YaponAz Elektron Yaponiya jurnalı (5-ci bölüm)


Yenə möhtəşəm məqalələrin olduğu, alov kimi yandığı, dadlı söhbətlərin olduğu bir bölüm ilə qarşınızdayıq! Yalnız bir səhifədə qalaraq bir-birindən maraqlı məqalələri elə indi oxumağa başla.

Məqalələr yapon.az saytına aiddir.

Başlıqlar:

  1. Yaponiyanın ən məşhur atəş festivalları;
  2. 5 möhtəşəm yaponiyalı qadın;
  3. Miso şorbasını özün hazırla;
  4. Yapon ədəbiyyatının əfsanəsi: Osamu Dazai;
  5. Yapon mifologiyasında “bakeneko” nədir?

1.Yaponiyanın ən məşhur atəş festivalları

Festivallar (yap.祭り⌈matsuri⌋) Yaponiya mədəniyyətinin ayrılmaz bir hissəsidir. Yaponiyada, hər il ölkənin hər yerində təşkil olunan minlərlə festival var və bu festivallara çoxlu insan qatılır. Xüsusən də atəş festivalları inanılmaz dərəcədə möhtəşəm, təsirli və həyat doludur. Yaponiyaya getsəniz səfərinizi hər hansı bir festival dönəminə salın ki mütləq iştirak edəsiniz…

Qarşınızda Yaponiyanın ən məhşur atəş festivalları:

1. Nozava Atəş Festivalı

野沢温泉の道祖神祭り ⌈nozava onsen no dōsoşin matsuri⌋

Naqano əyalətində keçirilən Nozava Atəş Festivalı (və ya Nozava Onsen Dojo Tanrı Festivalı) Yaponiyanın 3 ən böyük atəş festivalından biridir. Festival hər il 13-15 yanvar tarixlərində Baba no Hara Nozava Onsen kəndində keçirilir və 3 gün boyunca davam edir. Festivalın ən həyəcanlı hadisəsi yanvarın 15-i (son gün) saat 7-dən 10-na kimi böyük məşəlin yandırılması və təbii ki, izdihamlı kütlənin bunu izləməsidir.

Festival gecəsi kişi kəndlilər arasındakı atəşli qarşıdurmalarla aydınlanır. Xüsusən də önəmli rolu yaşı 25-42 (şanssız yaşlar) arasında olanlar oynayır. Çox sayda kəndli məşəllər daşıyır və şaden adlı keçici bir məbədi yandırmağa çalışır, bu vaxt 25 yaşında olan gənclər məbədi qoruyur və 42 yaşındakı kişilər mahnı oxuyurlar. Dağıdıcı təbiətinə və çılğın mübarizəsinə baxmayaraq, bu festival bir ailənin ilk uşaqlarının doğulmasını qeyd etmək, şər ruhları qovmaq və xoşbəxt evliliklərin qurulması üçün keçirilir.

2. Natsuyama Haçimanqu Atəş Festivalı

夏山八幡宮火祭り ⌈natsuyama haçimanqū hi matsuri⌋

Bu festival hər il Ay yeni il təqviminin (ing. Lunar New Year Calendar) 9-cu ayına ən yaxın şənbə və ya bazar günü keçirilir. Bu atəş festivalında iştirakçılar nəhəng bir tonqal yandırır və dairəvi şəkildə ətrafında toplaşırlar. Şeytan rolunu ifa etmək üçün seçilən 5 nəfər bir anda maska taxıb uzun taxta dəyənəklər daşıyırlar. İblislər tonqal ətrafında toplanan insanları qovur və “dəyənəyə toxunsanız, bir il boyunca xəstə olacaqsınız” deyirlər. Bu festival oktyabrın ortalarında Natsuyama Haçimanqu məbədi, Okazaki, Aiçi prefekturasında keçirilir.

3. Tülkü Atəş Festivalı

狐火祭り ⌈kitsunebi matsuri⌋ və ya きつね火まつり ⌈kitsune hi matsuri⌋

Bu festival hər il sentyabr ayının dördüncü şənbə günü keçirilir. Bu, tülkü toyunun canlandırılması olan mistik bir festivaldır. Tülkü atəşi paradı təntənəli şəkildə əllərdə yanan məşəllərlə Furukava şəhərindən keçir, Okuri İnari məbədində bitir.

Tülkü gəlin mərasimə yolda qatılır və toy mərasiminin keçiriləcəyi yerə gedilir. Tülkü atəşi festivalına şahid olanlara “beş dənə verimli qida, ev güvənliyi, iş rifahı” kimi diləklərin gərçəkləşəcəyi söylənilir. Festival Hida şəhəri, Gifu prefekturasında keçirilir.

4. Naçi Atəş Festivalı

那智の火祭り ⌈naçi no hi matsuri⌋

Yaponiyadakı ən böyük atəş festivallarından biri və Şinto ənənəsinin bir parçası olan bu festival, Yaponiyanın Kioto şəhərində yerləşən Kumanoda keçirilir. Naçi no Oqi kimi tanınan festival yaxınlıqdakı Naçi şəlaləsi ilə əlaqəli canlıları şərəfləndirmək məqsədi daşıyır, bir növ təmizlənmə ritualıdır.

İnanclara görə, bu ərazidəki nəhəng Kumano Naçi Taişa məbədi, şəlalənin içindən çıxan 12 müqəddəs tanrı üçün sığınacaq olan kiçik daşınan məbəd yerləşdirir. Bundan əlavə, Mikoşi adı verilən bu 12 kiçik məbədin ilin 12 ayını təmsil etdiyi söylənilir.

Təqribən 50 kq-lıq məşəllərlə böyük fənər alayı məbədə çatana kimi rəqs edirlər. Festival iyulun 14-də Kumano Naçi Taisha Məbədi, Vakayama prefekturasında keçirilir.

5. İkoma Taişa Atəş Festivalı

往馬大社例大際

Bu festival hər il oktyabr ayında, idman günündən əvvəlki həftəsonu keçirilir. Nara məbədlərində keçirilən və çox da bilinməyən bir fesyivaldır. Bu festival, daşınan mikoşi məbədləri keçidi, ənənəvi Kaqura (müqəddəs musiqi və rəqs), bir atəş ayini və daha çoxu ilə xarakterizə edilir. Ən çox diqqəti çəkən şey isə insanların yanan məşəlləri daş pilləkənlərdən aşağıya daşıması və ən sürətli olmaq üçün rəqabət etməsidir.

Xəyalə Əlizadə © yapon.az

2. 5 möhtəşəm yaponiyalı qadın

Əbədi saflıq, məsumiyyət və itaətkarlıq təcəssümü, yaxud “dünyanı qadınlar xilas edəcək”?!

Yapon qadını deyəndə çoxunun ağlına nərmə-nazik xanımlar gəlir. Hətta bu fikir bir az da geişa imici ilə qarışır və biz onları ağappaq üzləri olan, dodaqları olduğundan balaca görünəcək şəkildə boyanmış, saçları sərt yığılmış qadınlar kimi təsvir edirik. Ümumiyyətlə, bütün dünyada həm cazibədar, həm də evdar, itaətkar bir “Asiya qadını” imici var, bunu dana bilmərik. “Kuklalaşdırılmış”, insani keyfiyyətləri soyundurulub metalaşdırılmış, əbədi saflıq, məsumiyyət və itaətkarlıq təcəssümü olan Uzaq Şərq qadını… Bəlkə də “M. Butterfly” filmini izləyənləriniz xatırlayar, məhz bu qəribə fantaziya Qallimardın sonunu gətirmişdi. O ağlında qurduğu itaətkar asiyalı qadın xəyalına uyub, sevimli Sonqun onun həyatını məhv etməsinə rahatlıqla icazə verdi. Sonq onun kəpənəyiydi. Özünü üstün sayan bu fransalı düşünürdü ki, Sonq ona heç bir ziyan yetirə bilməyəcək qədər zərərsiz, bir qədər axmaq bir qadındır və onun yeganə arzusu sevilib, sevmək, onu qucaqlayacaq güclü kişi qollarıdır. Qallimard bir an belə Sonqun ona qarşı olan sədaqətindən şübhələnməzdi. Hekayə isə özündən razı avropalının umduğu kimi bitmədi. Nə yaxşı ki bitmədi…

Uzaq Şərq qadınının hələ də davam edən metalaşdırılma dramından uzaqlaşıb, bugünkü mövzumuza qayıdaq və Yaponiya tarixində əhəmiyyətli izlər qoymuş, ya da sahib olduqları önəmə rəğmən unudulub getmiş 5 möhtəşəm yaponiyalı qadın ilə tanış olaq.

Murasaki Şikibu

Əlbəttə ki, bu siyahı Murasaki Şikibunun adı ilə açılmalıdır. Yaponiya mədəniyyətilə az-çox maraqlanmısınızsa, yəqin ki, yapon ədəbiyyatının şah əsəri hesab olunan “Gencinin hekayəsi” (“Genji Monogatari”) barədə eşitmisiniz. Bu məhşur roman, 11-ci əsrdə yaşamış, Murasaki Şikibu tərəfindən yazılıb. “Gencinin hekayəsi”, eyni zamanda, tarixdəki ilk roman hesab olunur. Ancaq “Gencinin hekayəsi”nin dəyəri yalnızca onun ədəbi gücündə yox, həm də qadınların ədəbiyyata gəlişini cəsarətləndirməsində idi. Digər qadınların, bir saray nədiməsinin əsərinin bütün ölkəni lərzəyə gətirməsindən həvəslənib, özgüvən qazanmaları bir yana, Şikibu sayəsində heroqlif oxumağı bilməyən qadınlar, bəlkə də ilk dəfə ölkə gündəmi üçün önəmli olan bir mətni oxuya biləcəkdilər. Niyə? Çünkü Şikibu bütün romanı hiraqana (kanjilərin sadələşdirilmiş formaları olan hərflər. Bu hərflər qadınlara öyrədilirdi ki, onlar ərlərinə bəsit məktublar yaza bilsinlər və ya ərləri uzaq səfərdə olduğunda, onlardan gələn məktubları anlaya bilsinlər. Amma minlərcə heroqlifdən ibarət kanji əlifbası, qadınlara öyrədilmir, beləcə qadınlar ədəbiyyat və elmdən uzaq qalırdı) ilə yazmışdı! Amma gəlin görün ki, Şikibunun bizə indi gülməli gələ biləcək bir problemi var idi. Murasaki dövründəki savadlı bir kişi qədər çox kanji bilirdi, ancaq kanji ilə yazarsa “kişi kimi” adlandırılacağından və bununla oxucusunu qaçıracağından qorxurdu. Buna görə də, durumundan məmnun olmasa belə, hiraqana ilə yazırdı.

Yaponiya ilə bağlı qəribə bir detal da budur ki, adətən cinsiyyətçi cəmiyyətlərdə kişinin qadınabənzərliyi aqressiyaya səbəb olsa və qadının kişiyəbənzərliyi qəhrəmancasına bir şey hesab olunsa belə, gündoğan ölkədə qadınların ər sayıla biləcək hərəkətləri, bir kişinin femininliyindən artıq aqressiya doğrurur. Kagemalar (tarixən gənc kişi fahişələri ifadə etmək üçün termin) qadın paltarı ilə küçədə gəzə bilərdi, amma Şikibu “maskulin” bir qadın olaraq anılmaqdan qorxmaq məcburiyyətində idi.

Katsuşika Ei (Oei)

Incəsənət ilə davam edək. Katsuşika Ei! (bəzi mənbələrdə Oi, Oei). Bəli, Katsuşika Hokusai yox, Katsuşika Ei. Adı atasının adının altında itib batmış, möhtəşəm yaponiyalı rəssam. Hokusai deyirdi ki, Einin yaradıcılığı, onun öz yaradacılığından üstündür. Ancaq Ei yalnız bacarıqlı rəssam yox, həm də maraqlı şəxsiyyət idi. Ei dəhşətli alkoqol aludəçisi olub. Onun haqqında yazılır ki, bu qadın çox özündən razıymış və rəssamlığı həyatının mərkəzinə qoyurmuş. Eyni zamanda, xanım Katsuşika eyniliyə nifrət edirmiş. Belə ki, eyni evdə belə bir aydan artıq yaşaya bilməyən ata-bala, davamlı ev dəyişdirir və ikisi də dəhşətli dağınıq insanlar olduqlarından, getdikləri bütün evləri bərbad edirmişlər. Hər şeydən tez ürəyi sıxılan Ei, sevgi həyatında da eyniliyə dözə bilmir və evləndiyi adamdan bir (bəzi mənbəələrdə iki) ilə ayrılıb, atasının yanına geri qayıdır. Einin ayrılma səbəbi, rəssamlığa iddia edən ərinin əl qabiliyyətinin çox pis olması və Einin belə bacarıqsız “sənətkara” ömür sərf etmək istəməməsi olduğu deyilir. Bundan sonra atasının yanına qayıdan Ei, atasının ölümündən sonra mistik bir şəkildə bir anda yoxa çıxır və onu bir daha görən olmur.

Toşiko Yuasa

Ani bir şəkildə, incəsənətdən elmə keçək. Çünki, niyə də yox?! Toşiko Yuasa 1909-1980-ci illərdə yaşamış nüvə fizikası mütəxəssisi idi. O, Yaponiyada fizika üzrə təhsil alan ilk qadın və ölkənin ilk qadın nüvə fizikası mütəxəssisi olub. 1937-ci ildə, Yuasa, Joliot-Curienin süni radioaktivlik barədə məqaləsindən ilhamlanaraq, “Tokyo Higher Normal School of Women”də (Tokyo Qadınlar Ali Məktəbi) dosentlik dərəcəsi alır. Amma yenə də təhsilinə davam etmək istəyən Yuasa, bunlarla da yetinməyib Fransaya gedir. Orada Ph D. dərəcəsi alır və bundan sonraki həyatına da Fransa və Yaponiyad davam edir. Bir müddət sonra Fransanın ən böyük araşdırma mərkəzi olan CNRS-a baş araşdırmaçı olaraq təyin edilir və bununla da o həyatına Parisdə davam edir. Yuasa 1980-ci ildə xərçəngdən vəfat edir.

Çiaki Mukai

Çiaki Mukai Yaponiyanın ilk qadın kosmonavtı olaraq anılsa da, fikrimcə bu ad Mukaini xəfifə almaqdan başqa bir şey deyil. Əlbəttə, cəmiyyətin sizdən gözləntisi – səsinizi pişik səsinə bənzər bir hala salıb, gəlincik kimi bəzənmək və dadlı miso supu bişirməyinizlə öyünmək olduğu halda, siz kosmonavt olursunuzsa, bu, özü möhtəşəmdir. Amma Mukai möhtəşəmliyin sərhədlərini dirəyib bununla da yetinməyib. O bir dəfədən artıq kosmosa uçmuş yeganə yaponiyalı kosmonavt olmaqla birlikdə, tibb sahəsində sayısız mükafat (həqiqətən sayısız! Bura yazsam sıxıcı dərəcədə uzun bir siyahı alınacağına görə, maraqlansanız Google senseidən soruşun) alan bir həkim, Yaponiyanın ən qədim universiteti olan Keio Universitetində professor, “Tokyo University of Science”in vitse prezidenti və JAXA-nın texniki məsləhətçisidir.

Hiquşi İçiyo

Hiquçi 1872-1896-cı illərdə yaşamış yaponiyalı yazıçıdır. 24 yaşında həyata gözlərini  əbədi yuman bu qadın, Yaponiya ədəbiyyatında böyük iz qoya bilmişdi. Bəlkə də onun hekayələrinin qısa müddətdə məşhurlaşmasının səbəbi istifadə etdiyi unikal dərəcədə eleqant “klassik yapon dili” idi. Belə ki, Hiquçinin yazılarının əksəriyyəti hələ də “klassik yapon dili”ndə oxunur. Əsərlərinin müasir yapon dilinə tərcümə olunmasının səbəbi isə bu qeyri-adi zərafətə ziyan gətirəcəyinin düşünülməsidir. Eynilə, Katsuşika Ei kimi, Hiquçi də fərqli xarakterə malik idi. Onun sadəcə qısa ömrünə sığdırdığı dəyişimləri, mücadələləri, emosional travmalarını oxuyanda insan roman oxuyurmuş kimi hiss edir.

Selcan Yağmur © yapon.az

3.Miso şorbası

Misoşiru (味噌汁) – Yaponiyanın milli mətbəxinin ən tanınmış və sevilən şorbalarından biridir. Şorba çox tez və asan hazırlandığı və çox dadlı olduğuna görə, artıq 750 ilə yaxındır ki, yaponlar tərəfindən demək olar ki, hər gün hazırlanır və sevilir. Ənənəvi olaraq əvvəllər yaponlar miso şorbasını bişmiş isti düyü ilə birlikdə səhər yeməyi kimi istifadə edirdilər.

Yaponiyanın müxtəlif ərazilərində miso şorbasının tərkibi dəyişə bilər. Həmçinin, cari fəsildən asılı olaraq, miso şorbasının hazırlanmasında istifadə olunan ərzaqlar fərqlənə bilər. Belə ki, bəziləri miso şorbasını hazırlayarkən kökdən istifadə edirlər, digərləri isə, kök əvəzinə kartof və ya daikon istifadə edə bilərlər. Şorbanın əsas ərzaqları isə istənilən halda dəyişilməz olaraq qalır. Bunlar miso pastası və daşi balıq bulyonudur.

Aşağıda sizə, miso şorbasının bir növünün hazırlanma qaydasını təqdim edirik. Adi ev şəraitində bu şorbanı 5-10 dəqiqədə hazırlamaq olar.

Yeməyin hazırlanmasında istifadə olunan ərzaq adlarının izahı:

  • Daşi bulyonu – Yaponiya mətbəxində tez-tez istifadə olunan balıq bulyonudur.
  • Miso pastası – soya, buğda, düyü və s. ərzaqlardan fermentasiya üsulu ilə hazırlanan məhsuldur. Pasta Yaponiyanın milli mətbəxində tez-tez istifadə olunur. Onun özünəməxsus şor tamı var. Miso pastasının duzluluğundan və tərkibindən asılı olaraq bir neçə növü mövcuddur. Məslən, “qırmızı miso” – akamiso (赤味噌), “ağ miso” – şiromiso (白味噌) və s.
  • Miso şorbası üçün şiromiso`dan istifadə etmək daha məqsədəuyğundur. Çünki bu miso növü, digərlərindən müqayisədə çox duzlu olmur.
  • Vakame – dəniz yosunudur. Satışda olan vakame yosunları qurudulmuş formada və bağlı paketdə olur.
  • Tofu – soya pendiridir. Görünüşcə ağ pendirə bənzəyir və demək olar ki, dadı olmur. Ən çox salatlarda və miso şorbasının hazırlanmasında istifadə olunur.

Qeyd olunan ərzaqları Yaponiyanın yemək ərzaqlarının satışı ilə məşğul olan mağazalarda əldə etmək olar və ya ABŞ, Yaponiya və Avropanın bəzi onlayn mağazalarından sifariş etmək mümkündür.

Ərzaqlar (2 nəfər üçün):

  • 1 x.q. miso pastası
  • 0.5-1 x.q. quru daşi bulyonu
  • 5-10 q. qurudulmuş vakame yosunları
  • 150 q. tofu
  • 1,7-2 stəkan su

Bişirilmə qaydası:

Öncə suya qurudulmuş daşi bulyonunu əlavə edirsiniz, yaxşıca qarışdırırsınız və orta temperatorda qızdırırsınız. Bulyon qızana kimi qurudulmuş vakameni adi suda isladırsınız. 3-4 dəqiqə gözləyirsiniz ki, yosunlar yumşalsın.

Tofunu paketdən çıxarıb mətbəx salfeti ilə, artıq suyu üzərindən və kənarlarından yığırsınız. Daha sonra tofunu 1-2 sm uzunluğunda kiçik kvadratlar formasında doğrayırsınız.

Bu arada bulyona nəzər yetirirsiniz. Əgər bulyon artıq kifayət qədər istiləşibsə, vakameni isti su ilə yaxşıca yuduqdan sonra bulyonun içinə əlavə edirsiniz. Ardınca doğranmış tofu dilimlərini bulyona əlavə edib 1-2 dəqiqə gözləyirsiniz ki, bulyon qaynamaq həddinə çatsın lakin qaynamasın. Bulyon artıq qaynama həddinə çatmağa yaxın olduqda, odu azaldıb bulyona miso pastasını əlavə edirsiniz. Pastanı bir başa bulyona əlavə etməyin. Böyük bir qaşığın içində pastanı yarımçıq bulyona əlavə edin və digər balaca bir qaşıqla pastanı yavaş-yavaş bulyonda həll edin.

DİQQƏT! Miso pastası bulyona əlavə edilən zaman, bulyon heç bir halda qaynamamalıdır sadəcə maksimal isti həddə çatdırılmalıdır. Çünki miso pastası çox xəssasdır və qaynayan bulyona əlavə edilsə, dadı itəcək və tərkibində orqanizmə faydalı olan maddələr qaynayaraq öz effektini itirəcək.

Pastanı bulyonda həll etdikdən sonra şorbanı qaşıqla yavaşca qarışdırın və odu söndürün. Şorba hazırdır. Zövqə görə, şorbanın üzərinə xırda doğranılmış göy soğan səpə bilərsiniz. Şorbanı süfrəyə bişmiş düyü ilə birlikdə təqdim etmək olar.

Hüseyn Əskərov © yapon.az 

Biraz fasilə 🎶

4. Osamu Dazai

“Həyatım utanılacaq hadisələrlə doludur. İnsan həyatının necə bir şey olduğu haqqında heç bir fikrim yoxdur. Doğulduğum üçün üzr istəyirəm.” 

– Bu misralar Osamu Dazai`nin ən məşhur fikirləri olmaqla yanaşı, həm də onun həyatını təsvir edirdi, desəm yanılmaram.

Ölümün arxasınca – ölüm ondan qabaqda…

Osamu Dazai (太宰治) 19 iyun 1909-cu ildə Tsuqaru yarımadasının mərkəzinə yaxın yerdə yerləşən kiçik Kanaqi qəsəbəsində doğulmuş yaponiyalı yazardır. O, XX əsrin ən qabaqcıl Yaponiya yazarlarından hesab edilir. Ömrünün böyük bir hissəsini vərəm xəstəliyindən əziyyət çəkərək yaşayıb. Bununla yanaşı, onun spirtli içkilərə və narkotikə bağımlılığı var idi. Əsl adı Şūci Tsuşima (津島修治) olan yazar varlı ailədə doğulmasına baxmayaraq, həyatının hər bir dövründə problemlərlə üzləşib. Atası “Zadəganlar evi”nin bir üzvü idi və buna görə, çox vaxt evdən uzaqlarda olurdu. Anası isə, Şuci hələ 11 yaşında olanda xroniki xəstəlik səbəbilə vəfat etmişdi. Şuci`nin böyüməsində ən böyük rolu onların qulluqçuları oynayıb.

Tsuşima Aomori məktəbində təhsil alıb. O, məktəb dövründə çox savadlı şagird sayılırdı. Xüsusilə də, yazı yazma sənətində. Hətta məktəbin nəşriyyatında redaktə işlərinə də kömək edirdi. Həyatının dəyişməyə başlaması isə, ən çox sevdiyi yazar – Ryunosuke Akutaqava`nın 1927-ci ildə intihar etməsi ilə başladı. O, artıq dərslərinə fikir vermir və spirtli içkilərə meyli günü-gündən artırdı. 10 dekabr 1929-cu ildə son imtahanından bir gün əvvəlki gecə artıq dozada yuxu dərmanı qəbul edərək intihara cəhd etsə də bu, uğurlu alınmadı. İntihar səbəbi isə, səhər olacaq imtahandan keçmə şansının olmaması idi. Ancaq bu hadisədən sonra yalnız növbəti il məzun ola bildi.

Ailədə hamının siyasətə qoşulmaq adətlərinə qarşı çıxaraq yazar olmaq qərarına gəlir və 20 yaşında Tokio Universitetində Fransız ədəbiyyatı bölümünə yazılır. Ancaq sonra təcili dayandırır və oktyabr ayında Hatsuyo Oyama (小山初代) adlı geişa ilə qaçır və bunu eşidən ailəsi onu övladlıqdan çıxarır. Bu hadisədən 9 gün sonra Kamakurada bir çimərlikdə başqa bir qadınla (tam dəqiq olmasa da bu qadının həmin çimərlikdəki barda işləyən 19 yaşlı Şimeko Tanabe (田部シメ子) olduğu aşkar olunur) intihara cəhd edir. Bu hadisədə Tanabe ölsə də Tsuşima yenə ölməyi bacarmır. Onu suda boğulan zaman gəmiçilər xilas edir və o, Tanabe`nin ölümünə görə özünü günahkar hesab edirdi. Bu olanlardan sonra ailəsi polisin araşdırmasına müdaxilə edir və Tsuşima`nın istəyilə dekabr ayında onu Hatsuyo Oyama ilə evləndirirlər. Ancaq bu xoşbəxt ailə həyatı çox çəkmir və Tsuşima Yaponiya Kommunist partiyası ilə olan əlaqələrinə görə yenidən həbs edilir. Bunu öyrənən böyük qardaşı Bunci təcili ona kömək edir və Tsuşima`nı gizlədir. Həmin vaxtda da onun adını təmizə çıxardır. Bunci onun qarşısına dilemma qoyur; ya universitetə diqqət edib, oranı bitirəcək və partiya ilə əlaqələrini kəsəcək, ya da təslim olub həbs cəzası çəkəcək. Tsuşima da birinci təklifi qəbul edir və bütün partiyalardan uzaqlaşaraq yazarlığa başlayır. O, Masuci İbuse adlı yazıçının köməkçisi olmaq şansını əldə edir.

İbusenin yayım orqanları və s. yerlərlə yaxın əlaqələri var idi. Növbəti illər ərzində bir neçə yazılar yazmağına baxmayaraq, ilk dəfə Osamu Dazai adından 1933-cü ildə çıxartdığı ilk qısa hekayə olan “Reşşa” (列車) adlı kitabında istifadə etdi. 1935-ci ildə bəlli oldu ki, Dazai yenə universiteti bitirə bilmədi. Bu azmış kimi onun Tokio qəzetində işləmək istəyi də rədd edildi. Bu uğursuzluqların ardından 19 mart 1935-ci ildə o yenə intihara cəhd etsə də cəhdi uğursuz alındı.

Bu illər ərzində spirtli içkilərlə yanaşı, artıq narkotik də istifadə etməyə başlamışdı. 1936-ci ildə o, narkotikdən xilas olmaq üçün müalicə aldığı dövrdə heç gözləmədiyi bir hadisə baş verir. O xanımı Oyama`nın Dazai`nin ən yaxnı dostu olan Zenşirō Kodate ilə münasibəti olduğunu görür. Bundan sonra Dazai və xanımı Oyama yuxu dərmanı içərək intihar etmək qərarına gəlirlər amma hər ikisi də sağ qalır. Bu hadisədən sonra Dazai ondan ayrılır və çox qısa müddətdə orta məktəb müəllimi olan Miçiko İşihara (石原美知子) ilə evlənir. Dazai`nin ilk qız övladı Sonoko (園子) 1941-ci ildə anadan olur.

Nəhayət ki…

1930-1940-cı illərdə Dazai yazarlığa davam edirdi. Onun ilk hekayəsi olan “Gyofukuki” 1933-cü ildə çıxdı. Sonra isə, “Doke no Hana və Gyakko” (1935)“Kyogen no Kami” (1936) əsərlərini yazdı və bu əsərlərin hər biri 1936-cı ildə “Bannen” adlı kolleksiyada birlikdə yayımlandı.

Müharibə dövründə yenə çətinliklərlə qarşılaşsa da bu illərdə onun 2 övladı dünyaya gəldi. İlk oğlu Masaki (正樹) 1944-cü ildə, ikinci qızı Satoko (里子) (o, gələcəydə Yuko Tsuşima adı ilə yazarlıq edəcək) isə, 1947-ci ildə doğulub.

Müharibədən sonrakı illər isə, Dazai`nin məşhurluğunun pik nöqtəsinə çatdığı dövr hesab olunur. Onun ən məşhur əsəri sayılan “Şayo” 1947-ci ilin iyul ayında yayımlanır. Bu əsər daha çox Şizuko Ota`nın gündəliklərinə əsaslanır ki, bu xanım Dazai ilə 1941-ci ildə tanış olmuşdu və Dazai`nin ən böyük fanatlarından biri idi.

Dazai`nin həyatının hər dövründə spirtli içkilər onun ən yaxın dostu olmuşdu və elə içkinin sayəsində o, Tomie Yamazaki (山崎富栄) ilə tanış oldu. Tomie evləndikdən 10 gün sonra müharibəyə görə ərini itirmiş bir dul qadın idi. Dazai ona o qədər bağlanmışdı ki, hətta həyat yoldaşı və uşaqlarını tərk edərək onunla yaşamağa başladı və elə həmin dövrdə 1948-ci ildə Dazai`nin öz həyatını əks etdirən avto-bioqrafik kitabı sayılan “Ningen şikkaku” əsərini yazdı. “Ningen şikkaku” günümüzdə Yaponiya ədəbiyyatının klassikası sayılır və çoxlu sayda fərqli dillərə tərcümə olunub.

1948-ci ildə Dazai “Guddo bai” (ingiliscə “Goodbye”) adlı uzun metrajlı roman yazmağa başlamışdı ki, bu roman Asahi qəzetində yayımlanacaqdı. Ancaq bu əsər tamamlanmadı. 13 iyun 1948-ci ildə Tomie və Dazai nəhayət ki, həyatlarına son verə bildilər. Güclü yağış yağan və dumanlı bir gündə evlərinin yaxınlığındakı Tamaqava kanalından suya özlərini buraxaraq intiharlarını reallaşdırdılar. Onların ölü bədənləri isə, təsadüf nəticəsində Dazai`nin anadan olduğu gün – 19 iyunda aşkarlanır. Dazai vəfat edəndə 38 yaşında idi və cəmi 6 gün sonra 39 yaşı tamam olacaqdı. Onun məzarı isə, Mitake, Tokioda yerləşən Zenrin-ci məbədindədir.

2009-cu ildə “Aoi Bunqaku” adlı bir anime yayımlandı. Burada 6 klassik Yaponiya ədəbiyyatı nümunəsinin anime versiyaları izləyicilərə təqdim olundu və bunlardan ikisi: “Ningen şikkaku” (“İnsanlıqdan məhrum”, 1-4-cü epizodlar) və “Haşire, Melos!” (“Qaç, Melos!”, 9-10-cu epizodlar) əsərləri Dazai`yə məxsus idi.

Rəşid Ələsgərov  © yapon.az 

5. Yapon mifologiyasında “bakeneko” nədir?

Qədim zamalarda yaponların “bakeneko” qorxuları olduğu üçün uzun müddət pişik saxlamaqdan çəkinirdilər. Bəs “bakeneko” nə idi? Niyə yaponların bu inancı pişiklərə aid idi?

Bakeneko (化け猫) yapon miflərində pişiyəbənzər varlıqlardır. Onlar insan cildinə bürünür, ölüləri idarə edə bilir, insan dilində danışır və insanları lənətləyə bilirdilər. İnanca görə “bakeneko” lampa yağını yalamağı sevir və bunu etməsi hansısa qəribə hadisənin xəbərçisidir.

Bir inanca görə isə ev pişikləri müəyyən yaşa çatandan sonra bakenekoya çevrilirlər. Hətta Hiroşimadakı bir inanca görə pişik 7 yaşına çatdıqda sahibini öldürə bilərdi. Tarixdə bu inanc ucbatından bir çox pişik sahibi yaşlı pişiklərini öldürüb.

Edo dövründə belə inanc var idi ki, ilan kimi uzun quyruğu olan pişiklər insanları ovsunlaya bilər. Ona görə də, pişiklərin quyruqlarını tez-tez kəsməyə çalışırdılar. Deyilənə görə, hazırda Yaponiyada qısa quyruqlu pişiklərin sayının belə çox olması bununla bağlıdır.

Bir də nekomata (猫又) var. Bakenekoya çox oxşayır, amma iki quyruğu olur. İnanca görə ev pişikləri yaşlananda nekomataya da çevrilə bilərlər. Buna görə keçmişdə yaponlar uzun müddət pişik saxlamaqdan çəkinirdilər.

Serkan Şentürk © yapon.az

Əvvəlki bölümləri oxu:

“YaponAz Elektron Yaponiya jurnalı (5-ci bölüm)” üçün 2 cavab

  1. Möhtəşəmdir. Təşəkkür edirəm Yapon.az

Anonim üçün bir cavab yazın Cavabı ləğv et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.