Yapon mədəniyyətində nəzakət qaydaları gündəlik həyatın ayrılmaz bir hissəsidir və bu qaydalar müxtəlif müraciət formaları ilə ifadə olunur. Əgər anime izləyirsinizsə və ya manga oxuyursunuzsa, yəqin ki, -san, -kun, -çan, -sensei kimi müraciət formalarını eşitmisiniz. Gəlin bu yazıda bu formaların necə və nə üçün istifadə edildiyini öyrənək.
“San” さん: ən neytral müraciət
“San” adətən ilk öyrəndiyiniz və ən çox istifadə edilən müraciət formasıdır. Yaş, cinsiyyət və ya sosial statusdan asılı olmayaraq, tanımadığınız insanlara müraciət etmək üçün istifadə olunur. “San” sözünü “Cənab” və ya “Xanım” ifadələrinə bənzətmək olar. Bu forma, həmçinin şirkət və mağaza adlarına əlavə oluna bilər. Məsələn, çörək dükanı haqqında danışarkən “pan-ya-san” (çörəkçi) deyə müraciət edilir.
“Çan” ちゃん: səmimi və şirin müraciət
“Çan” müraciət forması dostluq və yaxınlıq ifadə edən bir üslubdur. Bu forma, kiçik uşaqların “San” deməyi səhv tələffüz etməsindən yaranıb və çox şirin olduğuna görə dildə qalıb. “Çan” adətən uşaqlara, gənc qızlara, nənələrə və ya sevimli heyvanlara müraciət edərkən istifadə olunur. Cütlüklər də bir-birlərinə “çan” deyə müraciət edə bilər. Amma diqqət edin, bu formadan yalnız çox yaxın olduğunuz insanlara istifadə etməlisiniz.

“Kun” くん: gənc kişilər üçün müraciət
“Kun” forması daha çox gənc kişilər və yeniyetmələr üçün istifadə olunur və daha çox məktəb və iş yerində eşidə bilərsiniz. Üstün bir şəxs (müəllim, müdir və ya yaşca böyük birisi) tərəfindən gənc kişilərə müraciət üçün istifadə olunur. Bəzən qadınlar da yaxın olduqları kişilərə “kun” deyə müraciət edirlər. Yəni, bu forma daha çox rəsmi olmayan, rahat bir müraciət formasıdır.
“Sama” さま: ən yüksək hörmət müraciəti
“Sama” -san formasının ən rəsmi və yüksək versiyasıdır. Adətən çox hörmət etdiyiniz insanlara, müştərilərə və ya hətta yapon tanrılarına müraciət edərkən istifadə olunur. Məsələn, “kami-sama” (tanrı) və ya “okyakusama” (hörmətli müştəri) kimi. “Sama” müraciəti həm də sosial üstünlük və yüksək hörmət ifadə edir.
Digər maraqlı müraciət formaları
Yapon dilində istifadə olunan bir çox digər müraciət formaları da var:
- Buchou (部長) – Departament müdiri (buçou)
- Kachou (課長) – Bölmə müdiri (kaçou)
- Shachou (社長) – Şirkət rəhbəri (şaçou)
- Senpai (先輩) – Böyük şəxs (status, sinif)
- Kouhai (後輩) – Kiçik şəxs (status, sinif)
- Sensei (先生) – Müəllim, ustad, həkim (bir işin mütəxəsisi)

Yapon adlarından sonra gələn müraciət forması necə istifadə olunmalıdır?
Yaponiyada adətən insanlara soyadları ilə müraciət olunur və müraciət formaları soyadlara əlavə edilir. Birini sadəcə soyadı ilə çağırmaq çox kobud davranış hesab edilir. Bəzən adlara da müraciət formaları əlavə oluna bilər, amma bu, çox yaxın olan insanlar üçün və ya əcnəbilər üçün keçərlidir. Yapon mədəniyyətində yaş, status və iş mövqeyi kimi faktorlara görə insanlar arasında iyerarxiya var və bu, onların necə danışdığına da təsir edir.
Bunları etməyin:

Bəzi hallarda müraciət formalarını istifadə etmək düzgün hesab edilmir:
- Özünüz haqqında danışarkən;
- Qarşınızdakı şəxs sizdən onlardan istifadə etməməyinizi xahiş edəndə;
- Valideynləriniz, nənə və babanız kimi çox yaxın olduğunuz insanlarla danışarkən;
- Çox yaxın olduğunuz biri haqqında başqa bir şəxsə danışarkən.
Yaponiyada bu mürəkkəb nəzakət qaydalarını öyrənmək, ölkədə daha rahat və hörmətli qarşılanmanıza kömək edəcək. Beləliklə, bu müraciət formalarını düzgün şəkildə istifadə edərək yapon mədəniyyətinin bir parçası olmaq üçün ilk addımlarınızı ata bilərsiniz!
Müəllif : Gülşən Cabbarlı
(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub. )

Anonim üçün bir cavab yazın Cavabı ləğv et