də. Bir növ, “yaşamaq məqsədi” deməyin daha sadə formasıdır.
Gecə qatarında qarşımdakı oturacağa yayxanmış adam artıq yuxuya getmişdi, telefonun zəngi qulaqlarına çatmırdı, yanındakı sərnişinlərin baxışları isə vecinə deyildi. Ona gecə gəzintisindən qayıdan sərxoş tələbə demək olmazdı. Qırışmağına baxmayaraq, şıq kostuyumundan və çıxardığı cilalı ayaqqabılarından (sərxoşluğun dibində belə bu adəti tərgidə bilməzsiniz) şirkət işçisi olduğunu, özü də işində uğurlu olduğunu anlamaq olardı.

Tokioda gecə vaxtı belə mənzərələrlə rastlaşmaq adi haldır: şirkət işçilərinin əndirabadi formalı bədənləri oturacaqlara sərələnir, qapı ağızlarında yıxılır, stansiyalarda orda-burda görünür. Bu dağılmış halları İnstagram səhifələrində viral olur, tez-tez fotoqraflar tərəfindən ölümsüzləşdirilir. Axşam gec saatlara qədər çalışdıqları və işdən sonra yoldaşları tərəfindən içki içməyə şirnikləndirildikləri üçün çoxları evə gedən qatara çata bilmir və küçədə gecəməli olur. Çox gülməli görünsə də, əslində, bu tablo bir millətin işləməyə həddən artıq bağlı olmağını əks etdirir. Yavaş-yavaş yerli olmayanlar üçün də bu mənzərə adiləşməyə başlayır. Amma yaşı ötmüş taksi sürücüləri, həmişə işləyən mağaza satıcıları və son saatları güdənlər gecəyə qarışanda, Yaponiyanın geniş iş etikası gözə batmağa başlayır. Deyə bilərik ki, iqtisadi səbəblər Yaponiyanın iş-həyat qeyri-mütənasibliyində əsas rolu oynayır, lakin eyni zamanda, “ikiqai” də bu məsələnin kökü və həllinə açar ola bilər: “əgər bir şirkətdə işləyirsinizsə, böyük ehtimalla artıq şirkəti “ikiqai”niz etməyə itələnmisiniz”.
“İki” (生き) – “həyat” və “qai” (甲斐) – “dəyəri”/ “ona dəyən” sözlərindən ibarət “ikiqai” (生き甲斐) termini “insanı hər səhər yuxudan oyadıb hərəkətə keçirən böyük enerji və arzu” deməkdir. Bu iş də ola bilər, ailən də, hətta çox sevdiyin hobbin də. Bir növ, “var olmaq üçün bir səbəb” deməyin daha sadə formasıdır.
Keçmiş korporasiya işçisi Masataka Şintokudan bu qədim termini izah etməyini istəyəndə deyir:
“Bu sənin yaşamaq səbəbindir. Əgər işləyəndə kefin kök olursa, o, “ikiqai”n ola bilər. Həmçinin, ailəni sevirsənsə və onlar üçün nəsə edə bilirsənsə, bu da “ikiqai”dir.”
Baxmayaraq ki, beynəlxalq arenada bu motivasiya verən, tərcüməsi olmayan söz kimi geniş maraq doğurub, sözün ana vətəni təxəyyüllə reallığı birləşdirməyə çətinlik çəkir. Həyatı yaşamağa dəyər edən dərin motivasiyalı sözün kəşfi ilə sutkanın 14 saatını kompyuter ekranının qarşısında keçirmək arasındakı kəskin fərq aydın görünür. Amma Yaponiyanın 20-ci əsrdəki sürətli inkişafını nəzərə alanda o qədər də inanılmaz görünmür.
Düz 14-cü əsrə və uzun müddət davam edən mənsəbə fokuslanan iyerarxiya sistemini əsas götürən cəmiyyətdən gələn söz, bir də 1912-ci ildə Natsume Sosekinin “Kokoro” kitabı ilə müasir dünyada diqqət çəkməyə başladı. “Hər şeyin qəlbi” mənasına gələn əsər gənc tələbənin yaşlı məsləhətçisi ilə birgə özünükəşf səyahətindən bəhs edir. Meici erasının sonunda Yaponiyanın özünütəcriddən əl çəkib, beynəlxalq və indistrual dünyaya qapılarını açdığı dövrdə nəşr edilən “Kokoro” milləti yeni həyat tərzini mənimsəməyə itələdi.

Terminin mənası bir çox araşdırmalar və yazılarla cəmiyyətin gözündə bulanıqlaşdırılsa belə, yavaş-yavaş daha ali məqsədlər üçün sui-istifadə edilməyə başlanılırdı. Honq Konqdakı Çin Univerersitetinin antropatoloqiya kafedrasının professoru Qordon Matyu qeyd edir ki, müəyyən limitlər və mükafatlar qoymaqla, cəmiyyətin ümumi maraqları xeyrinə “fərdlərin bir “ikiqai” yolundan digərinə keçmələrinə şərait yaradılır.”
İqtisadi uğur dövründə əsas rolu artan iş əmsalı oynayırdı. Matyu izah edir ki, “ikiqai” üçün ciddi təzyiq var idi. Əgər bir şirkətdə işləyirsinizsə, böyük ehtimalla artıq şirkəti “ikiqai”niz etməyə itələnmisiniz, əgər bu hələ baş verməyibsə, deməli, sizdə nəsə qaydasında deyil”.
Baxmayaraq ki, işi “ikiqai” kimi qələmə vermək həddən artıq açıq-aydın olan istismara bənzəyir, həm də bir başqa ənənəvi terminin mənasına diqqət çəkir. “İttaiken” özündə yaponların harmoniya anlayışı olan “va”ya xidmət edən, “bir qrupa bağlanmaq”dan pöhrələnən anlayışdır. Yaponiyanın iqtisadi uğuru ilə fərdlərin “ikiqai”ni həyatlarına daxil etmə həvəsləri eyni zamanda artmağa başladı. Beləliklə, qısa zamanda bir-biri ilə bağ qurdu, elə dolaşdı, kişiləri ofisdə, qadınları evdə qoyaraq uzun illərdir iş-həyat balanslarını idarə edir.

Kişiləri işlərini həyatlarındakı birinci mövqeyə gətirmə tələbi elə bir həddə çatdı ki, təkcə şirkətə sədaqət tələb etmir, həm də qeyri-adi bir formada, əldə edilən nəticə və proqresdən çox, sərf edilən vaxt və zəhmətə qiymət verilir. Uzun iş saatları və fəda edilən əlavə saatlar yaxşı addım kimi görünür, hətta “qanbaru”, yəni “çox çalışmaq” fəlsəfəsi yüksək qiymətləndirilir. Təkcə şirkət işçiləri üçün yox, qısa zamanda bağlanmaq da daxil olmaqla, ümumi iş idealına çevrildi.
Demək olmaz ki, işə bağlanmaq yalnız məmurlar üçün, ya da yeni bir anlayış idi. Aşçılardan tutmuş, dülgərlərə qədər – istənilən bir iştə ustalıq Yaponiyada hər zaman böyük hörmət görüb. İstəyir təzə hobbi seç, yaxud da özünə kariyera yolu seçən gənc tələbə ol – bir işə fokuslanmağa erkən başlamaq yaxşıdır. Yüksək peşəkarlaşma ölkənin hər küncündəki dükanlarda və restoranlarda öz dəyərini göstərir. Yol qırağındakı kiçik dükanda bişirilən ramen olsun, ya da ancaq təzə bişmiş şirin kartof satan səyyar dükan – əmin ola bilərsiniz ki, burada işləyən aşpazlar həmin yeməyi mükəmməlləşdirməyə ömürlərini sərf ediblər.
“Yaponiya kasıblaşdıqca, böyük ehtimalla, daha çox xoşbəxt və “ikiqai” ilə səsləşən həyata qovuşdu.”
Ustalıq nəsildən-nəslə ötürülürdü. Əksər hallarda, bir ailənin soyadı istehsal etdikləri məhsulun keyfiyyəti üçün əmsala çevrilirdi. Tokionun Ubukaya əyalətində hazırlanan qayçının keyfiyyəti 200 illik ümumi təcrübəyə əsaslanır, Kiotonun Aritsuqu bıçaq düzəldənlərinin kökü isə 16-cı əsrə qədər gedib çıxır. Təbii ki, işinə bağlanmaq Yaponiya üçün qeyri-adi bir anlayış deyil, lakin əsrlərdir fəaliyyət göstərənlərdən tutmuş, yeni işə başlayanlara qədər hər bir sənətkarın öz gördüyü işə belə bağlılığı ömrünü bir sənətə fəda etməyin qiymətini ortaya çıxarır.

Ənənəvi iş mühiti dəqiq iş saatları və tətillərlə qüvvədə qalsa da, iqtisadi eniş yeni yollar açıb. Artıq işi “ikiqai”si edənlərə yeni “startup”larda o qədər də tutulmur. Bununla yanaşı, Tokioda sərbəst çalışmaq (freelance), yaxud evdən işləmək, ya da açıq iş mühitləri daha çox maraq doğurmağa başlayıb.
Matyu deyir ki, artıq daha fərqli yapon dünyası var, insanların öz fərqli “ikiqai”lərini axtarmaq üçün daha çox şansları var. Yaponiya kasıblaşdıqca, böyük ehtimalla, daha çox xoşbəxt və “ikiqai” ilə səsləşən həyata qovuşub.
“Çünki artıq cəmiyyətimizdə yaşamaq üçün daha çox yol var.”
Yenə də demək olmaz ki, iş-həyat balansı artıq Yaponiyada ideal səviyyəyə çatıb. Hələ də həftədə yeddi gün işləyən suşi aşpazları, təqaüdə çıxdıqdan sonra gözətçi, dayanacaq nəzarətçisi və ya muzey bələdçisi, taksi sürücüsü işləyənlərin sayı artmaqdadır. Lakin artıq yeni şanslardan söhbət gedəndə gözlə görünən artım mövcuddur.
Son illərdə fərdiləşməyə doğru addımlar atılıb. “The Japan Times” istinadən deyə bilərik ki, artıq “iş xəyalı qurmaq” tabu deyil, işçilər yeni vəzifələrdə öz “ikiqai”lərini axtarmaqda, yeni bacarıqlar qazanmaqda və fokuslarını genişləndirməkdə sərbəstdirlər. Bu yeni baxış korporasiya işçiləri üçün tam da açıq deyil. Hələ də ofis menecerlərini əlavə saatlarda işlətsələr də, bu adət işçi cəmiyyətinin hər bucağına sirayət edib.
2011-ci ildə Yaponiyanın ilk aşpazlıq məktəblərindən birini açana qədər düz 20 il ingilis dili müəllimi işləyən Ayuko Kokado belə açıqlayır:
“Həftə ərzində 6, ya da 7 gün işləyirdim. Özü də uzun saatlar. Bəzən daimi müəllim kimi sadəcə işdə olmağım tələb olunurdu. Çox tipik yapon işləmə tərzidir, həm də olduqca streslidir.”
Ayuko müəllimlik etməyi sevməyinə baxmayaraq, daimi işindəki kiçik fasilələrdən yararlanıb yemək və gəzməyə olan həvəsini kəşf etdi (bu, demək olar ki, bütün yaponların sevdiyi şeylərdir ). Artıq, o, bir suşi və sake təlimatçısı kimi dünyanın hər tərəfindən tələbələri öz “Buddha Bellies Cooking School” məktəbinə qəbul edir. Həmçinin, şəxsi aşpaz kimi dünyanı gəzir. Azadlıq və yeni imkanlardan faydalana bilən Kokado inanır ki, kariyeraya çoxşaxəli baxış iş və “ikiqai”ni balanslaşdırmağın ən yaxşı yoludur.
“Bir “ikiqai” olmamalıdır. Bir şeyə fokuslansanız, özünüzü çox yorub marağınızı itirə bilərsiniz. Müxtəlif bacarıqlarınız olsa, rahatlıqla uyğunlaşar və həvəsdən düşməzsiz – bu, mənim “ikiqai” tərzimdir”, – Kokado deyir.
Gənc nəsil artıq iş və “ikiqai” dolaşığını açıb, bu terminə öz mənalarını yükləməyə başlayır. Görünür, Yaponiyanın iş-həyat qarmaşasını daha parlaq gələcək gözlədiyinə ümid etmək olar.
Cəmilə Məmmədli © yapon.az

2. Yaponiya adının bilinməyən tarixi
Yaponiyaya və yapon dilinə marağı olan şəxslər yəqin ki, ölkənin adının göstərilən şəkildəki kimi heroqliflə yazıldığını bilir. Yazı sistemində 2000-dən çox heroqlifin olduğu bu ölkənin adı üçün niyə məhz göstərilən heroqliflər seçilib? Gəlin birlikdə öyrənək!
Yaponiyaya “Gündoğan ölkə” deyilməsi əbəs deyildir. Səbəbi məhz bu iki heroqlifdən irəli gəlir. Yaponlar öz ölkələrinin adını “Nippon” və yaxud “Nihon” deyərək tələffüz edirlər. “Nihon” sözü eksonimdir (xaricilərin hər hansısa bir yeri adlandırmaq üçün istifadə etdiyi söz) və bir çox dildə istifadə olunur.

III əsrdə Üç Krallıq dövründə Yaponiya “Dai Nippon Teikoku” (mənası: Böyük Yaponiya İmperiyası) adlandırılmazdan əvvəl, Wa (倭) və ya Wakoku (倭國) kimi tanınırdı. O dövrdə Yaponiyanın Kanto ərazisində Kyuuşuda yaşayan Yayoi xalqını “Wa” (倭) “cırtdan” və ya “itaətkar” deyə adlandırırdılar. Lakin sonradan Yaponiyadakı xanlar bu sözün təhqiramiz olduğunu və ölkə adına uyğun olmadığını düşünüb simvolları dəyişmək qərarına gəldilər. Beləliklə, Wa (倭) “cırtdan” heroqlifini eynisəsli (和) “dinc“, “sülhsevər“, “ahəngdar” mənasını verən heroqliflə əvəz etdilər. Eyni zamanda Yaponiya “Wakoku” və yaxud da 大和 (Yamato) yəni “Dağlıq Ölkə” olaraq adlandırılırdı.

VII əsrin sonlarında “Nippon” sözü yarandı. Buna səbəb kimi “İyirmi dörd Tarix”dən (Çin tarixi ilə bağlı yazılar) biri olan Köhnə Tanq Kitabında bildirilir ki, yapon elçiləri Çin səfəri zamanı ölkələrinin adının çin dilində olan mənasını bəyənmədikləri üçün “Nippon”, yəni “Günəşin mənşəyi” olaraq dəyişdirib, bu cür adlandırılmağı xahiş ediblər. Bununla da Çin imperatriçəsi Vu Zetian buna razılıq verir. Ölkənin belə adlandırılmasına səbəb isə günəşin yapon mifologiyasında böyük rol oynaması və onlara görə imperatorun günəş ilahəsi “Amaterasu“nun nəslindən gəlməsidir.
Ölkənin belə adlandırılmasına aid bir digər məlumata isə 607-ci ildə yapon şəhzadəsi Şoutokunun özünü “Günəşin doğduğu torpaqdakı Cənnətin oğlu” adlandırdığı məktubda rast gəlinib. O, Çin şəhzadəsinə belə bir məktub göndərir: “Günəş doğan ölkədəki Cənnətin Oğlu, bu məktubunu günəşin batdığı ölkənin Cənnət Oğluna göndərir və ona xeyir-dua diləyir“.
Beləliklə günümüzə gəlib çıxan “日本” (Nihon, Nippon) heroqlifinin mənası “Günəşin mənşəyi” deməkdir.
Gündoğan ölkənin sevərləri, günəş həmişə sizinlə olsun.

Xəyalə Əlizadə © yapon.az
3. Gözə görünməyən qırmızı ip
運命の赤い糸 ⌈unmei no akai ito⌉ taleyin qırmızı ipi – Çin və Şərqi Asiyada iki insanın taleyinin bir-birinə bağlandığını ifadə edən, geniş yayılmış bir inancdır. Bu inanca görə, taleləri bir-birlərilə bağlı olan insanların topuqlarında onları bağlayan görünməz bir qırmızı ip vardır. Bu ipə (Çində) sahib olan yaşlı kişi Yue Xia Lao, toy və qismət məsələlərini həll/ idarə edir. Bu ip üçün vəziyyətlər, vaxt və ya məsafə bir maneə deyil. Vaxt keçdikcə, iki şəxs görüşənə qədər bu ip büzülməyə/ yığılmağa başlayır.

Yaponiyada qırmızı iplə bağlı bir əfsanə də var, amma bu versiyada iplər topuqlarını deyil, insanların çeçələ barmaqlarını bağlayır.
“Gözə görünməyən qırmızı ip bir-birinə aid olanların danışılmamış zamanda, yerdə və ətraf-mühitdə qarşılaşması üçün topuqlarına bağlanıb. Bu ip dartıla və dolaşa bilər, amma heç vaxt qırıla bilməz.”Çin atalar sözü
Qədim çin, yapon mifologiyasında belə bir hekayə var:
Bir gün yeniyetmə oğlan dağa qalxarkən qarşısına qeybdən yaşlı adam çıxır. Ay işığı altında qoca adam əlindəki kitabın səhifələrini çevirməyə başlayır. Oğlan dözə bilməyib onun nə oxuduğunu soruşur. Qoca adam, bu kitabın insanın qisməti olduğunu və əlindəki qırmızı iplə qəlbləri bir-birinə bağladığını deyir. Oğlan ona inanmadıqda, qoca onun əlindən tutub bir kəndə aparır. Ona balaca qız uşağı göstərib deyir ki, bu qız sənin qismətindir. Sizin barmaqlarınız gözə görünməyən qırmızı iplə bağlıdır. Qeybdən gələn adama inanmayan oğlan qorxudan və əsəbdən yerdən daş götürüb qızın üstünə atıb oradan qaçıb gedir. Artıq yetkin yaşına çatdıqdan sonra oğlanın ailəsi, onun artıq evlilik yaşında olduğuna görə adətlərə uyğun ona qız tapırlar. Toy günü oğlan qızın üzündə olan ağ duvağı açdığında qızın üzündə çapıq izini görür və nə baş verdiyini, çapığın necə əmələ gəldiyini soruşur. Qız isə kənddə yoldaşları ilə oyun oynayarkən bir oğlanın onun üzünə daş atıb qaçdığını deyir.

Gülşən Cabbarlı © yapon.az
4. Yaponiya mədəniyyətinin özünəməxsus nümunəsi : çay mərasimləri
“Çanoyu (茶の湯)”, “sado (茶道)” və ya sadəcə “oça (お茶)” adlandırılan və insanlara qonaqpərvərlik, hörmət, rifah və zen fəlsəfəsini aşılamaqla özündə dərin məna ehtiva edən çay mərasimləri Yaponiya mədəniyyətinin mərkəzi hesab edilir.
Bu dəfəki məqaləmizdə 400 illik tarixə malik yapon çay mərasimi mədəniyyətindən bəhs etmək istəyirik.

- Çay mərasimi ənənəsinin başlanğıcı.
Maçça çayının (toz halına salınmış yaşıl çay) dərman kimi istifadəsi.
Gəlin, əvvəlcə çay mərasiminin əsasını təşkil edən maçça çayının tarixinə qısa nəzər salaq.
Maçça çayı ilk dəfə XII əsrdə buddist rahib Yosai tərəfindən Çindən Yaponiyaya gətirilmişdir. Belə ki, Çində Buddizmi öyrənməkdə olan Yosai maççanın Çin rahibləri tərəfindən dərman kimi istifadə edildiyinin şahidi olmuşdur. Maççanın tərkib hissəsini təşkil edən maddələr və kofein rahiblərə buddizmlə bağlı etdikləri ağır məşqlərə davam gətirməyə kömək edirdi. Yaponiyaya qayıtdıqdan sonra Yosai Zen Buddizminin “Rinzai” təriqətinin əsasını qoymuşdur. Deyilənə görə, o, məhz maçça çayı vasitəsi ilə sərxoşluqdan (hangover) əziyyət çəkən şoqunu (samuray liderləri belə adlanırdı) sağaltmağa müvəffəq olmuşdur. Bunun nəticəsində maçça çayı Yaponiyada sürətlə yayılmağa başlamışdır.
Samuraylar üçün əyləncə vasitəsi
Muromaçi dövrünə qədər maçça çayı içmək aristokrat və samuraylar arasında geniş yayılmış, Çin mədəniyyəti nümunələrinin əks olunduğu müxtəlif rəsmlərlə bəzədilmiş otaqlarda dəbdəbəli çay süfrələri qurularaq əyləncə məclisləri keçirilməyə başlanmışdır. Kifayət qədər nüfuz sahibi və varlı şəxslərin bu cür məclislərdə iştirakı bir növ, öz var-dövlətlərini nümayiş etdirmək üçün də yaxşı fürsət idi.
Belə məclislərdə əyləncə üçün yapon dilində “çay döyüşü” mənasını verən “touça (闘茶)” adlı oyun keçirilirdi. Oyunun qaydalarına görə, iştirakçılar müxtəlif növ çayların dadına baxmaqla onların harada istehsal olunduğunu təxmin etməli idilər. Lakin tədricən qumar oyununa çevrilən bu oyun hökumət tərəfindən qadağan edildi. Bununla belə, müasir dövrdə dad duyğularını yoxlamaq üçün yaponlar “toça” oyunundan istifadə edirlər.

- “Vabi çayı” və çay mərasimləri
“Çay mərasimləri”nin ilk örnəyi XV əsrdə yaranmışdır. Murata Cuko adlı buddist rahib şagirdi Takeno Coo ilə birlikdə “vabi çayı” ideyasını əsasını qoymuş və yaymağa başlamışlar. Həmin dövrə qədərki dəbdəbəli və göz qamaşdıran çay mərasimlərindən fərqli olaraq, Zen Buddizmini özündə ehtiva edən çay mərasiminin yeni üslubu sadə və eyni zamanda qarışıq idi.
Ümumiyyətlə, “vabi” sözü kifayət qədər mürəkkəb məfhumdur və onu bir neçə sözlə izah etmək mümkün deyil. Lakin, tərcümə etməyə çalışsaq “qüsursuz gözəllik” kimi tərcümə edə bilərik.
Özündə qüsursuz gözəlliyi ifadə edən vabi çayı həmçinin, döyüş zamanı daim ölüm təhlükəsi ilə üz-üzə olan samurayların gərginliklərinin azalması və mənəvi rahatlamasına da səbəb olmuşdur.
“Vabi çayı” ənənəsinə Yaponiyanın çay mərasimi tarixində xüsusi rol oynamış şəxs – Sen no Rikyu son qoymuşdur. Bu gün tətbiq olunan çay mərasiminin müxtəlif formaları məhz onun nəslindən olanlar və şagirdləri tərəfindən yaradılmışdır.

- Çay mərasiminin siyasi məqsədlər üçün istifadəsi
Çay mərasimi mədəniyyətinə dərin maraq göstərən samuraylar zaman keçdikcə ondan siyasi məqsədlər üçün istifadə etməyə başladılar. Bu samuraylardan Oda Nobunaqa və Toyotomi Hideyoşinin adını çəkmək olar. Onlar vətəndaş müharibəsi dövrünün məşhur “üç qəhrəmanı”ndan ikisi idi. Vabi çayı ideyasına son qoyan Sen no Rikyu məhz bu iki qəhrəmanın məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
Vətəndaş müharibəsi dövründə çay mərasimlərində istifadə olunan mətbəx əşyaları sərkədələr üçün sadəcə praktiki deyil, həm də sosial statuslarının nümayişi üçün (ilə öyünmək üçün) istifadə olunurdu. Belə ki, qiymətli qab-qacaqlara sahib olan şəxs böyük nüfuz sahibi hesab olunurdu. O zaman samuray lideri olan Oda Nobunaqa bundan faydalanaraq, tabeliyində olan nailiyyət qazanmış işçilərə məhz çay hazırlamaq üçün istifadə olunan qab-qacaqları mükafat olaraq verir və bununla birlikdə onlara çay mərasimi keçirmək icazəsi də verirdi. Nobunaqa insanların istəklərini stimullaşdırmaqla onları daha yaxşı idarə etmək üçün çay mərasimi mədəniyyətindən məharətlə istifadə edirdi. Beləliklə, samuraylar nüfuzlarını artırmaq, sosial güclərini nümayiş etdirmək məqsədilə, bu cür qiymətli qab-qacaqlara sahib olmaq və çay mərasimi keçirmək hüququ əldə etmək üçün həyatlarını riskə atırdılar. Bu, kifayət qədər qəribə səslənsə də, Oda Nobunaqa bu mədəniyyəti bərqərar etməyə müvəffəq olmuşdur. Hazırkı dövrdə çay hazırlanmasında istifadə olunan qab və ləvazimatların kifayət qədər baha olmasının səbəbi də elə budur.
Samuray lideri olan Toyotomi Hideyoşi və Sen no Rikyu çay mərasiminin qızıl dövrünün mərkəzində duran şəxslər olmuşlar. Dövrünün olduqca güclü samurayı olan Toyotomi Hideyoşi, imperator, yapon feodalları, şəhər əhalisi, hətta kəndliləri dəvət etməklə siyasətlə dərindən əlaqəli olan çay mərasimləri təşkil edirdi. Beləliklə, çay mərasimləri artıq yalnız insanların zövq alaraq rahatlıq tapdıqları yer deyil, həmçinin siyasət, mədəniyyət və din mərkəzinə çevrilmişdi.
- Müasir dövrdə çay mərasimi
Sen no Rikyunun ölümündən sonra onun nəslini davam etdirən şəxslər və şagirdləri tərəfindən çay mərasiminin bir çox üslubları işlənib hazırlanmışdır ki, onlar hələ də mövcuddur və bu günkü gündə də tətbiq olunmaqdadır. Meici dövründəki “bərpa işləri” zamanı samuray mədəniyyəti getdikcə yox olsa da, çay mərasiminə hörmət yaponlarda dərin kök salmışdır. Belə ki, yeni qərbləşmiş hökumətin məmurları bu mədəniyyəti qoruyaraq, növbəti nəsillərə ötürürdülər. Çay mərasimi mədəniyyəti əvvəlcə məktəblərdə qızlara fənn olaraq tədris edilməyə başlanmış və nəhayət, uzun müddət imtiyazlı təbəqə ilə məhdudlaşan bu mədəniyyət artıq hər təbəqənin zövq aldığı mədəniyyət nümunəsinə çevrilmişdir.

Müasir dövrdə Yaponiyada çay mərasimi təlimləri keçirən məkanlar mövcuddur. Lakin bu təlim iştirakçılarının sayının az olması məyusedici haldır. Çay mərasimləri təlimləri təşkil edən bir şirkət tərəfindən aparılan araşdırmaya görə, 2018-ci ildə təlim iştirakçılarının sayı təxminən 2,2 milyon nəfər olub ki, bu da 10 il əvvəlki rəqəmin təxminən yarısıdır. Bu azalmanın səbəbi əhalinin yarısından çoxunu yaşlıların təşkil etməsi ilə bərabər, yaşlıların artıq çay mərasimlərini məşq etməməsi və bu cür təlimlərdə iştirak etmək üçün gəncləri cəlb etməməsi ilə əlaqəndirilir.
Günel İsmayılova ©yapon.az
5. Uta-qaruta: 100 adam, bir şeir
Oqura Hyakunin İşşu
Klassik yapon antologiyası olan Oqura Hyakunin İşşu (小倉百人一首) “100 adam, bir şeir (hərəsindən)” anlamında tərcümə edilir. 13-cü əsrdə Kamakura dövründə hazırlanan bu antologiyada həmin dövrün ən məşhur 100 şairinin, hərəsindən bir ədəd olmaqla 100 şeiri yer almışdır. Antologiyanın Fucivara no Teika tərəfindən hazırlandığı deyilir. Antologiyanın əsas hazırlanma məqsədi Kamakura dövründə general, eyni zamanda, şair olan Utsunomiya Yoritsunanın Kyotoda Oqura dağında yerləşən evindəki otaqları ayıran qapıların üstünü bəzəmək olmuşdur. Lakin sadəcə zövq oxşamaq üçün yaradılan şeirlər günümüzə qədər dəyərli mədəni nümunə kimi gəlib çıxmışdır.

Antologiyada yer alan şairlərin 79-u kişi, 21-i qadın olmuşdur. Şeirlərin hər biri “vaka” olmuşdur. Bu, şeirlərin 31 heca və 5 sətirdən ibarət olması deməkdir. Eyni zamanda, şeirlərdən 43-ü sevgi, digərləri isə fəsillər haqqındadır.
Hişikava Moronobu antologiyaya daxil olan şairlərin hər biri üçün taxta bloklarda portretlərini təqdim etmişdir.
Teikanın antologiyası Edo dövründən məşhurlaşan “karuta” oyunun yaranmasına şərait yaratmışdır. Qədim zamanlardan yapon əsilzadələri kai-avase (買い合わせ/ かいあわせ) adlanan oyun oynayırdılar. Bu oyunda içində şəkil çəkilmiş balıqqulağını tərs çevirib, digərləri ilə eyni şəkil olan balıqqulaqlarını tapırdılar. Daha sonra bu oyun bir qədər inkişaf etdi və hyakunin işşu ilə vəhdət yaradaraq müasir uta-qaruta oyununun yaranmasına təkan verdi.
Yarandığı vaxtlarda ciddi rəğbət qazanan bu oyunu oynaya bilənlər əsasən zadəganlar hesab edilirdilər. Oynaya bilməyən, lakin taxta bloklar üzərinə həkk edilmiş kartları olanlar da onun qiymətindən dolayı yalnız varlılar olurdular. Müasir Yaponiyada da qiyməti 1.100.000 yenə çatan antik karuta kartları tapmaq olar.

Oyunun qaydası və şərtləri
Oyunun oynanma qaydası və şərtləri istər-istəməz insanı riqqətə gətirir. Xüsusilə də şeir sevirsinizə bu oyun tam sizin üçün yaradılıb.
Belə ki, oyunda 2 şəxs (rəqiblər) və 1 dokuşu (ifaçı) olur. Dokuşu “A” səviyyəli karuta oyunçusu olmalıdır. Onun vəzifəsi şeiri ifa etməkdir. Oyunda oynanılan kartlar 200 ədədir. Ölçüləri təxminən 5-7 sm arasında dəyişir və 2 yerə ayrılırlar:
- Yomifuda – dokuşunun qabağında olan 100 ədəd oxuma kartıdır. Şeirin 5 misrası, şairin adı, eləcə də şeirin illustrasiyası bu kartlarda olur.
- Torifuda – oyunçular üçün qoyulan 100 kartdır. Burada şeirin yalnız son iki misrası yer alır.
Oyuna başlamaq üçün əvvəlcə 50 torifudadan təsadüfi seçilmiş 25 kart bir oyunçuya, digər 25 kart isə digər oyunçuya paylanılır. Hər iki oyunçuya kartları düzüb yerlərini əzbərləmək üçün 15 dəqiqə vaxt verilir. Kartların düzülməsi üçün xüsusi strategiya seçilməlidir. Lakin bu nə qədər asan olarsa rəqibin də onların yerini rahat şəkildə bilməsi bir o qədər asan olacaq. Kartlar 3 sıra formasında düzüldükdən sonra oyun başlayır.
Oyunun başlamağı üçün açılış şeiri ifa olunur. Bu açılış şeiri “coka” adlanır. İlk oxunan şeir oyuna aid edilmir. Bu şeir Hyakunin İşşu antalogiyasına aid deyildir və Naniva Bay adlanır. III əsrdə yazılmış həmin şeir imperatorun taxta çıxması şərəfinə yazılmışdır. Oyunçular və əgər varsa izləyicilər bu şeiri dinlədikdən sonra oyunun əsas hissəsi başlayır.
Dokuşu qarşısındakı yomifuda kartlarından şeiri oxumağa başlayır və oyunçular qarşılarında olan torifuda kartlarından bu şeiri tapmalı, rəqiblərindən əvvəl ona toxunmalıdırlar.

Xatırladım ki, torifudalarda bəndin yalnız son iki misrasi yer alır. Bu da rəqibiniz bəndi əzbər bildiyi halda daha tez kartı tapacağı, sizin isə dokuşunun son sözlərini gözlədiyinizdən gecikməyiniz deməkdir. Dokuşuda 100 kartın hamısı olsa da, 50 kart oynanmayaraq qalır. Bu kartlar karafuda – ölü kartlar adlanır. Oyunu yalnız öz qarşınızdakı kartlarla oynamırsınız. Əgər oxunan vakanın sizin qarşınızdakı kartlarla uyğunlaşmadığına əminsinizsə, o zaman rəqibin kartlarına baxa bilirsiniz və ondan əvvəl kartı götürürsünüzsə, öz kartlarınızdan birini də ona verməlisiniz. Bu okurifuda adlanır. Oyunçular belə hallarda əsasən əzbər bildikləri kartı rəqib meydanına göndərirlər, çünki növbəti addımlarda bu kartı tapmaq da asan olacaq.
Karutada oyunçunun öz sahəsi ci-cin, rəqibin sahəsi teki-cin adlanır. Əgər sizdə olan kartlardan birinə səhvən toxunursunuzsa, yəni oxunan vaka ilə sizin toxunduğunuz üst-üstə düşmürsə, bu faul sayılır və rəqibin sahəsindən bir kart götürməli olursunuz. Teki-cində yanlış karta toxunmaq faul sayılmır. Əgər siz ci-cində yanlış karta, rəqibiniz isə teki-cində doğru karta toxunursa onda daburu dabu (ingiliscədən “duble”) olur. Yəni rəqibiniz sizə iki kart verir. Nəticə etibarilə kartı ən tez bitən oyunçu qalib sayılır.
Müsabiqəli karuta (競技 か る た ⌈Kyōgi karuta⌉) Yaponiyanın Karuta Assosiasiyası tərəfindən təyin edilmiş format və qaydalar çərçivəsində, karutanı oynamaq üçün uta-qaruta kartlarının əsasında dayanan rəsmi Yaponiya kart oyunudur. Oyunda 5 səviyyə göstərilir. “E” səviyyəsi başlanğıc, “A” səviyyəsi isə son üst səviyyə sayılır. “A” səviyyəsi alan qadın queen (kraliça), kişi isə master (usta) adlarına layiq görülürlər. Hər il yanvar ayının sonunda Oumi məbədində keçirilən yarışlarda finalçılar keçən ilin qalibləri ilə oynayaraq güclərini isbat etməyə çalışırlar.
Bu incəsənət anime sənayesinin də gözündən qaça bilməzdi. Bu mənada “Çouyaku Hyakunin İşşu: Uta Koi” (超訳百人一首 うた恋い) animesinin adını çəkmək yerinə düşər. 2012-ci il istehsalı olan anime 13 bölümdür. Hər bölümdə bir və ya iki şeir səhnələşdirilmişdir. Nəzərə alanda ki, animedə şeirlərin səslənməsi ən əsas yeri tutur, onda ən usta anime seiyuularının bu işdə olması təəccübləndirici olmamalıdır. Əsrarəngiz şeirlərlə gözəl səslərin birləşdiyi və alışdığımız üslubdan bir qədər fərqli olan anime ağır tarixi ab-hava daşısa da, dialoqlar qəti şəkildə anlaşılmaz deyildir.

Biz karutanın ən standart forması haqqında məlumat verdik. Lakin nəzərə almaq lazımdır ki, karutanın bir çox növləri mövcuddur və bəziləri daha fərqli şərtlər altında oynanılır. Eyni zamanda, bu oyun haqqda araşdırma aparanda Yaponiya və Azərbaycan arasında biri-birilərindən fərqli şəkildə inkişaf etmiş oxşarlığı da üzə çıxartmış oldum. Karuta oyunu, məqsədi fərqli olsa da Teymurilər dövründə Nəsimi və Nəiminin şeirlərinin qadağan olunduğu bir zaman kəsiyində gənclər arasında geniş yayılan “oyuna” bənzəyir. Sufizmin tərəfdarları olan şairlərin əlyazmaları məhv edilsə də, onların tərəfdarları şeirləri əzbər şəkildə yadda saxlamağa çalışırmışlar. Şeirlərin unudulmaması üçün məclislərdə ən çox şeir bildiyi düşünülən kəs hər hansısa şeirdən iki misra deyir, yerdə qalanlardan kimsə bu iki misranı davam etdirir və bu, şeir sona çatana qədər davam etdirilirdi. Sırası gəldiyi zaman misranı unudan, gec deyən və ya misrada yanlışa yol verən oyundan uzaqlaşdırılır və sona qalan bir şəxs qalib hesab edilirdi. Şeir bitdiyi, lakin oyunçular qaldığı halda yeni şeir misrası deyilir və qalib müəyyənləşənə qədər bu davam edirdi.
Şeir və incəsənətə bağlı olan bu iki xalq öz milli mənliklərini bu günlərə gətirib çıxartmağı fərqli yollarla, amma eyni məqsədlə bacara bilmişlər.
Gülər Nursu © yapon.az


Bir şərh yazın