YaponAz Elektron Yaponiya jurnalı (7-ci bölüm)


Bu dəfəki jurnalımız sizi daha qədimlərə, Nincaların və Samurayların dövrünə aparıb çıxaracaq. Bu bölüm daha spesifik olaraq ninca və samuray haqqında olub, geniş məlumat əldə etməyinizə vəsilə olacaq. Bir neçə səhifə açmağınıza ehtiyac yoxdur! Elə bir səhifədə qalaraq hamısını eyni anda oxuya bilərsiniz.

Məqalələr yapon.az saytına aiddir.

Başlıqlar:

  1. Ninca: uçan döyüşçü, yoxsa casus? / Nincalar haqqında maraqlı faktlar
  2. Şərəfli ölüm: feodal dövrü Yaponiyasında samuray və seppuku
  3. Samuraylar kimi danış
  4. Samuray ailələrində qadınlar 
  5. “Alatoran samuray” filmi

1. Ninca: uçan döyüşçü, yoxsa casus?

Lazım bilirəm ki, elə ilk cümlədən çox adamın, elə məqalə müəllifinin də yapon dilini öyrənməzdən əvvəl səhv bildiyi ninca sözünün tələffüzü haqqında danışım. 忍者(にんじゃ) – sözü ana dilimizdə “nin-ca” olaraq tələffüz edilir. Son hecadakı ilk səs “jurnal” sözünün ilk səsi, eləcə də, rus dilinin təsiri ilə bütün mənbələrimizə hopmuş “dz”, “dj” səsləri ilə eynilik təşkil etmir.

Ninca nə deməkdir?

Nincalar haqqında çox yerdə məlumat oxuya bilərsiniz, onlar haqqında filmlərə, anime və cizgi filmlərə baxa bilərsiniz. Hətta son illərdə çox məhşur olan nincalarla “meyvə kəsmə” telefon oyununa da rast gələ bilərsiniz. Məsələ ondadır ki, nincalar haqqında bilinənlərin, çəkilənlərin demək olar ki, çox ciddi bir qismi faktlara əsaslanmır və əksəriyyəti ağızdan-ağıza keçən hekayələrdən ibarətdir: nincaların bir neçə dəqiqə havada qala bilməsi, ya da uzun məsafəni uçaraq qət etməsi kimi. Ana dilimizə nincalar haqqında geniş informasiya qazandıran məqaləmizi bacardığım qədər Yaponiyada nincalarla bağlı aparılan araşdırmalar, qəzet və akademik mənbələrə əsaslanaraq hazırlamışam.

Ninca sözü haqqında öyrənməli olduğumuz vacib bir məqam da odur ki, bu söz əslində, nincaların mövcudluğundan çox sonra ortaya çıxıb. Nincalar öz dövrlərində şinobi adlandırılırdılar. Eyni heroqliflərin çincə oxunuşunun fərqli olması və daha sonralar Qərbə “ninca” olaraq tanıdılmaları sözün şinobi oxunuşunu bir qədər unutdurdu. Sözün mənası isə “gizli iş görən adam”, “kölgə adam” mənasına gəlir.

Nincalar nə vaxt və necə meydana çıxıb?

Nincaların meydana gəlməsi Yaponiya tarixinin 12-16-cı əsrlərini əhatə edir. Hələ 12-ci əsrdən mövcud olmaqlarına baxmayaraq, nincaların əsas meydana çıxdığı dövr Yaponiyada feodalların mübarizəsinin şiddətləndiyi 15-16-cı əsrlər hesab edilir. İlk nincalar Yaponiyanın Kyoto yaxınlığındakı İqa əyaləti və Koka kəndində məskunlaşıb, yetişmişlər. Buranın sakinləri həmişə özlərinin cəldlik, qıvraqlıqları ilə seçiliblər. Gizlənmək üçün yaxşı şəraitli dağ, mağara, çay, meşələrə sahib olan bu məkanda oğrular, cinayətkarlar gizlənirdi. Ərazidə özünümüdafiə üçün döyüş sənətlərinin yayılmasına səbəb də bu olmuşdur. Nincaların döyüş yolu, üslubu nincutsu, daha dəqiq adıyla desək, şinobi no cutsu adlanırdı. Hərfi olaraq bu ifadələr “gizlilik bacarığı” kimi tərcümə edilə bilər. Nincutsu atadan oğula keçirdi. Nincaların övladları uşaq vaxtlarından əsas bacarıqları öyrənirdilər.

Iga-ryu Ninca Muzeyi

Bəs nincaların işi nədən ibarət idi?

Nincaların özlərini göstərə bildikləri dövrün feodal mübarizələri dövrü ilə üst-üstə düşməsi təsadüfi deyil. Feodalların, güclü ailələrin, nüfuzlu şəxslərin “qara işlərini” görmək üçün həmişə kiməsə ehtiyac var idi. Bu qara işləri görən məhz muzdlu nincalar idi. Nincaların ən vacib və yararlı iki bacarığı var idi: casusluq və sui-qəsdçilik. Bu da düşməni haqqında nəsə öyrənmək istəyən, lazım olanda onu öldürmək istəyən feodalın ehtiyacı olan şey idi. Nincalar gözə görünmədən düşmənin bütün sirlərini əldə etmək və bu sirləri ona pul ödəyənlərə çatdırmaq, ya da lazımi vaxtda lazımi şəxsləri öldürməklə hökümlü idilər.

Nincalarla samurayların fərqi nədir?

Şübhəsiz ki, samuray və ninca anlayışı Yaponiyanın həm tarixinin, həm də mədəniyyətinin vacib bir hissəsidir. Lakin bu iki anlayışı biri-biri ilə qarışdırmaq və ya samuraylarla nincaların eyni statuslu olduğunu demək çox yanlışdır. İki anlayışın hər daim qarşılaşdırılmasına güman ki, nincalarla samurayların eyni zaman kəsiyində mövcud olması səbəb olmuşdur. Samuraylar və nincalar ayrı silkə mənsubdurlar. Əsl samuray olmaq üçün döyüş yolunun ləyaqət, mərdlik, düzgünlük, cəsarət və s. kimi pillələrini keçmək lazım idi. Ninca olmaq isə bunun tam əksi idi.  Samuraylar silahı olmayan düşmənlə vuruşmur, üz-üzə əsl döyüşdə qalib olmaq istəyirdilər. Nincalar isə düşməni silahsız yaxalayan kimi ona arxadan, uzaqdan hücum edirdilər. Bunlar o demək deyil ki, “nincalar pis döyüşçü, samuraylar yaxşı döyüşçülər” idi. Sadəcə hər birinin üsulları başqa idi. Zaman-zaman samuraylar dövlətə, sahibinə xəyanət etdiyi kimi, nincalar dövlətə də xidmət göstərmişlər. Lakin nincalıq heç vaxt samuraylıq kimi yüksək mərtəbədə görülməmişdir. Bunun onlara qarşı haqsızlıq olduğunu düşünən kütləyə də rast gələ bilərsiniz. Amma tarixin bütün vərəqlərində görə bilərsiniz ki, nincalar da “öz işləri ilə necə məşğul olduqlarının” fərqində idilər. Bəlkə də hansısa məqamda bir samuray və bir ninca eyni məqsədə və ya feodala xidmət edirdi. Lakin samuraylar mübarizəsini gün göydə olanda aparırdısa, nincalar gecələr özlərini göstərirdilər. Əvvəldə də qeyd etdiyim kimi nincalar kölgə insanlar idi, “qara iş”lərin və qaranlığın döyüşçüləri idilər.

Nincaların gizlilik siyasəti

Nincalar haqqında bizə gəlib çatan azsaylı real informasiyalar və ya onlar haqqında çox şeyin şişirdilməsinin səbəbi odur ki, onlar sözün əsl mənasında özlərindən sonra iz qoymurdular. Dağlarda təlim görən, əsas təlim məktəbləri İqa, Kokada olan nincalar heç vaxt yazılı izahdan istifadə etmirdilər. Hər bir təlim şifahi olaraq keçirilirdi. Hansısa hücuma hazırlaşan zaman planlarını əzbərləyir, geridə qalan hər hansısa kiçik bir işarəni belə məhv edirdilər. Təkcə bu, onların niyə şinobi, ninca adını qazandıqlarını demək üçün kifayətdir. Sonralar Yaponiyanın yenilənməsi samuraylar kimi nincaların da yavaş-yavaş “istifadəliliyini” azaltdı. Bu vaxtlarda ninca ustaları öz təlimləri, sirləri haqda yazılar yazmağa başladılar. Özləri haqqında yayılan, ya da yaydıqları xəbərləri daha düzgün şəkildə yazıya tökdülər. Hazırda həqiqətən də o dövr nincalar tərəfindən yazıldığına inanılan 500-ə yaxın əlyazma mövcuddur.

“Kanrinseiyo” (1676)

Nincalar heç vaxt güclü rəqibi ilə üz-üzə gəlmirdi. Uzun müddət düşməni izləyir, zəif nöqtələri tapırdı. Düşmənin gücünü azaltmaq üçün fərqli üsullardan istifadə edirdilər. Bu üsullara düşmənin çox adamla qoruduğu evinə necəsə girmək, orda özünə aid iz qoymaq və düşməni psixoloji olaraq qorxu altında saxlamaq daxil idi. Feodallar, nüfuzlu ailələr həqiqətən də nincalardan qorxurdular. Bu gün bizim nincalar haqqında oxuduğumuz, bildiyimiz bəzi nağılvari hekayələrin çoxunun elə nincalar tərəfindən uydurulduğu deyilir. Bu, onların düşməndə qorxu yaratmaq üçün istifadə etdiyi bir üsul idi. Məsələn, belə deyilir ki, nincalar həm də çox güclü falçı və sehrbaz olublar. Parçanın üstündə getmək istədikləri yerin şəklini çəkib, onu otağın düzgün yerinə yerləşdirəndə həqiqətən də yoxa çıxıb şəkildəki yerə gedə bilirdilər. Həmin dövrlərdə nincaları heç cür ələ keçirə bilməyən nüfuzlular üçün bu ən yaxşı bəhanə idi yəqin ki.

Nincalar necə mübarizə aparırdılar

Bu cür hekayələrə baxmayaraq, nincaların xüsusi bacarıqlara sahib olması heç də yalan deyil. Uşaq vaxtından üzmək, qaçmaq, uzağa tullanmaq məşqləri edən nincalar bir müddət sonra olduqca qıvraq və çevik hala gəlirdilər. Uzun müddət suyun altında qala, bir nəfəsə üzərək uzun yol qət edə bilirdilər. Uşaq vaxtından saatı pişik gözlərindən (pişiyin göz bəbəkləri günün saatına uyğun olaraq dəyişə bilir) oxuya bilirdilər. Tez-tez forma dəyişdirir, istədikləri məlumatı əldə etmək üçün dilənçi, qulluqçu, varlı sahibkar roluna belə girə bilirdilər. Xəritələrin oxunmasını, eləcə də küləyin istiqaməti, ulduzların düzülüşü, dəniz dalğalarının hərəkəti kimi təbii hadisələrin öz köməklərinə necə çata biləcəyini öyrənirdilər. Zəhər hazırlamaq bacarıqları ilə də məhşur idilər. Nincaların biri-biriləriylə xəbərləşmək və ya biri-birilərinə informasiya ötürmək üçün düyüdən istifadə etdiyi məlum olmuşdur. Rəngli düyüləri yalnız özlərinin başa düşə biləcəkləri kod olaraq kasaya yerləşdirib kiməsə göndərir ya da (süfrəyə) təqdim edirdilər. Qarşı tərəf isə kodu oxuyur, daha sonra bişmiş rəngli düyüləri yeyərək arxada heç bir iz qoymurdu. Yəqin ki, ən ləzzətli iz itirmə forması budur.

Ninca geyimləri və silahları

Məqalə boyunca gözünüzdə yalnız “kişilər” canlanmamalıdır. Çünki nincaların böyük bir qismini həm də qadınlar təşkil edirdi. Hətta onlar daha rahat bir şəkildə gizli informasiyaları əldə edə bilirdilər. Şənliklərdə, çay mərasimlərində – hər yerdə ola bilirdilər. İnformasiyaları istədikləri kimi, hətta daha rahat və tez əldə edə bilirdilər.

Nincalar həmişə başdan – ayağa qara, üzübağlı, ənənəvi olmayan yapon geyimi ilə təsvir edilirlər. Bu, qismən düzdür. Qara geyimləri onların gecələr görünməsini çətinləşdirirdi. “Kölgə adamlar” adlanmaqları həmişə arxadan hücum etməkləri ilə yanaşı, bu cür geyinməklərinə də bağlıdır. Lakin onların, əvvəldə də qeyd etdiyim kimi, tez-tez forma dəyişdirdikləri üçün yalnız bir geyim formasında təsvir edilməkləri düzgün deyil. Geyimlərini rahat seçməklərinin əsas səbəbi o idi ki, onlar xırda, uzaq məsafəli silahlardan, kəsici alətlərdən istifadə edirdilər. Makibişi – ucu miz üçbucaq formalı kəsici dəmirlər – onların əsas silahı idi. Küləyin gücünə və istiqamətinə əsasən rahatlıqla hərəkət edə bilsin deyə fərqli çəkilərdə olan bu cür silahları uzaqdan, özlərinə heç bir təhlükə yaratmayacaq, düşmən tərəfindən nəzərə çarpmayacaq formada istifadə edirdilər. Kusariqama – orağa bənzər başlıq və hərəkəti asanlaşdıracaq ağırlıqda yumru və ya kvadrat dəmiri biri-birilə əlaqələndirən 2-3 metrlik zəncirdən ibarət silahdır. Bu silahı düşmənlə üz-üzə gəldikləri vaxt istifadə edirdilər. Silah elə hazırlanıb ki, düşməni 2-3 metr yaxına buraxmadan ona zərər vermək olar.

Qadın nincaların silahları daha “yaradıcı” olurdu desəm yerinə düşər. Saçlarını yığarkən sadə yapon qadınının istifadə etdiyi uzun çubuqlar ninca qadınlarda kəsici ucluqlara malik idi. Nekote adlanan və ülgüc başlığı olan dırnaqlar da istifadə üçün yararlı idi. Bu cür kiçik silahlardan kimisə öldürmək üçün məclislərə gedərkən istifadə edirdilər. Bəzi zəhərli, nəzərə çarpmayan iynələr isə dərhal yox, daha gec – məsələn, ninca hadisə yerindən uzaqlaşandan sonra – düşməni öldürmək üçün ideal hesab edilirdi.

Yaponiyada ninca festivalı, muzeyləri və evləri

Nincutsu təlimlərinin tarixə qarışıb yoxa çıxdığını düşünməyin. Əsl ninca ruhunu hiss edəcəyiniz yerlər, təlim mərkəzləri hələ də mövcuddur. Bir çox yerlər var ki, ninca silahlarının istifadə qaydası ilə bağlı təlimlər verir. Ustadlar isə ninca əsilli yaponlar olur. Gedib gəzmək üçün İqa əyaləti, Koka kəndi isə nincaların yurdu olaraq ən ideal seçimdir.

İqa Ninca Muzeyi dəyərli tarixi məkan olaraq çoxlarının ziyarət etdiyi yerdir. Muzey ninca silahları sərgisi ilə xüsusilə məhşurdur. Təyin edilmiş xüsusi saatlarda canlı ninca döyüşlərinə də şahid ola bilərsiniz. Bundan başqa Koka Ninca Kəndi, Koka Ninca Evi, Toqakure Ninpo Muzeyi, Uşaq Ninca Kəndi və s. kimi yerlər də səyahət etmək istəyəcəyiniz yerlərdən ola bilər.

Tokyoda yerləşən Ninca restoranı isə mükəmməl təcrübə ola bilər. Restoranda sizi bəzən bu cümlələrlə qarşılaya bilərlər “diqqətli ol, bəlkə də yeməkdə zəhər var”.

Əgər yalnız bir gününüz varsa onda 22 fevral Ninca Günündə Kokaya getməlisiniz. “Ni qatsu ni cü ni niçi”, yəni 22 fevral siz Kokada bəlkə də hamını ninca temalı paltarlarla görə bilərsiniz. Bəzən ninca sözünə daha yaxın olması üçün yaponlar bu günə “nin qatsu nin cü nin nin” də deyirlər.

Haqqında səhifələrcə kitablar yazılmış nincutsu təlimi, nincalar haqqında bütün detalları belə qısa və yığcam yazıda vermək mümkün olmasa da, müəyyən qədər fikir formalaşdırması üçün yetərli olacağına ümid edirəm.

Gülər Nursu © yapon.az

1.5 Nincalar haqqında maraqlı faktlar

Keçmişdə Yaponiyada 忍者 “Ninca” adlandırılan insanlar var idi. Nincalar düşmən ölkəsini, düşmənin olduğu yerin vəziyyətini və sirrlərini düşmənlərinə görünmədən araşdıran insanlar idi.

Kanci ilə “忍者” (ninca) kimi yazılır.「忍」(nin) “tapılmamaq”,「者」(ca) isə “insan” deməkdir. Nincalar rəqiblərinin vəziyyətini araşdırmaq və onlarla döyüşmək üçün müxtəlif üsullardan istifadə edirdilər. Bu üsullara「忍術」“nincitsu” deyilirdi. “術” (cutsu) “texnika, fənd” deməkdir. Nincutsu isə “görünməz fənd” deməkdir.

Nincalar Yaponiyada samurayların (武士) mövcud olduğu dövrdə aktiv olsalar da, müasir dövrdə “Ninca” adlandırılmağa başlayıblar. O vaxta qədər onlara 忍びの者 “Şinobi no Mono” və ya 忍び ”Şinobi” deyirdilər.

Təkcə kişilər deyil, qadınlar da ninca ola bilirdi. Qadın nincalara həmçinin くのいち “kunoiçi” də deyilirdi. Bunun səbəbi, 「女」“onna” kancisinin hiraqana və katakana əlifbası ilə birlikdə「く」ku,「ノ」no, 「一」içi şəklində bölünərək oxuna bilməsi idi.

Hal-hazırda nincaların nəslindən olduqlarını söyləyən şəxslər də var. Nincaların müxtəlif qrupları var idi. Bunlar içərisində xüsusən də Koqaryu və İqaryu adlı ninca qrupları məşhurdur.
Koqa indiki Şiqa prefekturasının Koka şəhəridir, İqa isə Mie prefekturasının İqa şəhəridir. Lakin onlar bir-birinin yanında yerləşirlər. Burada ninca nəslindən olan və nincalarla bağlı araşdırma aparan insanlar çoxdur. Hər iki prefekturada nincaları tanıdan muzeylər var.

Nincalar çox vaxt gecələr aktiv olurdular. Buna görə də içəri girmələri asan olan qara paltarlar geyinib, üzlərini qara parça ilə örtürdülər. İnsanlar onların ninca olduğunu bilməsinlər deyə, xarici görünüşlərini və paltarını dəyişməli olurdular.

Nincaların istifadə etdiyi 忍術 ”Nincutsu” daxil olduqları qrupdan asılı olaraq fərqlənirdi. Onların arasında (木遁) Mokuton, (火遁) Katon, (土遁) Doton, (金遁) Kinton və (水遁) Suiton texnikaları məşhur idi.「遁」”ton” gizlənmək deməkdir. “Mokuton” gizlənmək üçün ağacdan istifadə edilən texnikaya aiddir. ”Katon” odda gizlənmək, ”Doton” torpaqda gizlənmək, “Kinton” metaldan istifadə edərək gizlənmək, səs-küy yaradan metal əşyaları döyərkən və ya ətrafa pul atarkən gizlənmək texnikasıdır. ”Mizuton” isə suda gizlənmə texnikasıdır. Onların hamısı düzgün öyrədilmədikcə təhlükə vəziyyətində dərhal istifadə edilə bilinməyən texnikalardır.

Yamato Takeru xadimə paltarında Kumaso liderini öldürməyə hazırlaşıır

Ən məşhur ninca silahlarından biri 手裏剣 “şuriken”dir. “Şuriken”i təkcə nincalar deyil, həm də samuraylar istifadə edirdi. “Şuri” (手裏) əlin içi deməkdir. Şuriken əldə saxlanılan və uzaqdan düşmənlərə atılan silahdır. Bəziləri kiçik qılınclara bənzəyir, lakin nincaların istifadə etdiyi məşhur şuriken 十 (cyuu) “on” kancisi formasındadır.

Bəs siz nincalar haqqında nə bilirsiniz?

Telman Rəşidov©yapon.az

2. Şərəfli ölüm: feodal dövrü Yaponiyasında samuray və seppuku

Döyüşçü intiharları bir çox mədəniyyətdə rast gəlinən təcrübə olsa da, seppuku ((yap. 切腹”qarnı kəsmək”) qarnı yırtmaqla icra edilən yapon intihar adəti) Yaponiyaya məxsusdur. Məlum olan ən qədim seppuku aktı XII əsrin II yarısında samuray Minamoto Tametomo və şair Minamoto Yorimasa tərəfindən icra edilib. Seppuku Qərbdə daha çox harakiri (腹 切 り – “qarnı kəsmək”) kimi tanınır.

Etimologiyası

Harakiri (腹切り) və seppuku (切腹) sözlərinin heroqlifləri eyni olsa da, yazılanda onlar əksinə yazılır. “Seppuku” termini iki çin-yapon köklərindən ibarət “setsu” (切 – “kəsmək”) və “fuku” (腹 – “qarın”), harakiri isə 腹 [hara] “qarın”切 [kiri] “kəsmək” sözlərindən ibarətdir. Harakiri termini daha çox (Amerika ingiliscəsində danışanlar tərəfindən işlədilir) yapon dilində danışmayanlara tanışdır. “Niyə günümüzdə harakiri sözü seppukuya nisbətən daha məşhurdur?” – deyə sual etsəniz, deməliyəm ki, “harakiri” sözü yapon dilində “qarın deşmək” mənasına gəldiyinə görə arqo olaraq qəbul edilir. Qısası, seppuku mərasimi ”şərəfli ölüm yolu” hesab edilsə də, avropalılar, yəni gəlmələr anlamadıqlarına görə, “nəticədə qarın kəsirlir” mənasında onu harakiri ilə əvəz edib. Ondan sonra xaricdə necə ki geişalar fahişə kimi tanıdılıb, seppuku da harakiri kimi yaddaşlara həkk olunub. Bu yerdə 1962-ci ildə ekranlaşdırılan “Seppuku” filmini xatırlatmaq istərdim. Filmin şüarında məhz bu sözlər diqqəti cəlb edir: “Dünya heç vaxt yaponların niyə ölümü şərəfsizlikdən üstün tutduqlarını anlamadı! 

“Seppuku” filmi, 1962

Mahiyyəti

Adətən feodal Yaponiyasında, xüsusən də, samuraylar məğlubiyyətlə nəticələnən müharibədən sağ çıxardılarsa və ya əsir düşərdilərsə seppuku icra edirdilər. Seppuku cəza növü olaraq könüllü və ya məcburən yerinə yetirilirdi. Əslində, müharibədə məğlub olan samurayların belə bir öhdəliyi yox idi və bu, yalnız samuraylara məxsus bir hərəkət də deyildi. Edo dövründə ağalarına layiqincə xidmət edə bilməyən samurayları şərəfləndirmək məqsədi ilə verilən cəza idi. Ağasının ölümündən sonra seppuku etmək isə oyibara (追 腹 və ya 追 い 腹) adlanırdı.

İnsan ruhunun qarın nahiyəsində olduğuna inanıldığı üçün qarnı kəsmək ölmək üçün birbaşa yol və ən cəsur üsul hesab edilirdi.  Ona görə də bu ritual samuraylara ayrılmış bir imtiyaz idi. Xalqın özünü asmağına və ya boğmağına icazə verildiyi halda, qadın samuraylar tili qısa olan bir qılınc və ya xəncər ilə öz boğazlarını kəsə bilərdilər (buna yaponca (自害) ciqai deyilir), lakin qadınların seppuku etmələrinə icazə verilmirdi. Yanlız kişi samuraylar seppuku edə bilərdilər.

Samuray seppuku edərək özünün və ailəsinin şərəfini qoruyurdu. Ona görə seppuku edən samuray ölümündən sonra tez-tez hörmətlə anılırdı. İntihar etmək əvəzinə təslim olmağı seçmiş, məğlub olmuş və ya ləyaqətini itirmiş samuraylara xalq xor baxırdı.

Adətən samuraylar qılıncı sol tərəfdən qarına saplayır və soldan sağa doğru kəskin hərəkətlə qarını yırtdıqdan sonra samurayın köməkçisi arxa tərəfdən qılıncla samurayın başını kəsirdi. Bu yolla samuraylar alçaldılmaqdan yaxa qurtarırdılar. 

Seppuku mərasimi

Seppuku Edo dövründə tam inkişaf etmiş bir ritual halını aldı. Seppuku ritual olaraq ciddi qayda-qanunla icra edilir. Bu qayda-qanunlar samuray kodeksində əksini tapmışdır. Burada mərasimə sadiq qalmaq vurğulanırdı.

Adi seppukuda böyük ağ yastıq yerləşdirilir və prosesi izləyəcək şahidlər ciddi bir qaydada sıraya düzülürdü. Ağ kimono geyinən samuray yastığın üstünə rəsmi formada diz çökürdü. Samurayın arxasında və solunda kaişakunin (解釈人 – onun “köməkçi”si) diz çökürdü.

Kaişakuninin vəzifəsi qarnını yırtdıqdan sonra samurayın başını kəsərək onun daha çox əzab çəkməsinin qarşını almaq idi. Yayılan inancın əksinə samuray üçün seppuku ritualı əslində intihar sayılmırdı, lakin ölümcül yaralanmaya səbəb olduğundan kaişakuninin son zərbəni vurması lazım idi. Kaişakuninin zərbəsi samurayın onurğasını kəsəcək qədər sərt, amma eyni zamanda, başını bədənə bağlı saxlayacaq qədər həssas olmalı idi. Başın bədəndən ayrılması həm seppuku edən samurayın, həm də kaişakuninin şərəfsiz olduğunu göstərdiyi üçün “köməkçi” vəzifəsi sadəcə qılınclar üzrə üstün bacarığı olan kişilərə verilirdi.

4 qurtum sake

Xidmətçi samurayın qabağına sake (düyü şərabı), bir ədəd vaşi (tut ağacı qabığından əldə düzəldilən kağız) və yazı ləvazimatlarının yanında kozuka (qarın deşmək üçün istifadə olunan bıçaq) olan taxta masa qoyurdu. Buna baxmayaraq, əgər samuray öz qılıncını istifadə etmək istəyərdisə, ona icazə verilirdi.

猪口 (Oçoko)

Taxta masa qoyulduqdan sonra xidmətçi sake bardağını doldururdu (sake içmək üçün istifadə olunan bardağa və ya balaca kasa şəkilli qaba oçoko və ya çoko (猪口) deyilir. Geniş ağızlı kasalar kimi daha düz formaları da vardır. Nəzərinizə çatdırım ki, sözlərin qarşısına artırılan “o” prefiksi onları daha nəzakətli edir). Sake içilən zaman bir qurtum tərəddüdü, üç və ya daha artıq qurtum isə acgözlülüyü təmsil etdiyi üçün samuray hər biri iki qurtumdan ibarət olan iki çoko sake içirdi. Bu da cəmi dörd qurtum edirdi. 4 rəqəminin heroqlifinin oxunuşu “şi”, həmçinin, 死 – “ölüm” mənasını verən heroqlifin oxunuşu ilə eyni olduğuna görə, 4 qurtum sake içmək “ölmək” mənasını verirdi. 

Ölüm şeiri

Seppuku etməzdən qabaq samuray bir cisei (自制 – şeir) yazırdı. Ölümü yaxınlaşan şəxs üçün əhəmiyyətli hesab edilən bu şeirin ölümün təbiəti və yaşamın dəyəri haqqında xüsusi məna kəsb etdiyinə inanılırdı. Şeir ümumilikdə keçici duyğular mövzusunda, zərif və təbii şəkildə yazılmalıdır. Şeirdə samurayın yaxınlaşmaqda olan ölümündən bəhs edilməsi zəif və kobud ədəbi forma kimi qəbul edilirdi.

Ölüm şeirinin əhəmiyyəti

Bu, samuray üçün də vacib idi, çünk şeir onun xarakterinin əsalətinə və ölümündən sonra necə xatırlanmaq istədiyinə dair yazılı mənbə kimi qalacaqdı. Məsələn, məşhur “47 ronin” hadisəsini sürətləndirən və seppuku aktı icra edən Asano Naqanorinin həyatının sonunun gəldiyini vurğuladığı zəif bir ölüm şeiri yazdığı, bununla da yetişkin olmadığı və xarakter əksikliyini göstərmiş olduğu söylənilir.

Asano Naganori

Seppukunun tamamlanması

Samuray seppuku etmədən öncə yuyunar, ağ geyinər (şini-şōzoku) və ən sevdiyi yeməyi yeyərdi. Ənənəyə görə, samuray özünü hazır hesab edəndə kimonosunun qabağını, qarın nahiyəsini açır, sonra isə əli ilə bıçağını qaldırır və digər əli ilə onu qınından çıxarıb kənara qoyurdu. Özünü hazırladıqdan sonra bıçağı qarnının sol tərəfinə batırıb cəld hərəkətlə sağ tərəfə doğru kəsməyə davam edir, diafraqmanı və mədəsini parçalayardı. Daha sonra isə bıçağı yarasının içində çevirir və yuxarıya doğru kəsirdi.

Kaişakunin ilk ağrını gördükdə samurayın boynunu kəsəcəyi üçün samurayların bu qədər istirab çəkməsinə ehtiyac olmurdu.

Axıra qədər edilən seppuku kəsimi “cumonci” (十文字 – mənası 10 heroqlifi şəklində), yəni xaç şəklində kəsim olaraq tanınır və bu, cuun-buun seppuku olaraq qəbul edilir. Cuun-buun seppukuda kaişakunin yoxdur.

Samuray ölüm ərəfəsində həyatının son anlarını yaşasa da soyuqqanlılığını, gücünü qorumalı və zehni ilə bədənini tam şəkildə idarə edə bilməlidir. Əgər samuray özünə yaraşmayan bir formada ölərsə, həyatı boyu qazandığı şöhrəti mənasını itirər. Bu prosesi reallaşdıracaq samuraylar üçün soyuqqanlı və sakit olmaq ideal ikən, XVIII əsrdə “Haqakure” kitabı və başqa Edo dövrünün kitabələrində samurayların seppuku etməzdən əvvəl soyuqqanlılıqlarını itirdikləri və bəzi hallarda isə zorla başlarının kəsilməsi lazım olduğu hekayələrindən danışılır.

Əlbəttə ki, samurayın bütün seppuku ritualını reallaşdırması üçün kifayət qədər vaxtı olmaya bilirdi. Buna görə də öz boğazını kəsmək, özünü ağzında qılıncla çapan atdan və ya uçurumdan aşağı atmaq kimi intiharlara da icazə verilirdi.

Samurayın intihar etməsi üçün fərqli səbəblər

Samurayın intiharı üçün bir neçə səbəb vardı. Bunlardan birincisi cunşi (遵守) – samurayın ağasının ölümünü izləyərək intihar etməsidir. Bu, samurayların meydan döyüşü günlərində geniş yayılmışdı. Məsələn, Genpei döyüşünün son qarşıdurmasında ümidsiz general Taira Tomomori həyatına son qoymağa qərar verir. Çağırdığı ögey qardaşı Tomomorinin ikinci zirehli geyimini geyinməyə kömək edir və özü də geyinir. Əl-ələ tutaraq dənizə atılırlar. Bunu görən 20 samuray generalları getdikdən sonra arxada qalmamağa qərar verərək ağır zirehlərini geyinir, batacaqlarından əmin olmaq üçün bellərinə ağır cisimlər bağlayıb, əl-ələ tutaraq dənizə atılırlar.

Taira Tomomori, 12-ci əsr

Funşi (憤死) – insanın bir vəziyyətə olan incikliyini ifadə etmək məqsədilə həyata keçirilən intihar növüdür. Ən məşhur nümunəsi, ölkəsində ənənəvi dəyərlərin itirildiyini düşündüyü üçün 1970-ci ildə yazıçı Mişima Yukionun bu vəziyyətə qarşı etiraz əlaməti olaraq öz qarnını deşməsidir. Ancaq seppuku aktı 1873-cü ildə qüvvədən düşdüyü üçün onun intiharı daha çox köhnəlmiş və milli utanc olaraq qəbul edilmişdi.

Yukio Mişimanın ölüm şeiri:

Kiçik bir gecə fırtınası əsir
“Düşmək çiçəyin cövhəridir” demək
Tərəddüd edənləri qabaqlayaraq.

Yukio Mishima, Tokyo, 1970

Kanşi (監視) – etiraz etmək üçün edilən intihar növüdür. Samuray mübarizəsini açıqlamaq üçün, ya da digər bütün inandırma formaları təsirsiz olduqda ağasına işarə edərək intihar edərdi. Bunu 1553-cü ildə Hirate Nakatsukasa Kiyohide etdi. Ağası, Oda Nobunaqanın yolunu dəyişməsi üçün intihar etdi.

Nobunaqanın bir gənc kimi davranışının rüsvayçı olduğu deyilirdi. Hirate, Nobunaqanı yolunu dəyişdirməyə çağıran bir məktub yazır və daha sonra kanşi icra edir. Ölümünün Nobunaqa üzərində dramatik təsiri olduğu deyilir. Nəticədə o, yolunu dəyişir və Hirateni şərəfləndirmək üçün Ovaridə Seisyu-cini inşa edir.

Oda Nobunaqa

Sokotsu-şi (粗忽市) – günahı olan samurayın günahını yumaq üçün etdiyi intihar növüdür. Təqsirkarlığın bir nümunəsi də özünə xidmət edən birinə əsəblə hücum etməkdir və bu ölümlə cəzalandırıla bilən bir haldır. Adətən intihar seçimi təklif olunurdu. Samuray ağasının döyüşdə və ya sui-qəsdçi tərəfindən öldürülməsindən qorumaq vəzifəsini yerinə yetirə bilmədiyi üçün də intihar edə bilərdi.

Seppuku qadağan olunmasına baxmayaraq, günümüzə qədər mövcud olmuşdur. Bunun səbəbi isə Yaponiya cəmiyyətində qəbahətli olmağın böyük utanc və şərəfsizlik olaraq qəbul edilməsidir. Bunun qarşısını almaq üçün də seppuku edilirdi.

Xəyalə Əlizdə © yapon.az

3.Samuraylar kimi danış

Əvvəllər samuraylar bellərinə qılınc taxırdılar. Samurayların taxdığı qılınclar iki cür olurdu: uzun qılınc və qısa qılınc. Uzun qılınca, adətən, “katana”, ya da “taçi” deyirdilər, qısasına isə “vakizaşi”. Qısaca “böyük və kiçik” [大小] (oxunuşu: daişou) deyən də olurdu.

Katana və vakizaşi

Katana samuray üçün o qədər dəyərli idi ki, “katana samurayın ruhudur” da deyilirdi. İnanırdılar ki, qılınca samurayın ruhu hopur. Elə bu qədər dəyərli olduğuna görə yapon dilində katanadan yaranan bir çox söz var. “Ailə xəzinəsi qılıncı”「伝家の宝刀」(oxunuşu: denka no houtou) ailədə nəsildən nəslə ötürülən mənəvi dəyərli bir katanadır. Bir müddətdən sonra həmin söz gündəlik istifadə olunmayan, ancaq vacib məqamlarda üzə çıxarılan nəyisə təsvir etmək üçün istifadə olunmağa başlandı. Belə deyirdilər “ailə xəzinəsi qılıncı çəkin”.

Ailə qılıncları

Belə sözlərə “sukedaçi”「助太刀」də daxildir. Bu söz “adauçi”, ya da döyüş zamanı kiməsə gücünü vermək mənasındadır. “Adauçi” isə öz növbəsində sənə dəyərli olan birini – ağanı, valideynini, qardaş-bacını və s. – öldürən birini öldürərək intiqam atəşini söndürməyə deyilir. “Hataşiai” isə döyüş zamanı canını ortaya qoyub döyüşməyi ifadə edirdi. Beləcə, bu söz yavaş-yavaş döyüşdə güc vermək, dəstək olmaqdan real həyatda kömək etmək, borc verməyə çevrilib. Məsələn, “işdə böyüyündən “sekudaçi” istəmək” formasında istifadə olunur.

“Kaito”「懐刀」kimononun yaxalığında, ya da qurşağında gəzdirə biləcəyiniz balaca qılınc – qəmədir. Bu qəmənin əsas məqsədi çətin anlarda özünüzü qoruya biləcəyiniz bir şey olmağıdır. Bir digər adı da “kaiken”dir. Bu söz də zamanla öz mənasını itirib özündən vəzifəlini qoruyan birini təsvir etməyə başlayıb. Artıq “başçının kaitosu” deyiləndə onun etibarlı işçisi nəzərdə tutulur, qəməsi yox.

Kaito

“Marukoşi”「丸腰」deyiləndə üstündə silahını gəzdirməyən samuray nəzərdə tutulur. Yavaş-yavaş bu söz də əli tamam boş, silahsız olan adamı ifadə etməyə başlayıb. Yeri gələndə “Marukoşi dayanmaq”, yəni əliboş dayanmaq formasında istifadə olunur.

Eləcə də “qarnını kəsmək”「自腹を切る」(oxunuşu: cibara o kiru)sözünün “cibara”sunda qarın nəzərdə tutulur. Bir növ harakiri, yəni seppuku adlanan intihar formasını təsvir edir. Amma oradakı “cibara” artıq öz cibindən nəyisə ödəmək mənasını verməyə başlayıb. Məsələn, ofisdə vəzifəli bir insan “qarnımı kəsib öz işçilərimlə içməyə gedirəm”「自腹を切って部下と飲みに行く」(oxunuşu: cibara o kitte bukato nomini iku) deyirsə, öz hesabına işçilərinə qonaqlıq verdiyi başa düşülür.

İki tərəfi kəskin qılınc –「諸刃の剣 (oxunuşu: moroha no tsuriqi) 」hər iki tərəfi kəsən qılınc deməkdir. Bu qılınc adi katanalardan fərqlənirdi, çünki katanaların, adətən, bir tərəfi kəskin olurdu. Edo dövründə samuraylar nadir hallarda “tsurugi”「剣」istifadə edirdilər. Çünki bu qılıncların hər iki tərəfi kəskin olduğuna görə, rəqibinə qılınc çəkəndə özünü də yaralaya bilərdin. Elə buna görə də, yavaş-yavaş「諸刃の剣」bir tərəfdən çox faydalı, digər tərəfdən isə olduqca təhlükəli ola bilən nəyisə ifadə etmək üçün istifadə olunmağa başlanıb. Belə hallarda deyirlər “bu fikirlə razılaşmaq tsurugi ilə döyüşmək kimidir”

「太刀打(が)できない」(oxunuşu: taçiuçi qa dekinai) ifadəsindən gələn “taçi-uçi”「太刀打」 uzun qılınc olan “taçi” zərbəsinin qarşısında durmaq qabiliyyətini izah edir. Əgər “taçi” zərbəsini dəf edə bilmirsinizsə, deməli, ya siz döyüşməyi bacarmırsınız, ya da rəqibiniz çox güclüdür. İndiki dövrdə isə “o adama taçi çəkə bilmirəm” deyəndə, qarşınızdakının sizdən güclü olduğunu boynunuza almış olursunuz.

Gəlin indi isə katananın hissələrinin adından yaranan ifadələrə nəzər yetirək. Məsələn, güclü rəqabət しのぎをけずる “şinogi o kezuru” adlanır. “Şinogi” katananın bıçaq olan tərəfi ilə bıçaqsız tərəfi arasındakı azca hündür olan hissədir. Qılıncla döyüşən zaman bıçaqların hissələri bir-birinə dəydikdə bıçaqlar boşalıb kəsilməz vəziyyətə düşür, ona görə də katanın “şinogi” hissələri bir-birinə vurularaq döyüşülür. Katana dəmirdən hazırlanmış qılınc olsa da, keçmişdə şinogi hissəsi “yaralamaq üçün sərt vuruş” mənasını verirdi. Bundan sonra “şinogi o kezuru” şiddətli hücum, rəqabət, döyüş mənasını verdi. Məsələn milli turnirdə 6 komanda bir-birilə “şinogi o kezuru” deyildikdə, yəni “komandalar şiddətli döyüşür, rəqabət aparır” mənasında istifadə olunur.

Bir insanın xasiyyəti, hobbi və zövqü başqasının zövqünə uyğun gəlmirsə, buna そりが合わない “sori qa avanai” yəni “uyğunsuzluq” deyilir. Həmçinin insanın xasiyyəti, hobbi və zövqü uyğun gələndə 反りが合う “sori qa au” yəni “uyğunluq” deyilir. “Sori” sözü katananın formasından götürülübdür. Katana elə hazırlanmışdır ki, uc hissəsi gövdəsinə baxır. Qılıncın bu əyri formasına “sori” deyilir. Qılınc istifadə edilmədikdə, digər əşyalara zərər verməmək üçün さや “saya” adlanan uzun, dar bir qaba (qın) qoyulur. “Saya” katananın əyri formasına uyğun olmadıqda, katana “saya”nın içərisinə sığışmır. Katananın meyilli hissəsi ilə “Saya”nın (qılıncın qabı) formaları bir-birinə uyğun gəlmədikdə, “Sori qa avanai” yəni “əyrilər uyğun gəlmir” deyilir. Əgər onlar mükəmməl uyğunlaşarsa, “Sori qa au” yəni “bir-birinə uyğundurlar” deyilir. Bu söz ”işdə olan insanlarla yola gedə bilmirəm” və ya əksinə kimi halları izah etmək üçün istifadə olunur.

Gücündə heç bir fərq olmadığı və hər iki tərəfin qalib gələ bildiyi eyni səviyyədə iki nəfər mübarizə apardıqda buna つばぜり合い “tsubazeriai” deyilir. “Hər iki komanda güclü döyüşür ” kimi məna verir. Qılıncın əl ilə tutulan hissəsinə 柄 “tsuka” (qulp), həmin hissə ilə qılıncın əsas gövdəsi arasında olan düz lövhəyə isə つば “tsuba” deyilir. “Tsuba” adətən dəmirdən, “tsuba”nı tutan əlin qılıncın kənarı ilə cızılmayacağı formada hazırlanır. Qılıncla döyüşərkən hər iki tərəf bir-birinə yaxınlaşdıqda qıvılcım çıxaracaq formada bir-birinə şiddətlə vuraraq döyüşməsinə isə 競り合い “zeriai” deyilir. Yəni “zeriai” döyüşmək, ”tsubazeriai” isə bir-birinin qılınc hücumlarını qəbul edərək, bir-birini itələmək deməkdir. Beləliklə də “tsubazeriai” iki tərəf arasında güc fərqinin olmadığı bir vəziyyətdə döyüşüldükdə, kim qalib gəlsə də təəccüblənəcək hal yoxdur deməkdir.

Katananın “ağız” hissəsində せっぱ “seppa” deyilən hissə var. Bu, qılıncın qabının içərisinə daxil edildiyi zaman asanlıqla sürüşməsinin qarşısını almaq üçündür. Bu hissədə bir az boşluq olmalıdır. Əgər bu boşluq olmazsa, katananı qınından (saya) çıxarmaq və ya daxil etmək mümkün olmur. Buradan 切羽詰まる “seppa tsumaru” sözü yaranıb. つまる “tsumaru” qılıncı qınından çıxara bilməmək deməkdir. Qılınc kritik anlarda istifadə edilə bilmədiyi üçün “seppa tsumaru” nəyinsə sürətlə yaxınlaşdığını və bununla bağlı heç nə edə bilməməyi bildirir. Məsələn, ”Pulum bitdi, çarəsiz qaldım və valideynlərimdən kömək istədim” demək üçün istifadə olunur.

Bellərində qılınc olan samuraylar artıq yoxdur, lakin qılıncdan yaranan sözlər müasir günümüzdə yapon dilində hələ də yaşayır.

Cəmilə Məmmədli/Əliyev İbrahim ©yapon.az

4. Samuray qadınlar 

Qədim Yaponiyada “samuray” sözü kişilərə aid edilsə də, tarix boyu döyüşlərdə kişilərlə birgə vuruşan qadın döyüşçülər də az olmamışdır. “Onna muşa (女武者)” və ya “onna bugeyşa (女武芸者)” adlanan qadın döyüşçülər təlim keçərək yüksək döyüş bacarıqlarına – özünümüdafiə və hücum manevrləri, həmçinin qılıncdan istifadə bacarıqlarına yiyələnirdilər.

Samuray ailələrinin qadın üzvləri “naginata (薙刀)” ilə döyüşməyi öyrənməli və təhlükədən qorunmaq üçün geyimlərinin altında “kaito(快刀)” gəzdirməli idilər.

Naginata” uzun dəstəyə bərkidilmiş əyri ucluğu olan yapon nizəsidir və bu gün də “naginatado (薙刀道)” adı ilə döyüş sənəti kimi öyrənilməkdədir. Keçmişdə naginata qadınların simvolik silahı olduğundan, müasir dövrdə “naginatado müəllim”lərinin 90%-dən çoxunu məhz qadınlar təşkil edir.

Naqinata qılıncı

Kaito (快刀)” isə “gizli qılınc” deməkdir. Samuray ailələrində qadınların özlərini müdafiə etmək üçün kimonolarında gizlətdikləri qısa qılınc növüdür. Zəruri hallarda qadınlar öz klanlarının şərəfini qorumaq üçün kişilər kimi “seppuku” və ya “harakiri” edərkən “kaito”dan istifadə edirdilər.

Qadın gözətçilər

Edo dövründə bəzi bölgələrdə “beşşikime” adlı xüsusi qadın gözətçilər var idi ki, onlara rəsmi olaraq samuraylar kimi qılınc gəzdirməyə icazə verilirdi.

Vəzifəsi feodalların həyat yoldaşını qorumaq olan bu gözətçi vəzifəsinə kişilər seçilə bilməzdilər. Bunun səbəbi feodalların, xanımları ilə samuraylar arasında yarana biləcək “gözlənilməz münasibətlər”dən ehtiyat etməsi idi. “Beşşikime”lər yaxşı maaş aldığı və yüksək sosial statusa malik olduqlarından, bir çox qadın gözətçi olmağa can atsa da, bu vəzifəyə seçilmək üçün onlar da samuraylar kimi xüsusi qılınc təlimi keçməli və yüksək nəzakət qaydalarına yiyələnməli idilər.

Tomoe Qozen

Tomoe Qozen Kamakura dövrünün ən güclü samuraylarından biri olmuşdur. Bu dövrdə əvvəlcə ev sahiblərini qorumaq üçün cangüdən kimi fəaliyyət göstərən samuraylar tədricən daha çox güc qazanmağa başladılar.

Kifayət qədər güclənən samuraylar Yaponiyanın idarəsini əlinə keçirməyə müvəffəq oldular. Samuraylardan ibarət hökumət “şoqunluq” və ya “bakufu (幕府) ”, ilk şoqunluq isə “Kamakura bakufu(鎌倉幕府) ” adlandırıldı. Kamakura şoqunluğunun ilk lideri Yoritomo Minamoto idi. Onun taxtı ələ keçirməsində həmin dövrün məşhur samurayı, eləcə də əmisi oğlu olan Yoşinaka Minamoto böyük rol oynamışdır . Tomoe Qozen Minamotonun sevimli cariyəsi və eyni zamanda dövrünün olduqca güclü qadın samurayı idi. Mənbələrdə Tomoe Qozen uzun saçlı və açıq dərili qadın kimi təsvir edilir.

Tomoe Qozenin döyüşlərin birində Yoşinaka Minamoto ilə birlikdə döyüşən və yüz minlik ordunu cəmi bir gecədə məğlub edərək müharibənin gedişatını dəyişdirən general olduğu qeyd edilir. O, həlak olduğu döyüşdə Yoşinaka Minamoto ilə döyüşən son beş samuraydan biri idi. Bu döyüşdə ona qaçmaq əmri verilmişdi, çünki düşmənin samurayın öz cariyəsini son döyüşə gətirdiyindən xəbər tutması samuray adına xələl gətirərdi. Bu döyüşdə Tomoe Qozen düşmən qoşununun ən güclü samurayını məğlub edərək qaçmağa müvəffəq olmuşdur.

XII əsrin sonlarında yaşamış Tomoe Qozen haqqında saysız-hesabsız əfsanə və hekayələr mövcuddur. Bu adla tez-tez kitablarda, musiqilərdə, şeirlərdə, filmlərdə, tarixi romanlarda rastlaşa bilərsiniz. Yaponiyanın müxtəlif bölgələrində Tomoe Qozen abidələrinin olması da heç təəccüblü deyil.

Nakazava Koto 

Nakazava Koto XIX əsrin sonlarında – müharibə və anarxiyanın cərəyan etdiyi dövrdə yaşamış qadın samuraylardan biri olmuşdur.

Atası “kencutsu (剣術- yapon qılınc sənətidir)” ustadı olduğundan, o, uşaq yaşlarından etibarən qılıncla döyüş bacarığına yiyələnmişdir. Deyilənə görə, Nakazava Koto “naginata”da o qədər məharətli idi ki, 14 yaşında olarkən atasına – öz ustadına qalib gələ bilmişdir.

XIX əsrin sonu Yaponiyada “qərbləşmə”nin təlatümlü dövrü idi. Qərbləşmə istiqamətində verilən qərarlardan narazı qalan samuray klanları şoqunluqları devirməyə cəhd edirdilər. Bu cür samuraylar “coişişi (terrorçu)” adlanırdı. Belə bir şəraitdə artıq samuraylara etibar edə bilməyən şoqunluqlar hökumətin mühüm adamlarını qorumaq üçün təlim keçmiş sıravi insanları döyüşlərə cəlb etməyə başladılar. Kişi cildinə bürünən Nakazava Koto qardaşı ilə birlikdə Kyotoya gedərək Tokuqava şoqunluğunu qoruyan “Roşiqumi” qrupuna qoşuldu. Gedən döyüşlərdə qılıncla bacarıqlarını məharətlə nümayiş edərək minlərlə döyüşçünü məğlub etsə də, mübarizənin sonunda şoqunluqların “coişişi”lərə qarşı mübarizəsində məğlub olması və yeni hökumətin bərqərar olması səbəbi ilə o, qardaşı ilə birgə öz yaşadığı şəhərə qayıtmalı oldu.

Boyunun kifayət qədər hündür olması (170 sm) Nakazava Kotonun kişi qiyafəsinə girməsini asanlaşdırmışdır. Onun şücaəti və döyüşməkdə olduqca məharətli olması ilə bərabər, qeyri-adi gözəlliyə malik olması da mənbələrdə qeyd olunur. Nakazava Koto haqqında yazılmış bir hekayədə deyilir:

“Koto kişi geyimində olarkən bir çox qadınlar,

Qadın geyimində olarkən bir çox kişilər ona aşiq olur.”

“Coişişi”lərə məğlub olduqdan sonra yaşadığı şəhərə qayıdan 30 yaşlı Nakazava ailə qurmaq qərarı alır. Bir şərtlə: Ailə quracağı şəxs ondan güclü olmalı və dueldə məğlub etməli idi. Lakin Nakazava ailə qurmadan 88 yaşında dünyasını dəyişir. Onun Qunma prefekturasında yerləşən abidə ucaldılmış məzarını bu günkü gündə də çox adam ziyarət edir.

Günel İsmayılova ©yapon.az

5. Alatoran samuray

“Alatoran samuray” kimi tərcümə olunan “Tasoqare Seibei” filmi rejissor Yoci Yamadanın samuraylar haqqında trilogiyasını başlayır. 1860-cı illər Yaponiyasında ən aşağı (pillə) vəzifə sahibi olan Seibei (oyuncu Hiroyuki Sanada) anası və qızları ilə birgə kənddə yaşayır. Onlar arasında maddi və fiziki mənada digərlərinin qayğısına qala biləcək yeganə insan da elə Seibeidir. Seibei o qədər kasıbdır ki, həyat yoldaşının cənazəsini təşkil etmək üçün samuray qılıncını satmalı olur. Cəmiyyətdəki mövqeyindən və həyat yoldaşının ölümündən məyus olan Seibei, nəhayət, uşaqkən sevdiyi bir qadının Tomoenin (oyuncu Rie Miyazava) gəlişi ilə yenidən həyəcanlanır. Ona qarşı duyğuları hələ də güclüdür, ancaq ailə, iş və sosial yüklər Seibeini istəklərini reallaşdırmasına mane ola bilər.

“Kiçik insan” mövzusuna yaponların yanaşması – amansız vəziyyətlərin bir insanın hissləri və prinsipləri ilə toqquşması, – filmin əsas qayəsidir. Film 2002-ci ildə ekranlaşdırılıb (İMDb reytinqi 8.1/ 10).

Sevinc Nur © yapon.az

Əvvəlki bölümləri oxu:

“YaponAz Elektron Yaponiya jurnalı (7-ci bölüm)” üçün bir cavab

  1. […] Ninca: uçan döyüşçü, yoxsa casus? / Nincalar haqqında maraqlı faktlar […]

YaponAz Elektron Yaponiya jurnalı (İçindəkilər) – Yapon Dili Saytı üçün bir cavab yazın Cavabı ləğv et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.