
5 aprel tarixində Nizami Kino Mərkəzində keçirilən Sakura Fest-də YaponAz komandası olaraq iştirak etdik. Ziyarətçilərə Yapon dili və mədəniyyəti haqqında məlumat verdik. Qonaqlara yukata geyindirərək yapon atmosferini yaşatdıq. Adları yapon dilində yazaraq iştirakçılara xüsusi xatirələr bəxş etdik. YaponAz olaraq məqsədimiz yalnız dil öyrətmək deyil , eyni zamanda Azərbaycan ilə Yaponiya arasında mədəni körpü qurmaqdır.




Mart ayının 16-sı YaponAz tələbələrinin onlayn olaraq Ayumi senseilə danışıq dərsi keçirilmişdir. Ayumi sensei təcrübəli yapon dili müəllimi olmaqla yanaşı, tələbələrin danışıq bacarıqlarını inkişaf etdirməsi üçün fərqli metodikası ilə seçilir.


Mart ayının 14-ü YaponAzda keçirilən “FEEL度 WALK” layihəsinin mart görüşü çox maraqlı və yaradıcı atmosferdə keçdi. İştirakçılar Maki sensei ilə birlikdə yavaş gəzinti edərək şəhərə fərqli baxış bucağından baxmağı təcrübə etdilər. Daha sonra seçilən fotolar “Çizu” illüstrasiyasına çevrilərək iştirakçıların öz baxış bucağı və yaradıcılığı ilə ifadə olundu.





Tədbirdən sonra müəllimlərimizin “Yapon dili tədrisində yeni metodikalar” mövzusunda müzakirəsi keçirilmişdir.



Mart ayının 9-u cənab Manosanla birlikdə keçirdiyimiz görüşdə 10-dan çox üzvümüz fəal iştirak etdi. İştirakçılar həm yaponca danışıq məşqi etdilər, həm də maraqlı oyunlar və interaktiv fəaliyyətlər vasitəsilə dili daha rahat istifadə etməyə çalışdılar.





22 fevral tarixində YaponAzın təşkilatçılığı ilə fərqli formatda yapon dili danışıq dərsi keçirildi. Tələbələrimiz yapon qonağımız Anna xanımla maraqlı və əyləncəli oyunlar vasitəsilə yapon dilində ünsiyyət quraraq praktik danışıq bacarıqlarını inkişaf etdirdilər.




Yaponiya Hökuməti Təqaüd Proqramı (MEXT) çərçivəsində təhsil almış məzunları bir araya gətirən bu nüfuzlu resepsiyada YaponAz Mərkəzinin rəhbəri Gülşən Cabbarlı və meneceri Gülşən Ağayeva İsmayılzadə iştirak etmişdir.
Fevral ayının 20-si YaponAz komandası olaraq Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəvətilə Yaponiyanın İmperatoru Naruhitonun doğum gününü qeyd etdik. Fairmont oteldə təşkil olunan bu möhtəşəm ziyafətdə YaponAz olaraq iştirak etmək bizim üçün böyük şərəf idi.



Yanvar ayının 30-u Yaponiya Səfirliyinin iqamətgahında yapon dili müəllimi Esmira Məmmədovaya Yaponiyanın “Gümüş Şəfəqli Gündoğar Ordeni”nin təqdim olunması mərasimində YaponAzın rəhbəri Gülşən Cabbarlı iştirak etmişdir.

Yanvar ayının 21-i “Maki senseilə gəzərək öyrən” layihəsinin dəstəkçisi olmuşuq və bu proqram, Yapon Fondunun (Japan Foundation) paylaşımında xüsusi yer verilib. Həmçinin Azərbaycandakı Yaponiya və yapon dili təhsili ilə bağlı sənəddə YaponAz haqqında məlumat verilib.






Yanvar ayının 11-i YaponAz Yapon Dili Mərkəzində “Rəngarəng origami” günü təlimçi Nuray Rəsulzadə tərəfindən keçirilmişdir. Təlimdə YaponAz fəalları iştirak etmiş, bir-birindən maraqlı fiqurlar düzəltmişdir.




Yanvarın 6-da YaponAz Yapon Dili Mərkəzində maraqlı bir görüş baş tutdu. ADA Universitetinin yapon tələbəsi Togaşi Vataru ilə Yaponiyada təhsil, Azərbaycandakı tələbə həyatı və mədəni fərqlər barədə səmimi söhbət etdik.


Yanvar ayının 1-i Mərkəzimizin qonaqları Yaponiyadan olan diş həkimləri Umetsu Tokuhiro və Mano Akihisa oldular. Görüş zamanı Yaponiyada təhsil və peşəkar həyat, səhiyyə sahəsində yanaşmalar, həmçinin Yaponiya–Azərbaycan mədəni əlaqələri ətrafında maraqlı müzakirələr aparıldı.


