YaponAz Elektron Yaponiya jurnalı (6-cı bölüm)


Uğuru qapınıza “bento” qutuları ilə gətirdik ki, Ryu Murakaminin əsərlərini əllərində yelpik ilə oxuyan geişaları yaxından tanıyasınız! Yalnız bir səhifədə qalaraq bir-birindən maraqlı məqalələri elə indi oxumağa başla.

Məqalələr yapon.az saytına aiddir.

Başlıqlar:

  1. Uğurun simvolu və ya Maneki Neko əfsanəsi
  2. “Bento” qutuları
  3. Geişa
  4. Yaponiyada yelpik; tarixi və fəlsəfəsi
  5. Ryu Murakami

1.Uğurun simvolu və ya Maneki Neko əfsanəsi

Maneki Neko bir çox adla tanınır; “uğur gətirən pişik”, “çağıran pişik”, “işarə verən pişik”, “əl edən pişik” və sairə. Eyni zamanda, təmsil etdiyi məna da cürbəcürdür. Ümumilikdə, qaldırılmış sol əl həm iş dünyasındakı nailiyyəti, həm də evin qorunmasını bildirir.

Bir çoxları tilsimi Çin işgüzar strukturları ilə əlaqələndirsələr də, əslində kökləri Yaponiyaya dayanır. Bu barədə müxtəlif fərziyyələr var, lakin ən yaddaqalan əfsanəyə görə, ilk pişiyin ilham mənbəyinin Tokyoda Setaqaya ərazisindəki (öz məbədinin tapıldığı) Gotokuciyə aid olmasıdır. (Gotokuci Stansiyası Tokyodakı Şinjuku Stansiyasından qatarla sadəcə 15 dəqiqəlik məsafədədir.).

Məbədin yerləşdiyi sakit və səssiz məhəllədə gəzərkən burada, keramikadan hazırlanmış balaca pişiklərlə dolu olduğunu görə bilərsiniz.

Sakinlərin dediyinə görə 1400-cü illərdə məbəd adi bir daxma olsa da, buna önəm verməyən keşiş az gəliri ilə yaşamağa çalışırmış. Çox sevdiyi pişiyi var idi ki, onunla yeməyini belə paylaşırmış.

Günlərin bir günü pişikdən ona şans gətirməsini istəyir. Bir müddət sonra, yağışlı gündə bir neçə samuray keşişin qapısına gəlir və yolda pişiyin onlara əl elədiyini deyirlər. Keşiş onlara çay verir və öz bildiklərini paylaşır. Samuraylar çox məmnun olurlar və biri özünü Koşu əyalətindəki Hikone lordu Naotaka Li olaraq tanıdır. Gözlərini keşişin sözləri ilə açan və bunu Buddanın iradəsi kimi qəbul edən Lord, düyü tarlaları və toxumlarını məbədə hədiyyə edərək onu hazırki nəhəng məbədə çevirir.

İllər sonra pişik öldükdən sonra Şobyo Kanon adlı mərhəmət tanrısı kimi adlanır və şərəfinə abidə inşa edilir.

Bugünki Gotokuciyə gələn ziyarətçilər qəbul olunan diləkləri üçün şükür əlaməti olaraq, quyruqlu tilsimləri (talisman) – Maneki Nekonu məbəddə qoyurlar. Buradakı maneki nekolar pişik ordusu kimi görünür.

Məbəddə daha çox alınan, şükür etmək naminə qoyulan, ya da yaxşı şans üçün hədiyyə götürülən maneki nekolar 3 santimetrdən 30, 46 sm-ə qədər dəyişir.

Maneko Nekonun rəngləri

Gotokuci məbədindəki pişik fiqurları tamamilə ağ olsa da, fərqli rəngdəki pişiklər müxtəlif məna ifadə edirlər. Ənənəvi üçrəngli versiyaları ümumilikdə rifah, ağ – saflıq, qara – uğur, qırmızı – sağlamlıq və ya xəstəlikdən qorunmaq, çəhrayı – aşiqlər üçün şans mənasını verir. Bəziləri qızılı rəngin xüsusi bir sərvət qazandırdığına, bəziləri isə akademik cəhətdən yaşılın uğur gətirdiyinə inanır. 

Çox vaxt eyni rəngdə bir neçə Gotokuci fiquru gözə dəyir. Bəzilərinin uzun illərə dayanan tarixləri və ya üzərinə yazılan, təmsil etdikləri mesajları vardır. Bəzilərində [Miyao!], “Yemək!” kimi yazılar var, bəzisi idman üslubunda mini-sombrero, digəri də inci boyunbağı taxır. Miniatur versiyaları rəflərin arasında və hətta daha böyük bir pişiyin üzərində ola bilirlər. Qısaca hər yerdə ola bilirlər.

Maneki Neko həvəskarlarını Gotokuciyə getməyə sövq edən məqamları izah etməyə çalışan Ohio (ABŞ), “Cincinnati”dəki (ing.) xoşbəxt pişiklər muzeyinin sahibi Mika Robertson bildirib ki, tarixi dəyərindən başqa, “bütün pişiklər eynidir kimi görünür, amma əslində hər biri fərqli bir insanın ümidlərini və ya arzularını təmsil ədir”. 

Maneki Nekolar ümumilikdə, boyanmış önlük geyinir və zınqırov taxırlar. Bu aksesuarlar keşiş Gotokucinin pişiyinə qayğı və diqqətlə baxdığını bildirir.

Bundan əlavə, əlində pul tutan pişiklər də geniş yayılıb, ancaq samuray ailəsinin məbədində tapılan Gotokuci maneki nekoların əlləri boşdur.

Hazırda maneki nekolar keramik və plastikdən, müxtəlif ölçü, forma və rənglərdə hazırlanır. Müxtəlif əşyaların bəzədilməsində istifadə olunur. 

Xəyalə Əlizadə © yapon.az

2. “Bento” qutuları

Yapon yemək mədəniyyətinin ayrılmaz hissəsi olan “bento”lar içərisində sağlam və dadlı yeməklər olan nahar qutularıdır ki, onları Yaponiyanın demək olar ki, hər yerindən- marketlərdən, bento dükanlarından, dəmiryol vağzallarından, böyük supermarket və univermaqlardan əldə etmək mümkündür. Yaponların bir çoxu məktəb, universitet və işə sağlam və qənaətcil seçim olan öz bento naharlarını hazırlayaraq gətirirlər. Rəng və inqrediyentlərin yeməyi dadan şəxslərin təkcə dad deyil, həm də vizual olaraq həzz ala bilmələri üçün xüsusi diqqət və səylə hazırlandığı bu nahar qutuları əsasən düyü və yan yeməklərdən (tərəvəzlər, yumurta, balıq, toyuq və s.) ibarətdir ki, onların da saysız-hesabsız növləri mövcuddur.

Bu dəfəki məqaləmizdə bentonun qısa tarixi və bir neçə növündən bəhs etmək istəyirik.

  1. “Sagecu” (提げ重): “hanami” və çay mərasimlərində yeməklərdən həzz alma

“İş, səyahət və ya müharibə zamanı kənara yemək daşımaq” mədəniyyəti Yaponiyada təxminən 1000 il əvvəl hökmranlıq edən Heian dövründən bəri mövcud olmuşdur. Bununla belə, bugünkü bento qutuları Senqoku müharibəsi dövrünün ikinci yarısından (1467-1615) hazırlanmağa başlanmışdır. Həmin dövrdə yüksək təbəqədən olan insanlar üçün “hanami” (花見– çiçəkləri izləmək, yaponların çiçəklərin gözəlliyindən həzz alma adətidir) və “momiciqari” zamanı (紅葉狩り– payız yarpaqlarının tökülməsini izləmə adəti) naharı ev xaricində yeyə bilmələri üçün hazırlanan nəhəng bento qutuları “sagecu” (提げ重) adlanırdı və boşqab, çubuq, su süşələri, sake içmək üçün istifadə olunan qədəhlər bu qutunun içərisinə qoyulurdu. Təkcə yeməyin daşınması deyil, həm də rəngarəng naharın göz oxşaması məqsədi daşıyan “sagecu” bentonun prototipi hesab olunur.

  1. “Maku no uçi bento” (幕の内弁当): tamaşa fasilələrində yeyilən bento

Senqoku müharibəsi dövründən sonra uzun müddət davam edən və sakitlik, dincliklə müşayiət olunan Edo dövrü başladı. Sadə insanların həyatı sabitləşdi, “hanami” “momiciqari” zamanı bento qutularından yemək mədəniyyəti adi hal aldı. Məhz bu dövrdə yayılan “kabuki” və “no” kimi ənənəvi yapon teatr sənətinin fasilələri zamanı tamaşaçılara bento qutuları təqdim edilirdi. Bunlar “maku no uçi bento” (幕の内弁当) adlanırdı və hazırda da kabuki tamaşalarında fasilə zamanı verilməyə davam edir. “Maku no uçi” hərfi mənada “pərdələrin səhnənin sonundan növbəti səhnənin başlanğıcına qədər endiyi vaxt” deməkdir. Bu gün “maku no uçi bento” demək olar ki, istənilən bento mağazalarında satılır və istədiyiniz zaman həmin qutulardan alaraq, yeməklərin dadından zövq ala bilərsiniz.

  1. “Eki ben” (駅弁): qatarla səyahət zamanı yeyilən bento

Uzun və dinc Edo dövrü 1868-ci ildə qərbləşmiş Meici hökumətinin hakimiyyəti ələ keçirməsi ilə sona çatdı. Yaponiyanı hərbi gücə malik daha müasirləşmiş ölkəyə çevirmək məqsədilə hökumət bütün Yaponiyada dəmir yollarının açılmasına təşəbbüs göstərdi. Bu, səyahətçilərin qatar gəzintiləri zamanı zövq alması üçün stansiyalarda satılan məşhur “eki ben” (駅弁) stansiya bentolarının yarandığı dövrdür. Hər bir bölgə şəhəri tanıtmaq və turistləri öz turizm yerlərinə cəlb etmək məqsədilə, yerli mətbəxinə məxsus yeməklərin hazırlanmasında xüsusi yerli inqrediyentlərdən istifadə edirdi.

  1. “Kyara ben” (キャラ弁): şirin personajlar, heyvanlarla (anime, film, cizgi film və s.) bəzədilmiş yeməklərdən ibarət bento

İkinci Dünya Müharibəsində məğlub olduqdan və Meici hakimiyyətinin başa çatmasından sonra Yaponiya texnoloji yeniliklər, artan investisiyalar və kifayət qədər gənc işçi qüvvəsi sayəsində təxminən 20 il davam edən sürətli iqtisadi artım yaşadı və bento qutuları Yaponiyanın hər yerində satılmağa başladı. İnsanlar şirin və gözəl dizayn edilmiş anime, cizgi film personajlarını hazırlamaq üçün xüsusi inqrediyentlərdən istifadə edirdilər. Bu qutular əvvəlcə uşaqların yemək vərdişlərinə təsir edərək, onlara sağlam qidaları sevdirmək məqsədi daşıyırdı və indi də valideynlər tərəfindən uşaqlar üçün rəngarənglik və qida balansına böyük diqqət yetirilərək hazırlanır.

Müasir dövrdə ən çox satılan bento növünün məhz “kyara ben” olması heç də təsadüf deyil.  Hətta hər il ən yaxşı “kyara ben”i müəyyən etmək üçün milli müsabiqələr də keçirilir.

Günel İsmayılova © yapon.az

3.Geişa

Yapon dilində “sənətçi” mənasını verən “geişa” (芸者) XVII əsrdə formalaşıb və günümüzə qədər əyləncə həyatında kişi müştərilərə mahnı, rəqs, söhbət və oyunlarla xidmət edən qadınlara verilən addır. Geişa dünyası yaponca “hanamaçi” (“çiçək qəsəbəsi”) və ya “karyukai” (“çiçək-söyüd dünyası”) adlandırılır.

1920-ci illərdə 80 min olan geişalar 1980-cı illərin sonunda 10 minə düşüb. Bunun ən önəmli səbəbi Qərb tərzində olan barların və burada çalışan qadınların getdikcə məşhurlaşmasıdır.

Geişa təşkilatı Edo dövrünün (1600-1868-ci illəri əhatə edən və Yaponiyanın ilk modern dövrü olaraq bilinən dövr) ortalarında ortaya çıxdı. İlk geişalar “hokan”, ya da “taikomoçi” deyilən rəqqas və müğənni kişilərdən meydana gəlib. Daha sonra bu qruplara qadınlar da qatılmağa başlayıb və sonralar yalnız qadınların peşəsinə çevrilib.

1700-cü illərdə geişa pozğun qadınla tən tutulurdu. Ancaq Edo dövrünün sonlarına doğru geişalar, rəsmi yığıncaqlar da daxil olmaqla, bir çox ictimai-siyasi fəaliyyət və yığıncaqlara çağırılmağa başlandı. Zamanla o, bugünkü əyləncə-sənət və yaxud xoş vaxt keçirtmək üçün yardımçı imicini formalaşdırdı. İndiki vaxtda geyşa əyləncələri, Yaponiyada ən bahalı əyləncələrdən biridir.

Geişaları “çay evi” deyilən yerlərdə daha çox görmək olardı. Yapon mədəniyyətinin ayrılmaz hissəsi olan çayxanaların sahibləri onları müqavilə əsasında işə götürürdülər. Geişa burda iş adamları ilə söhbət edir, şeirlər deyir, mahnı oxuyur, fleyta çalır, rəqs edir, qısası, onları əyləndirir.

Yaponiya mədəniyyətində ailəli qadına verilən önəmə görə geişalar mütləq subay olmalıdırlar. Evlənməyi seçənlər geişalıq peşəsini buraxmaq məcburiyyətindələr.

Yaponiya əyləncə dünyasında çalışan digər qadınlardan fərqli olaraq, bu qaydalara əməl edən geişalar peşələrini ömür boyu davam etdirə bilərlər. Yaxşı bir geişa olmaq üçün gözəllik və gənclikdən çox, gözəl sənətkarlıq və musiqi duyumu, şirin dil və müştərini gülərüz qarşılama kimi xüsusiyyətlər əhəmiyyətlidir. Buna görə də istənilən yaşda geişalığı davam etdirmək mümkündür. Peşəsini dayandıran geişalar ümumiyyətlə, bar, ya da restoran işlədirlər, yəni, bir növ, eyni sahədə qalırlar. Amma onların arasında müştəriləriylə evlənib fəaliyyətini saxlayan geişalara da rast gəlinir.

Ənənəvi geişalıq peşəsində hər geişanın romantik, cinsi və iqtisadi olaraq əlaqədə olduğu bir “danna”sı, yəni qoruyucusu vardır. Ancaq indiki vaxtda qoruyucuya sahib olmaq, ya da olmamaq geişanın öz qərarından asılıdır.

II Dünya müharibəsinə qədər olan dövrdə geişa olaraq yetişdirilmiş bir qızın, geişalıq səviyyəsinə çata bilməsi üçün “mizuage” mərasimi keçirilərdi. “Mizuage” mərasimində, tam təhsil aldıqdan sonra geişa önəmli bir müştəriyə çox böyük pul qarşılığında bəkarətini pozdurur və aldığı pulun böyük qisimini yetişdirildiyi geişa evinə təhsil xərci olaraq ödəyirdi. Bugünkü geişa evlərindəki qaydalar belə sərt deyil. Müştərilərdən alınan bəxşiş və hədiyyələrlə də rahat dolanmaq mümkündür. Buna görə də geişa evindən kənarda fəaliyyət göstərənlərin sayı durmadan artır.

Harda olursa-olsun, bir geişa bir neçə sənət sahəsində təhsili almaq məcburiyyətindədir. Geişa olacağı dəqiqləşən qızlar kiçik yaşlarında yetişdirilmələri üçün geişa evlərinə verilirlər. Onlara “şikomi” deyilir. Bu qızlar bütün ev işlərini qüsursuz bilməlidirlər. Qızlar tərbiyə edilmək üçün çox ağır şərtlər altında işlədilərlər.

Geişa evinə gələn qız xidmətçilik dövründən sonra şagirdlik dövrünə qədəm qoyur. Bu bir neçə il davam edir. Onlar hətta necə çay təqdim etməyi də öyrənirlər. Məlumdur ki, Yaponiyada çay təqdim etmək xüsusi bir mərasimdir. Şikomilər necə danışmağı, oturub-durmağı, siqaret yandırmağı, gəzməyi, şamisendə (klassik gitaranı xatırladan üçsimli çalğı aləti) çalmağı, rəqs etməyi, bambukdan düzəldilmiş fleytada ifa etməyi, ədəbiyyatı və şeiri öyrənirlər. Bundan əlavə, onlar bir neçə tərzdə mahnı ifa etməyi də bacarmalıdırlar.

13 yaşından 18 yaşına qədər olan dövrdə bu qızlar naşı geişa olaraq müştəri qəbul edirlər. Bu yaşlardakı naşı geişalara Tokio və ətrafında “hanqyoku” (“pul ləl-cəvahirat”), Kiotoda isə “maiko” (“uşaq rəqqasə”) deyilir. Naşı geişalıq dövründə geyilən xüsusi bir kimono və xüsusi saç düzümü olur.

Ənənəvi geişalık indiki vaxtda Tokioda tamamilə ortadan qalxıb, Kiotoda isə getdikcə azalmaqdadır. Yaponiya qanunlarına görə, hər kəsin ibtidai və orta təhsil alması zəruridir. Bu isə o deməkdir ki, qızlar ən tez 15 yaşında geişalığı öyrənməyə başlaya bilərlər. Başqa sözlə, əvvəllər bir geişanın “maiko”luqdan geişalığa keçdiyi dövr indi başlanğıc dövrüdür. Buna görə geişa evlərindəki qaydalar və tətbiqlər əvvəlki dönəmlərə nisbətən dəyişikliyə uğrayıb, müasir ictimai-əxlaqi qaydalar və qanunlara tabe olub.

Geişalar regional qruplara ayrılırlar. Bu bölgələrə “hanamaçi”, yəni “çiçək məhəlləsi” deyilir. Hər qrupun “kenban” deyilən qeydiyyat bürosu olur. Bir geişanın işləyə bilməsi üçün bu kenbanlardan birində qeydiyyatda olması və işləmək üçün icazəsi alması lazımdır.

Hər geişa qrupunun öz bölgəsində müştərilərini apardığı restoranlar olur. Bu restoranlarda görüşmə üçün lazımi tədbirləri müştəri görür. Ancaq müştəri “Geişa Birliyi”nin qoymuş olduğu qaydalarla razılaşmaq məcburiyyətindədir. Geişa ilə birlikdə olduğu müddətdə yemək, yol, sığınma kimi bütün xərclər müştərinin hesabına yazılır. Bundan başqa, müştəri geişa ilə keçirdiyi vaxt üçün də ayrıca pul ödəməlidir.

Məşhur inamın əksinə geişalar fahişə deyillər. Ən önəmli məqam bundan ibarətdir ki, geişalığa başladıqları andan etibarən onlara pul qarşılığında seksual xidmət göstərmək qanunla qadağan olunur.

Geişa cəmiyyətdə hörmətə malikdir. Onların vəzifələrinin peşəkar cəhəti budur ki, müştəriləri ilə cinsi əlaqədə olmurlar – yox, əgər belə bir təsadüf olarsa, bu onun istəyi ilə baş verir və peşəsi ilə əlaqəli olmur. Yəni özəl həyat hesab olunur.

Geişalara qarşı olan yanlış münasibət İkinci Dünya müharibəsi zamanı Amerikanın Yaponiyaya ordu yeritməsindən sonra alt-üst olur: amerikalı əsgərlər onlarla yatağı paylaşan yapon qızlarını “qisya” və yaxud da “qız-geişa” adlandırırdılar. Üstəlik, onların əksəriyyətinin pula ehtiyacı olduğu üçün özlərini “geişa” adlandırırdı, lakin geişa deyildilər.

Həm də Yaponiyada fahişələrə geişa yox, “yuco” (yuuco (遊女)) deyilir. Geişa və yucolar tarix boyu bir-birindən fərqləniblər. Məsələn, yucolar kimonolarının kəmərinə düyünü qabaqdan və sadə vururdular ki, gün ərzində açıb bağlayanda çətinlik yaranmasın. Eyni zamanda, onların paltarlarında və saç düzümlərində də ciddi fərqlər vardı. Beləcə, yucolar və geişalar zahiri olaraq da fərqlənirlər. Geişanın geydiyi kimononun tikilməsi, üzərinə naxışlar vurulması və boyanması iki-üç il vaxt alır. Yəni geişalar özlərinin tikdiyi xüsusi kimono geyinirlər. Lakin bu işi özləri yox, “otokosi” adlanan və “paltar geyindirən” mənasını verən işçilər görür. Təbii ki, onların köməyinə ehtiyac böyükdür. Çünki geişaların paltarları xüsusi olaraq hazırlanıb və onu geyinmək bir nəfərin işi deyil. Bunda əsas məqam isə kimononun kəmərinin bağlanma qaydasıdır. Geişaların kəmərinin düyünü bədənin arxa hissəsinə düşür və düyün xüsusi qayda ilə vurulur ki, bir nəfərin onu açması az qala mümkünsüz olur. Bu yerdə onu da qeyd edim ki, otoksilər geişaları bir saat ərzində geyindirir və eyni müddətə də soyundururlar. Onlar ayaqlarına “oboko” deyilən səndəl geyirlər. Amma bu səndəllər evin içində geyilmir.

Bütün bunlardan sonra geişaların yucolardan fərqi açıq şəkildə ortaya çıxır. Onlar müştərilərlə cinsi əlaqədə olmurlar, sadəcə zərif xanım rolunu oynayır və bununla da müştərilərinin maksimum istirahət almalarını təmin edirlər.

Oiran (花魁) isə Yaponiyada tarixən yüksək səviyyəli “zövq qadını” və ya fahişə növü hesab olunurdu. Bununla birlikdə, onlar adi yūcodan fərqlənirdilər. Onlar ənənəvi sənətlərə yüksək səviyyədə yiyələnmiş olur və müştərilərin kim olacağını daha çox özləri seçirlər. Onlar yalnız cinsi funksiyaları yerinə yetirmirdilər, həm də müştəriləri əyləndirirdilər. Bir çox oiran dövrünün ulduzları idi. Onlar dəb dünyasına yazılmamış qanunlar gətirir, çalğı alətlərində ifaları və rəqsləri haqqında əfsanələrə mövzu olurdu.

Nə qədər qəribə olsa da, statistika göstərir ki, geişaların yanından çıxan kişi fahişəxanaya deyil, evinə üz tutur. Bu isə geişaların müştərilərinə verdiyi tərbiyədən irəli gəlir. Yəni kişi psixologiyasının ən son nüansına qədər araşdıran geişa məktəblərində verilən təhsil nəticəsində müştəri ailəsindən uzaqlaşmır, əksinə, ailəsinə daha da sıx bağlanır. Bunun səbəbi Yaponiyada ailənin ən müqəddəs məfhum olması ilə əlaqəlidir. Başqa sözlə, müştərisinə maksimum istirahət imkanı verən geişalar, həm də onları mümkün dərəcədə tərbiyə edirlər. Təbii ki, bu baxımdan onları fahişə adlandırmaq və yaxud da fahişələrlə eyniləşdirmək doğru olmaz.

Özünə “Böyük bacı” deyə xitab edilməsini istəyən, bir zamanlar əyləncəsi, zəkası, cazibədarlığı və gözəlliyi ilə dillərə dastan olan 98 yaşlı geişa, hazırda geişalığın öz əhəmiyyətini itirdiyini söyləyir. Peşəyə başladığı 1928-ci ildə ölkəsində 80 min geişa olduğunu xatırladan “Böyük bacı” bu gün rəqəmin dəfələrlə azaldığını bildirərək kövrəlir:

“O günlərdə, restoranlarda zəngin iş adamlarını əyləndirər, mahnılar oxuyar və zarafatlar edərdik. Gün əyilən kimi bizim işimiz başlayar, gecənin oğlan vaxtına qədər davam edərdi. Yaxşı pul qazanardıq. İndi isə gənclər gəlir. Amma danışmağa mövzuları, zarafatları və peşəkarlıqları yoxdur. Haradadır o köhnə günlər?!”

“Böyük bacı” geişaların yucolarla bir tutulmasından da böyük narahatlıq duyduğunu bildirərək, bunun əsla doğru olmadığını ifadə edir: “Bu günlərdə gənc kişilər söhbət etməyi bilmədikləri kimi, “geişayam” deyib ortaya çıxanlar da nə rəqs etməyi, nə də mahnı oxumağı bacarırlar. Halbuki, geişa əyləndirən zərif qadın deməkdir”.

Vüqar Qurdqanlı © yapon.az 

4. Yaponiyada yelpik; tarixi və fəlsəfəsi

“Onun silahı təbəssüm və balaca yelpikdir”

Yono Naquçiyə aid sözlər Yaponiya yelpiklərini bildiyimiz aspektdən izah edir; yaponiyalı qadınlar gözəl kompozisiyalı yelpiklə təbəssümlərini gizlədərək sizin arxanızca baxırlar. Üzü açıq saxlamaq onlara görə ədəbsizlikdir və hətta təhlükəlidir. Üzü göstərmək, adı açıqlamaq insanı həm kişilər, həm də pis ruhlar qarşısında müdafiəsiz qoyur…

Yaponiyada qadının üzünün gündə qaralması ədəbsizlik hesab olunurdu. Əsl gözəlin təmiz ağ dərisi olmalı idi. Beləliklə, yelpik 3 əsas funksiya yerinə yetirirdi; günəşdən qorumaq, havanı özünə istiqamətləndirmək və üzü gizlətmək.

Lakin yapon yelpiyi təkcə zərif qadın əşyası deyil. Bu əşyanın maraqlı və diqqəti cəlb edən tarixi var. O, Yaponiyada bir çox vacib funksiyaları yerinə yetirirdi. Qədim döyüşçülər onu müharibədə istifadə edirdilər…

Nəhəng ölçülü yapon yelpiyi İse məbədində Günəş ilahəsi Amaterasunun şərəfinə keçirilən bayramda istifadə olunurdu. Yaponiya nağıllarında yelpik sehirli çubuq rolunu oynayırdı. Onu bir dəfə yelləməklə qoşunlara qalib gəlmək, batan günəşi geri qaytarmaq mümkün olurdu. Əfsanəyə görə dul qadın Atsumori rahibə olandan sonra öz düzəltdiyi qatlama yelpiyi bir dəfə yellədəndən sonra bir rahibi sağaltmışdı. Yelpik Tenqu adlı, əsasən, şam ağacının başında yaşayan, it və quş hibridi uzunburun iblisin əsas atributudur. O, öz yelpiyini yelləməklə insanın burunlarını uzada və qısalda bilir. Ölən insanın ruhunun bu dünyaya yenidən qayıtmaması üçün onun yelpiyini sındırıb dama atardılar. Səyahətçilər yelpiyin üzərinə xəritə çəkib özləri ilə aparardılar.

Yelpik ilk dəfə Çində e.ə. VIII-II əsrdə yaranıb. Çin yelpikləri sadə quruluşa malik idi – ağac dəstək və nazik pər. İmperator sarayında yelpiyi ipək saplarla müxtəlif şəkillər çəkməklə, kalliqrafiya ilə bəzəyirdilər. Yelpiyi çinlilər VIII əsrdə Yaponiya imperatoruna hədiyyə olaraq veriblər.

Yaponiya ustaları yelpiyi təkmilləşdirib onu bir-birinin üzərinə qatlanan ağac lövhəciklərindən və qatlama yarımdairəvi xüsusi davamlı kağızdan hazırlamağa başladılar. Bu yelpiklər Sensu (扇子) adlanırdı. 988-ci ildə yapon rahibi Çounen (奝然, 938-1016) Çin sülaləsindən Şimali Sun İmperatoruna 2 ədəd yarasa formalı kavahori-ogi (蝙蝠扇) və 20 ədəd müxtəlif gözəl qatlı yelpik hiogi (桧扇) hədiyyə edirlər.

Nara və Heyan dövrünün yelpikləri xüsusi şöhrət qazanmışdılar. Qatlama yelpiklər üzərində şeirlər, nəğmələr yazılır, gözəl rəsmlər çəkilir, lövhələr qızıl və gümüş suyuna salınırdı. VIII əsrin sonu dəstəyi səndəl, Yaponiya sidri və bambukdan hazırlanan Sensu yelpikləri məşhurlaşdı. XII əsrdə bu ecazkar yarımdairəvi yelpiklər utancaq və həssas saray xanımlarının rekvizitinə çevrildi. Saray həyatından uzaqlaşan aristokrat xanımlar Mieydo məbədində rahibə olanda keçmiş günahkar həyatlarından yalnız yelpiyi yadigar olaraq saxlayırdılar, belə ki, məbəddə köhnə əşyalardan ancaq buna icazə verilirdi. Buradan da Mieydo adlı Sensu yelpiklərinin bir növü əmələ gəlib. Qədim Yaponiya əfsanələrinə görə, tanrıların əlində bu yelpiklər olub.

Sonradan yelpiklər bütün fəlsəfi əhəmiyyətini itirir və dekorativ-tətbiqi incəsənətin əsas nümənəsi, Yeni il bayramında ən arzulanan hədiyyələrdən birinə çevrilir.

Yalnız 16-cı əsrdə portuqaliyalı ticarətçilər sayəsində yelpik Qərbə gətirilib.

Səkinəxanım Əliyeva © yapon.az 

5. Ryu Murakami

“Beş nömrədəki qadının boğazı kəsiləndə, qəribə olsa da, heç qan axmamışdı, amma yarığın içində qaramtıl, qırmızı, yaş bir şeylər aydın görünürdü. Bu, adi halda görə bilmədiyimiz, lakin hər zaman dərinin altında gizli qalan bir şeydir. Ancaq biz həmin kütlənin insana aid bir parça olduğunu hardansa öyrənirik və bunu tam çılpaqlığı ilə görəndə sonrakı hərəkətimiz haqqında qərar vermə qabiliyyətimizi itiririk. Gerçəkliyin əslində özünü göstərmədiyi bir dünyada yaşadığımız üçün… Beş nömrədəki qadının boğazındakı yarıqdan qan aram-aram süzülməyə başladı. Qan elə bil qırmızı deyil, qara idi. Saşimi yeyərkən istifadə etdiyimiz soya sousuna oxaşyırdı.”

Ryu Murakami (orijinal “In the miso soup”)

Vəhşət, şiddət, seksuallıq və yeraltı dünyasının yazarı Ryuunosuke Murakami (村上 龍). Onun əsərlərində cinayətlər “anatomik mümkünat” çərçivələri içinə sığmaq məcburiyyətində deyil, olaylar məntiqi ardıcıllıqları izləməli və ya insan hissləri Rusiya klassiklərindəki kimi, bizim üçün hər şey yerli-yerində görünənə qədər uzun-uzun anladılmalı deyil. Ryu Murakami gerçəkliyi saymır, amma ona meydan oxumaq kimi bir həvəsi də yoxdur. R.Murakami sadəcə başınızı o qaramtıl, qırmızı mayenin içinə salmağınızı və əsər bitənəcən qəribə, yapışqan maddənin içində nəfəsinizi tutub gözləməyinizi istəyir. Oxumağa davam etdikcə, başınız yumşaq maddənin içinə daha çox batır: Murakami isə qırılan sümükləri, qorxu dolu çığırtıları, beyin gəmirən şübhələri, melanxoliya və izolasiyanı sizin üçün daha aydın şəkildə təsvir etməyə başlayır. Əsər bitdikdə qaramtıl mayedən başınızı çıxarıb üzünüzü yuyursunuz və məsələ bitir. Oturub “burada yazar nə demək istəyir?” kimi mənasız suallara baş yormağınıza ehtiyac yoxdur. Çünki Ryu Murakami ədəbiyyatla məşğuldur və ədəbiyyat incəsənətin bir növü kimi, müasir insanın ağzına almağa ən çox utandığı şeyi hədəf qoyur – həzzi, zövqü.

Etdiyimiz bütün işlərə don geyindirməyə çalışırıq, iş, təhsillə bağlı müsahibələrə gedirik və onlar bizim bütün hobbilərimizə “niyə?” sualı verirlər. Biz də çırpınaraq “niyələri” əsaslandırmağa çalışırıq. Sadəcə sevdiyimiz, zövq aldığımız, ürəyimiz istədiyi üçün belə etdiyimizi deməyə qorxuruq. “Vaxtımızı səmərəli keçirtmək”, – bu ifadə beynimizi çox işğal etmiş kimi görünür. Belə ki, biz zövq almağı vaxt itkisi hesab edirik. Amma Ryu Murakami bizə zövq almağı yenidən xatırladır. Bizi tapmacalar, suallar və zəka oyunları ilə yormur, bütün həyatımızı tutmuş davamlı “analiz etmə” çılğınlığını incəsənətin də içinə qoymur. Məntiq həyatımızın hər nöqtəsini işğal etmişkən, Ryu Murakami bizim kitab rəfimizdə romantik bir nəfəslik kimi durur. Murakaminin “necə?!”, “nə üçün?” suallarına özünü bəyənmişcəsinə burun qıvıran üslubu insanda həyacan oyadır… Bu həyacanın yaşlı memarının həyatı ilə tanış olmaq istəyərdinizmi?

Etdiyimiz bütün işlərə don geyindirməyə çalışırıq, iş, təhsillə bağlı müsahibələrə gedirik və onlar bizim bütün hobbilərimizə “niyə?” sualı verirlər. Biz də çırpınaraq “niyələri” əsaslandırmağa çalışırıq. Sadəcə sevdiyimiz, zövq aldığımız, ürəyimiz istədiyi üçün belə etdiyimizi deməyə qorxuruq. “Vaxtımızı səmərəli keçirtmək”, – bu ifadə beynimizi çox işğal etmiş kimi görünür. Belə ki, biz zövq almağı vaxt itkisi hesab edirik. Amma Ryu Murakami bizə zövq almağı yenidən xatırladır. Bizi tapmacalar, suallar və zəka oyunları ilə yormur, bütün həyatımızı tutmuş davamlı “analiz etmə” çılğınlığını incəsənətin də içinə qoymur. Məntiq həyatımızın hər nöqtəsini işğal etmişkən, Ryu Murakami bizim kitab rəfimizdə romantik bir nəfəslik kimi durur. Murakaminin “necə?!”, “nə üçün?” suallarına özünü bəyənmişcəsinə burun qıvıran üslubu insanda həyacan oyadır… Bu həyacanın yaşlı memarının həyatı ilə tanış olmaq istəyərdinizmi?

Uşaqlıq və yeniyetməlik illəri

Ryu Murakami fevral ayının 19-u, 1952-ci ildə Naqasakinin Sasebo bölgəsində həyata göz açıb. Murakami savaşın izlərini daşıyan bölgədə, yoxsul deyilə biləcək bir ailədə həyata ilk addımlarını atıb və öz uşaqlığından danışarkən ən çox, Saseboya əl işi moçi (餅, もち- xüsusi növ düyüdən hazırlanan yapon şirniyyatı) almaq üçün gələn yük maşınlarını, o işçilərlə yaşadığı anları xatırladığını deyir.

Saseboda həyatına davam edən və məktəbə gedən R.Murakami bu dönəmlərdə “Coelacanth” adlı rok qrubu qurur. Bir gün Murakami qrup yoldaşları ilə birgə oxuduqları məktəbin çardağını “işğal edib” digər şagirdlərin ora çıxmasına izin vermirlər. Bunun üzərinə o, üç aylıq ev həpsi cəzası alır. Ümumiyyətlə, bu dövrdə Murakami hippi (ing. hippie) kültürü ilə iç-içə həyat sürür.

Universitet həyatı və film sahəsi

Məktəbi bitirdikdən sonra incəsənətlə bağlı bir iş görmək istədiyini bilməsinə rəğmən, incəsənətin hansı növü ilə məşğul olacağına qərar verə bilməyən Murakami bəxtini yenə musiqi qrupu qurmaqla sınayır. Bununla birlikdə o, “indie” yəni, müstəqil (ingiliscə “independent” sözünün qısaltmasıdır, məşhur kinostudiya, şirkətlərin iştirakı və dəstəyi olmadan ərsəyə gələn filmlər) filmlər çəkmək işinə girişir. Musiqidənsə film sahəsinə üstünlük verən Murakami Tokio İncəsənət Məktəbinin seriqrafiya (ing. serigraphy – çap növü) fakültəsinə daxil olur. Bir il sonra bu fakültəni yarıda saxlayıb, Musahino İncəsənət Universitetinin hekyəltəraşlıq bölümünə daxil olur. Heykəltəraşlıq ilə də uzun müddət məşğul ola bilmir və yenə musiqi həvəsinin dalınca gedib həyatını Kuba musiqisinə həsr edir.

Əbədiyyat və Ryu Murakami

1976-cı ildə Ryu Murakami universitetdə oxuyarkən yazdığı “Əbədi şəffaflığa bənzər mavi” (限りなく透明に近いブルー⌈Kagirinaku tōmei ni çikai burū⌉) kitabı nüfuzlu “Gunzo” (群像) dərgisinin mükafatına layiq görülür. Həmin il, eyni kitab “Akutaqava” mükafatını da alır və beləcə bestsellerə çevrilir. Onun “69”“Eşq və xülyanın faşizmi” (“Ai to gensou no fascism”), “Miso supunun içində” (イン ザ・ミソスープ ⌈In za miso sūpu⌉)), “Topaz” kimi kitabları bir-birinin ardınca “Yomiuri”, “Tanizaki”, “Taiko Hirabayashi” və s. kimi mükafatlar almağa və əks-səda doğurmağa davam edir. “Topaz” kitabının “Eşq və pop” (“Love and Pop”) adlı filmi çəkilir. Murakami tez bir zamanda yeni bir nəfəs kimi yapon ədəbiyyatına öz imzasını atır. Daha çox avropalı tənqidçilər tərəfindən tez-tez yazılarında “məntiqsiz” nöqtələr, “texniki cəhətdən mümkün olmayan” yerlər göstərilsə və qınansa da o, öz üslubu ilə Yaponiya ədəbiyyatında yeni bir cığır açır.

Ədəbiyyatdan kənarda Ryu Murakami

Gənc yaşlarından bir çox sahəyə maraq göstərən Murakami, hələ də bu xasiyyətindən əl çəkməmiş kimi görünür. Buna görə də onun adını ədəbiyyatdan kənar sahələrdə də görmək olur. Məsələn, o, 1991-ci ildə “Japanese Media Mail” internet jurnalını yaradıb və indi də həmin jurnalda baş redaktor olaraq işləməyə davam edir.

2001-ci ildə köhnə savaş bölgələrindən minaların təmizlənməsi hərakatı – “No More Landmines”a qoşulub və bu təşkilatın daxilində dostu Ryuiçi Sakamoto ilə birgə fəaliyyət göstərib.

2006-cı ildə biznes və iqtisadiyyat ilə bağlı Tokio TV-də öz “talk show”sunun aparıcılığını edib.

Onun öz elektron-kitab şirkəti, “Sony” şirkətinin daxilində “Murakami’s” adlı markası, siyasi, tarixi, iqtisadi, sosioloji mövzularda kitabları, bələdçilik jurnallarında yazıları və müəllifi olub çəkdiyi üç filmi – “Oudişon”, “Tokionun çöküşü” (“Tokyo Decadence”), “Sənə görə” (“Because of You”) – var.

Bonus faktlar

– Murakami yapon toplumunun ənənələrinə yetərincə bağlı olmadığını, yerli əhalinin adət-ənənələri içi boş bir ritual kimi yerinə yetirdiklərini və Yaponiyanın Tibet Muxtar Vilayəti (ÇXR), Butanı örnək almalı oluğunu düşünür.

– Amerika prezident seçkiləri dövründə Hillari Klintondansa Donald Trampın qalibiyyətinin daha yaxşı olduğunu demişdi.

– Süni intellekt məsələsi ilə yaxından maraqlanır və bunun yeni bir kitabın mövzusu ola biləcəyini deyir.

– Bir gün oxucusu yeniyetmə bir qızdan kitablarından biri sayəsində intihardan vaz keçdiyinə, – çünki onun kitabını oxuyarkən özünü ümidsiz hiss edən başqa insanların da olduğunun fərqinə varmışdı, – dair məktub alır və bu xatirə Murakaminin ağlında özü ilə qürur duyduğu bir an kimi qalır.

Selcan Yağmur © yapon.az

Əvvəlki bölümləri oxu:

“YaponAz Elektron Yaponiya jurnalı (6-cı bölüm)” üçün 2 cavab

YaponAz Elektron Yaponiya jurnalı (İçindəkilər) – Yapon Dili Saytı üçün bir cavab yazın Cavabı ləğv et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.