YaponAz Elektron Yaponiya jurnalı (4-cü bölüm)


“Yaponiyanı heç bu cür bilmirdim!” deyəcəyiniz, bir günün içində oxuyub bitirəcəyiniz məqalələr bir səhifədə! Bu jurnalın fərqliliyi ondan ibarətdir ki, yalnız bir səhifədə qalaraq bir-birindən maraqlı məqalələr ilə tanış ola bilərsiniz.

Məqalələr yapon.az saytına aiddir.

Başlıqlar:

  1. “Onlar Günəşin övladları bu torpaqlara gəlməzdən əvvəl burada idilər”
  2. Yaponiya folklorunda tülkü
  3. Robotları, gəlmələri və qadınları “qazanın”
  4. Kokeşi: taxta gəlinciklər
  5. Ay Savaşçısı haqqında bunları bilirdiniz ?

1.“Onlar Günəşin övladları bu torpaqlara gəlməzdən əvvəl burada idilər”

Tarixdə ainular

Ainular (アイノ, アイヌ) haqqında məlumatlar kifayət qədər azdır. Bilinənə görə, qədim zamanlardan bəri ainular indiki Kuril adaları, Saxalin, Kamçatka yarımadası və Hokkaido (北海道 və ya keçmiş Ezo (蝦夷)) ərazisində yaşamışdır. E.ə. 300-cü ildə yaponların əcdadları olan yayoilərin hal-hazırki Yaponiya ərazisinə gəlməsilə iki millət birlikdə həyat sürməyə başlayır. Yaşama və təsərüffat üsullarının daha inkişaf etmiş olması nəticəsində isə yayoilər dominant kültür halına gəlir və beləcə, onlar ainuları sıxışdıraraq Hokkaidonun şimal bölgəsində kiçik bir ərazidə yaşamağa məcbur edirlər. Ainu mifologiyasında deyilir ki, “Onlar (yəni, ainular) Günəşin övladları bu torpaqlara gəlməzdən əvvəl burada idilər”.

Yaponlar bir müddət ainu mədəniyyəti üzərində hökmranlıq qursa belə, 1457-ci ildə ainular o dövrün Yaponiyasına müharibə elan edir. Savaş meydanını məğlub olaraq tərk edən ainular 1669 və 1789-cu illərdə yeni iki müharibə başladır, amma hər birində də uduzurlar. Ancaq ainuların əsas əzabı Meiji dövrü ilə başlayır.

“Birləşmiş Yaponiya” – kölələşdirilən ainular

Meiji dövründə “Yaponiyanın birləşdirilməsi” siyasətinin həyata keçirilməsi adı altında ainuların öz dilində danışmağı və öz mədəniyyətlərinə dair hər hansı bir aktı həyata keçirmələri qadağan olunur. Bununla da bitmir və Meiji hakimiyyəti ainuların torpaq sahələrini əlindən alır və onlara ancaq “icazəli torpaqlar”da təsərüffatla məşğul olma imkanı verilir. Hər zamankindən daha artıq ayrı-seçkiliyə məruz qalan ainular, balıqçılıq sahəsində demək olar ki, kölə kimi işlədilməyə başlayır. Keçmişdə ainu kəndlərində, yerli qanunlar hökm sürərkən, “Yaponiyanın birləşdirilməsi” siyasəti ilə ainular da Yaponiya məhkəmə sisteminə tabe edilir.

Bu qadağalar 1997-ci ilədək davam edir. Ancaq gec aradan qaldırılan bu qadağa artıq ainu mədəniyyətinə vura biləcəyi zərəri çoxdan vurmuşdu. Ainular yazılı ədəbiyyat nümunəsinə sahib olmadıqlarından dilləri, demək olar ki, unudulmuş, adət-ənənələri çoxdan yaddaşdan silinmiş və gələcək nəsilləri eyni əziyyətdən qorumaq məqsədilə yaponlarla evlənib, “ainu görünüşü”ndən xilas olmağa çalışanların arzuları yerinə yetmiş, ainular görünüşcə yaponlara bənzəməyə başlamışdı.

Ainu mədəniyyəti

Ainular görünüşcə yaponlardan çox fərqli idilər. Onların gözləri daha avropasayağı, burunları dik, üzləri sümüklü və üz tükləri qalın idi. Ainularda qadınlar və kişilər saçlarını çiyinlərinə qədər uzadar, kişilər bir yaşa qədər saqqallarını qırxmaz, qızlar isə həddi-büluğa çatanda ağızlarının ətrafına qara tatu döydürərdilər.

Ainu: The Indigenous People of Japan – Kiriko Made

Onların əsas menyusu ayı, dovşan, ceyran və tülkü ətindən ibarət idi. Eyni zamanda, onlar müxtəlif tərəvəzlərdən fərqli yeməklər hazırlayır və yaponlar kimi qidaları yarıçiy yeməkdənsə, yaxşıca bişirirdilər.

Ainular bütün varlıqların ruhu olduğuna inanırdı və bu ruhlara “kamuy” deyirdilər. Ən böyük tanrıları isə, dağların və ayıların allahı Kim-un Kamuy idi. Buna görə də ainular yaşayış ərazilərində bala ayılar saxlayar və ayılar müəyyən bir yaşa çatdıqlarında onları Kim-un Kamuya qurban kəsərdilər.

Çağdaş Yaponiyada ainular

Hal-hazırda Yaponiyada 25.000-ə yaxın ainunun yaşadığı düşünülür. Ancaq ainu dilində danışa bilən 15-dən az insan var. Bəziləri isə ainuların sayının 200.000-dən artıq olduğu, ancaq bir çox insanın öz milli kimliyindən xəbərsiz yaşadığını iddia edir.

İndi ainular öz bayramlarını qeyd etmə, rəqslərini sərgiləmə, milli geyimlərini geyinmə hüququna malikdirlər. Mələsən, Ainu Rebels adlı bir qrup milli musiqiləri ilə hip-hopu qarışdıraraq konsertlər verir. Ancaq qrubun lideri xanım Mina ainuların hələ də diskriminasiya ilə üz-üzə qaldığını və yaponların onların “çirkli, mədəniyyətsiz” insanlar olduğunu düşündüyünü deyir. Mina özü, ainu kimliyindən utanaraq böyüyüb. Ancaq sonra o, özündə milli kimliyini qəbullanacaq güc tapıb və belə bir musiqi qrupu yaradıb. İndi onlar yalnız digər ainulara özlərini bu ölkənin bir parçası olaraq görməyə yardım etmir, həm də Yaponiyadakı “vəhşi ainu” stereotipini qırır. ( Maraqlıdır: Bunu izlə)

Şiraoi Porotokotan (Ainu Muzeyi)

Ainu Muzeyi ziyarətçilərə Hokkaidonun yerli əhalisi ainuların mədəniyyətini tanıtmağa imkan verən açıq hava altında muzeydir. Muzeydə Poroto gölünün sahilində təbiətlə harmoniyada “chise” adlanan saman örtüklü evlər yerləşdirilib. Burada, qonaqlar keçmişdə hisə verilmiş qızılbalıqların istehsalını və ainu naxışları ilə ənənəvi sənətkarlıq nümunələrini görərək, həyatın necə olduğu barədə əyani bilgilər əldə edə bilərlər. Muzey, Yaponiyanın Əhəmiyyətli Mədəniyyət Varlığı kimi təyin olunan ənənəvi ainu xalq rəqsini və musiqisini görmək və eşitmək üçün əla fürsət təklif edir (performanslar gündə bir neçə dəfə keçirilir).

Selcan Yağmur © yapon.az

2. Yaponiya folklorunda tülkü

Əfsanələrə görə kitsunenin yaşı çoxaldıqca, onun sehrli gücü və quyruqlarının sayı da artır

Tülkü müxtəlif ölkələrin mədəniyyət və folklorunda müxtəlif obrazlarda təsvir olunur. Adətən rus nağıllarında (və bilavasitə Azərbaycan folklorunda) gördüyümüz tülkü əsasən hiyləgər canlı obrazında təsvir olunur və demək olar ki, əksər hallarda antaqonist (baş qəhramanın əleyhinə, onun məqsədinə çatmaq üçün maneə) olur. Fərqli mədəniyyət və adət-ənənələrə sahib olan Yaponiyada isə tülkü çox maraqlı ve qeyri-adi obraza malikdir.

Yapon dilində tülkü “kitsune” (狐 və ya きつね) adlanır və Yaponiyanın folklor və mədəniyyətinin ayrılmaz, geniş tanınan və çox vacib bir elementidir. Bu obrazın kökü öz başlanğıcını min illər öncə Çin mifologiyasından götürür. Çin mifologiyasında “huli jing” (çin. 狐狸精) adlanan tülkü ruhunun obrazı uzun illər öncə Yaponiya folkloruna daxil olaraq, daha da maraqlı obraza çevrilmişdir və bu günlərə kimi Yaponiya mədəniyyətinin bir hissəsi kimi geniş tanınır.

Yəqin ki, anime izləyiciləri müxtəlif animelərdə tülkü obrazına rast gəliblər. Rusiya və digər ölkələrin folklorunda təsvir olunan tülküdən fərqli olaraq, Yaponiya tülküsü adətən ağ rəngdə və çoxquyruqlu kimi təsvir olunur. Kitsune adi tülkü deyil, onlar “youkai” (yap. 妖怪 – ruhlar və kabuslar) adlanan mifoloji varlıqların bir növüdür. Qədim Yaponiya ədəbiyyatında kitsune çox ağıllı və sehrli varlıqlar kimi təsvir edilirlər. Onların ən maraqlı xüsusiyyətləri isə insan, xüsusən də, gözəl bir qadın obrazına girməkləridir.

Əfsanələrə görə kitsunenin yaşı çoxaldıqca, onun sehrli gücü və quyruqlarının sayı da artır və beləliklə, ən çox 9 quyruq sahibi ola bilərlər. Doqquz quyruqlu kitsune Kyuubi no Kitsune (yap. 九尾の狐 və ya きゅうびのきつね – doqquz quyruqlu tülkü) adlanır və yaşı bir neçə 100 illiyi ötmüş, müxtəlif sehrli güclərə malik olan ruhlardır. Çindən gəlmiş inanclardan əlavə, Yaponiyada tülkü öncədən şintoizmin ən vacib ilahələrindən biri hesab edilən İnarinin (稲荷) carçısı (yap. 使い、つかい) və əsas atributu idi. Hətta İnarinin özü bir çox qədim rəsmlərdə kitsune formasında təsvir olunmuşdur. Yaponiyaya ilk səfər edən rusiyalı səyyahlar qeyd edirlər ki, yaponlar adi tülkü gördükdə vahiməyə düşərdilər və düşünürdülər ki, qarşılarında kitsune ruhu və ya İnari ilahəsidir.

Yaponiyada İnari ilahəsinə həsr edilmiş çoxsaylı şinto məbədlərini ziyarət etsəniz orada mütləq tülkü heykəllərinə rast gəlmək olar. Bu tülkü heykəllərinin əksəriyyəti ağızlarında açar tuturlar. İnari şinto mifologiyasında düyü və düyü məhsuldarlığı ilahəsidir və tülkülərin ağızlarındakı açarlar düyü anbarlarının açarları hesab edilir. Ən məşhur İnari məbədi Kioto şəhərində yerləşən Fuşimi İnari Taişa (伏見稲荷退社) məbədidir.

Məbəddə yüzlərlə tülkü heykəllərinə rast gəlmək mümkündür. Məbəddə, həmçinin, tülkü maskaları da əldə etmək olar. Yaponiyanın əksər festivallarında bu maskaları taxmış insanları görə bilərsiniz.

Yaponiyanın digər şəhərlərində də İnariyə həsr olunmuş çoxsaylı məbədlər vardır. Misal üçün Saqa prefekturasında yerləşən Yutoku İnari məbədi (祐徳稲荷神社) və Sapporo şəhərində yerləşən Fuşimi İnari məbədini (札幌伏見稲荷神社) göstərmək olar.

Kitsune obrazına Yaponiyanın müxtəlif incəsənət növlərində rast gəlmək mümkündür. Milli Yaponiya teatrı Kabukidə, Genkurougitsune (源九郎狐) və Kuzunoha (葛の葉) adlı qəhrəmanlar bu misallardan biridir. Müxtəlif janrlarda olan yapon musiqilərində də tez-tez kitsune adı hallanır. Məsələn, metal idol qrupu “Babymetal”ın “Megitsune” adlı mahnısı var və s.

Anime və video oyunlar aləminə gəldikdə də kitsunedən yan keçmək olmaz. Məsələn, 2000-ci illərdə çox məşhur olan “İnuyaşa” adlı anime və manqa seriyalarında Şippo adlı balaca kitsune əsas qəhrəmanlardan biridir və demək olar ki, bütün seriyalarda çıxış edir. Digər misal kimi, “Okami” adlanan Yaponiya istehsalı olan video oyunu gətirmək olar. Bu oyunda kyuubi no kitsune mənfi obrazdır. Həmçinin, dünyada ən tanınmış animelərdən olan “Pokemon” seriyalında Kyuukon (ingiliscə versiyasında Ninetails) adlı doqquz quyruqlu tülkü Pokemon vardır.

Yaponiyada kitsune o qədər populyar bir obrazdır ki, ona hətta milli yemək növü də həsr olunub. Rəvayətə görə, kitsune qızardılmış soya pendiri – aburaageni (油揚げ) çox sevdiyi üçün tərkib hissəsi bu məhsul olan əriştə şorbasına Kitsune udon adı qoyulmuşdur.

Hüseyn Əsgərov © yapon.az

3.Robotları, gəlmələri və qadınları “qazanın”

Ölkədə yeni doğulanların sayında azalmanın baş verməsi bir sıra başlıca problemlərə səbəb ola bilir. Ölkə əhalisinin yaşlanması zamanı da problemlər baş verir. Gəlin təsəvvür edək ki, bu iki hadisə eyni zamanda baş verir, bəs onda necə olar? Yaponiya bunun cavabını bilir, çünki onlar hazırda bu cür böhranlı vəziyyətlə üz-üzədirlər.

ABŞ-Yaponiya münasibətlərinin araşdırılması, təhlili və daha yaxşı ictimai dərk edilməsinə xidmət edən Birləşmiş Ştatların beyin mərkəzi “Sasakava Sülh Fondu”nun araşdırmalarına əsasən, Yaponiya “Əkiz fenomeni”ni yaşayır.

Bu ilk baxışda “yaponların problemi” kimi görünə bilər, lakin yaxın 30-50 ildə bir çox inkişaf etmiş ölkələrdə (İEÖ), o cümlədən, Birləşmiş Ştatlara da təsir edə bilər. Hesablamalara görə dünya əhalisinin artımında əhəmiyyətli dərəcədə azalma müşahidə ediləcək, yaşlı (qoca) əhali qrupunun sayı çoxalacaq. Yaponiya böyük, dünyamiqyaslı demoqrafik böhranla mübarizəyə rəhbərlik edir.

Daha yaxın bir nəzər

Yaponiyanın əhalisi azalır, lakin bu, ölüm dərəcəsi yüksəlir anlamına gəlmir. Faktiki olaraq yapon xalqı uzunömürlüdür, bundan əvvəlki dövrlərə nəzərən daha sağlam ömür sürürlər. Normal şərtlər daxilində bu yaxşı haldır, lakin, doğum səviyyəsinin azalması ilə eyni anda müşahidə edildiyi üçün həyəcan təbili çalmağa məcbur edir.

Ümumi doğum səviyyəsindən (bütün qadınlar doğuş qabiliyyəti dövrünün sonuna qədər yaşadığı halda hər bir qadının dünyaya gətirdiyi uşaqların orta göstəricisi) başlasaq, Yaponiyada bu göstəricinin 1.46 olduğunu görərik. Sağlam (normal) ümumi doğum səviyyəsi bir çox ölklərdə övlad dünyaya gətirən qadınlar üçün 2.1-dir. Əgər bu göstərici sizin yaşadığınız məkanda qeyd olunandan aşağıdırsa, onda sizdə əhalinin artımında zəifləmə baş verir.

Burada açar söz kimi yerdəyişmə qəbul edilir. Yəni, bu uşaqlar böyüyərək, işləyəcək və təqaüdçü əhaliyə çevrilərək, hər mərhələdə onları əvəz edəcəklər. Bu uzun orta ömürlülüyün (təxmini ömür müddəti/ adətən yaxşı hal kimi qəbul olunur) problemə çevrilməsinə səbəb olur.

Doğum səviyyəsinin azalmasına nələr təsir göstərir

Nə üçün Yaponiyada doğum səviyyəsi aşağı düşür?

Bir neçə faktorlara görə baş verə bilər:

  1. Qadınlar daha gec ailə qururlar.
  2. Qadınlar evdarlıqdan başqa bir çox seçimlərə sahibdirlər.
  3. Gənc peşəkarlar Yapinyada son 20 ildə ailə qurmağın əleyhinədirlər.
  4. Qadınların ailə qurmadan uşaq dünyaya gətirməkdə istəksiz olması.

Yaponiyada qadınlar üçün dünyaya uşaq gətirmək ailə qurmaq və işləməmək mənasını verir. Əminliklə bildirmək olar ki, texniki olaraq Yaponiyada qadınlar üçün uşağın böyüdülməsini ayrıca peşə ki yerinə yetirmək mümkün olsa da, cəmiyyət bunu asanlıqla həzm etmir. Beləliklə, qərarlar karyera yoxsa övladlar seçiminə doğru enir və qadınlar karyeranı seçirlər.

Statistika

Bu problem pis görünə bilər, amma sən böyük və soyuq rəqəmlərlə ifadə etdikdə daha bərbad (əgər statistik təhlildən qorxursunuzsa bu bölməni ötürə bilərsiniz) olmağa başlayır. Gəlin BMT-nin 2015-ci ildə hazırladığı “Ümumdünya Əhalisinin Perspektivləri”ndəki faktlara baxaq.Bu bizə Yaponiyada əhalinin azalma problərini başa düşməkdə daha yaxşı kömək edəcək.

Statistika özü hər şeyi izah edir. Yaponiya bu səviyyədəki tendensiyanı saxlasa, o zaman 2050-ci ilə qədər əhalinin ümumi sayında 20 milyon nəfərin azalması müşahidə ediləcək. Bu, çoxlu miqdarda əmək qüvvəsinin itkisi deməkdir.

Əhalinin yaş qruplarına görə bölgüsü

2050-ci ilədək əhalinin 42.5%-nin 60 yaşından yuxarı olacağı gözlənilir. Bu da onu göstərir ki, ölkə ehtiyaclarının ödənilməsi üçün gənc əhaliyə çox az sayda çıxış yolları qalmışdır. Gənc əhalinin sayı azala bilər və onların öhdəliklərinin yerinə yetirilməsi üçün böyük yaşlarda yaşaması zərurəti yarana bilər.

Doğum: Hər qadına düşən uşaqların orta sayı

Əvəzetmə doğum səviyyəsi 2.1-dir, bu göstəricini belə başa düşmək olar ki, hər qadın tərəfindən təxminən 2 uşaq dünyaya gətirilib. Yaponiya bu “əvəzedici” dərəcədən aşağı olub və belə qənaətə gəlinib ki, həmin rəqəm sabit qalacaqdır.

Orta ömür müddəti

Uzun ömür yaşamaq heç də pis hal deyil. Lakin çox sayda insanın uzun ömür yaşaması onlar üçün çox sayda gənc insanın pul və ərzaq əldə etməsini zəruri edir. Yaponiyada ömür müddətinin isə qısalması deyil, uzanması gözlənilməkdədir. Beləliklə də, aşağı doğum səviyyəsi problemi də bunun tərkib hissəsi olaraq qalır.

Vurğu: Yaponiyanın demoqrafik statistikası heç də xoş görünmür. Ölkə 2050-ci ilə qədər milyon əhali elə həmin miqdarda da əmək qüvvəsi itirəcək. Baxmayaraq ki, ümumi doğum səviyyəsi əhəmiyyətli dərəcədə artmaqdadır (təxminlər bunun olmayacağını deyir), bu tendensiya davam edəcək. Ən vacib məqamlardan biri isə 2050-ci ilə qədər əhalinin təxminən yarısını 60 yaşından yuxarı olanlar təşkil edəcək. Başqa sözlə, azalan işçi qüvvəsinin də yarısı təqaüdə gedəcək və yerdə qalan işçi qüvvəsinin öhdəsinə düşən yük artmış olacaq.

Bəs əhalinin yaşlanması və azalması Yaponiyaya necə təsir edəcək?

Vüqar Məmmədquliyev © yapon.az 

Biraz fasilə 🎶

4. Kokeşi : taxta gəlinciklər

Kokeşi (小芥子) – Yaponiyada taxtadan hazırlanan gəlinciklərdir. Silindrik bədəndən və ona bərkidilmiş başcıqdan ibarətdir. Əvvəllər kokeşini bütöv bir ağac parçasından hazırlayırdılar. Kokeşinin xarakterik xüsusiyyəti, bu gəlinciklərin əl və ayaqlarının olmamasıdır.

Material kimi müxtəlif ağac gövdələrindən – albalı, zoğal, ağcaqayın və ya tozağacından istifadə olunur. Bəzədilməsi zamanı isə, müxtəlif gül, bitki və digər ənənəvi motivlərə müraciət olunur. Kokeşilərin rənglənməsində daha çox qırmızı, qara, sarı və tünd qırmızı rənglər üstünlük təşkil edir.

Belə hesab olunur ki, kokeşilər ilk dəfə Edo dövrünün ortasında (1603-1867) Yaponiyanın şimal-şərqidə yerləşən Tohokuda yaradılıb. Ev üçün taxta əşyalar hazırlayan xarratlar kokeşiləri bu ərazidəki onsenlərə (onsen – müalicəvi isti su mənbələri) gələn qonaqlara suvenir kimi satırdılar. Beləliklə də, bu suvenirləri yaxınlarına hədiyyə edən qonaqlar kokeşi möcüzələri haqqında əfsanə və nağılları bütün ölkəyə yaymaqda vasitəçi olurdular. Gəlinciklərin hər bir nümünəsi unikal, ancaq özünəməxsus xüsusiyyətlərə malik idi.

Kokeşilər nəsildən-nəsilə ötürülürdü. Əgər, uşaqlar kokeşilərlə oynayardılarsa, belə hesab olunurdu ki, bu mütləq tanrılara xoş təsir edəcək. İnsanlar kokeşiləri canlandırardılar və inanırdılar ki, onlar bol məhsul toplanmasına kömək edir, evə bərəkət və uğur gətirirlər.

Başqa bir fərziyyəyə görə, kokeşilər anadan olmadan ölən uşaqların şərəfinə hazırlanırdı və onların ruhunu daşıyırdı (cizo heykəlcikləri kokeşilərə oxşayır).

Kokeşi dizaynında əsas 2 məktəb ayırd edilir: ənənəvi (伝統 – dento) və yeni (新型 – şinqata).

Ənənəvi gəlinciklər Tohukunun müxtəlif vilayətlərində hazırlanırdı. Hər vilayətin üslubu özünəməxsus və misilsiz idi. Kokeşi ustalarının sirləri ustadan şagirdə, atadan oğula ötürülürdü.

Ənənvi Kokeşilərin formaları daha sadədir. Onların nazik bədəni və kürəşəkilli başları olur. Ənənəvi Kokeşilərin hal-hazırda 11 növü qeyd olunur: Tsuçiyu, Togatta, Yaciro, Naruko, Sakunami, Yamaqata, Kiciyama, Nanbu, Tsuqaru, Zao-takayu və Hicioro.

Ən məşhur növlərdən biri Naruko kokeşidir. Narukonun başı fırlana bilir. Başı hər dəfə çevirəndə o xüsusi səs verir ki, bu da ağlayan uşağın səsinə oxşayır. Buna görə ona “ağlayan gəlincik” də deyirlər.

Ənənəvi kokeşilərdə ancaq qızlar təsvir edirlir. İlk yaradılan kokeşilər rənglənməsə də, günümüzdə onların əksəriyyətinin parlaq rəngli kimonosu, gül və digər şəkilli ornamentləri vardır. Hər bir gəlincik əldə rənglənir və altında müəllifin imzası qoyulur. Gəlinciklərin hər biri fərqli üzə malikdir: biri təəccüblənir, digəri gülür, biri ciddi, digəri isə sakit.

Yeni kokeşi növləri isə müxtəlif formalarda, ölçülərdə və rənglərdə olurlar:

1945-ci ildən Yaponiyada kokeşi istehsalı kütləvi xarakter alıb və ənənəvi xalq yaradacılığına aiddir. Hazırda Yaponiyada kokeşi ən məşhur suvenir hesab olunur.

Kokeşinin məşhur Rusiya matryoşkalarının prototipi olması haqqında fikirlər də vardır.

Səkinəxanım Əliyeva © yapon.az 

5. Gözəl döyüşcülər – “Sailor Moon”

Yaponca adı “Bişouco senşi Sera Mun” (美少女戦士セーラームーン) olan anime məşhur manqaka Naoko Takeuçinin əsəridir. 1992-ci il martın 7-də dünyaya salam deyən bu anime öz çəkiliş tərzi və qrafikası ilə dövrünün seçilən animesi olmuşdur. Bəs, “Sailor Moon” necə yaranıb? Manqaka “Sailor Moon”u yazarkən nədən ilhamlanıb? Bu suallarıma cavab axtararkən düşündüm ki, bunu  sizinlə də paylaşım, əziz oxucular və animesevərlər. Belə ki, “Kodanşa” nəşriyyatındakı redaktor Naoko-sandan dənizçi forması geyinmiş qadın döyüşçülər yaratmasını istəmişdi (Bu arada Yaponiyanın orta məktəblərində qız şagirdlərinin məktəb forması, 1920-ci illərdə İngiltərə Krallıq Donanması dənizçi formalarından ilhamlanaraq hazırlanmışdır).

Beləcə, “Sailor V” (bəli, bəli düz eşitdiniz) ərsəyə gəlmişdir ki, bu da animedəki Sailor Venera, ya da Venera döyüşcüsündən başqası deyil! V-nin başqa dünyadan olan pişik “Artemiz” ilə tanış olması, sehirli güclər qazanması və şər qüvvələrə qarşı döyüşməsindən bəhs edən manqa “Run Run” jurnalında yayımlandığı andan etibarən hitə çevrildi. Oxucu kütləsinin çox olması nəzərə alınaraq animenin də yaradılması qərara alındı. Manqakanın qədim Yunanıstan və Roma mifologiyasına, astronomiyaya böyük marağı vardı. Bundan əlavə, həmin illərdə hit olmuş “Super Sentai” animesi manqakanın sevimlisinə çevrilmişdi. Məhz bu maraq və həvəslərdən ilhamlanan müəllif manqaya daha 4 döyüşcü də əlavə edir və baş rolda “Sailor Moon”un olduğu günümüzün ən məhşur animesi yaranır.

“Sailor Moon” yoxsa qədim Yunanıstan və Roma mifologiyası?

Mövzu olaraq yunan-roma mifologiyasından ilhamlanan bu animedə mifik obrazlara yer verilmişdir. Belə ki, mifologiyaya görə Ay ilahəsi Selena (anime adı: Sereniti) Pandoradan çıxan axrıncı şey – ümidi – qorumaqla vəzifələndirilmişdir və bu vəzifədə özünə kömək üçün dünyadan qızlar seçərmiş (animedəki 4 planet döyüşçüsünü xatırladınızmı?) Bu qızlar da dünyadakı insanları şərdən və xəstəlikdən qoruyurdular (Merkurinin gücü! 💙, Marsın gücü! ❤️, Yupiterin gücü!💚, Veneranın gücü!🧡 ) Bəli, əgər animeni diqqətlə izləmisinizsə xatırlatmaq istəyirəm ki, bu qızlarımız həqiqətən də Yer kürəsini ələ keçirtməyə çalışan şər qüvvələrə qarşı döyüşərək dünyanı və ədaləti qoruyurdular.

Bitdimi? Xeyr əlbəttə ki. İndi isə keçək digər obrazlara… Bəs Usaginin pişiyi? Luna adı? Bəli, bəli, bu da mifik addır, amma pişik deyildir. Necə? Belə ki, Ay ilahəsinin roma mifologiyasındakı adı Lunadır . Pişik surətində Yerə ensə də, Ay Krallığında insan olan Luna məhz bu mifologiyadakı addan ilhamlanaraq adlandırılmışdır. Bizim ağ pişiyimiz Artemiz – o da Olimpin Ay tanrısıdır.

İndi isə dillərə dastan olan məhəbbətdən, Usagi və Mamoru və ya digər deyişlə Sereniti və Endimion eşqindən danışmaq istəyirəm. Bu, öz növbəsində mifologiyada da dillərə dastan məhəbbət hekayəsidir. Necə? Beləcə; animedə dünyadakı adı Mamoru olan, döyüş zamanı Taksedo Maska çevrilən, amma əslində isə Yer şahzadəsi Endimionun özü elə mifik obrazdır. Mifologiyada bu,  “Selena və Endimion” eşqi olaraq adlandırılır. Əfsanəyə görə, Ay ilahəsi Selena gizli-gizli bizim Yer şahzadəsi Endimiona aşiq olur, hər gecə ona baxar və bütün gümüşü şəfəqlərini Endimionun üzərinə sərərmiş. Bunu görən Endimion da gözəllliyinə heyran olaraq Selenaya vurulur… (animedəki mövzudur) Animedə yaşanan o bədbəxt hadisə mifologiyada da var. Lakin bir az fərqli versiyada. Belə ki, Olimpin tanrısı Zevs bir insan ilə İlahənin eşqini düzgün hesab etmədiyindən Endimionu cəzalandırmaq üçün öz hüzuruna çağırır. Lakin Endimionun saf sevgisinə inanan Zevs ona istədiyi bir şeyi hədiyyə edəcəyini deyir. Özünün ölümlü, sevgilisinin ölümsüz olduğunu bilən Endimion, ölərək ondan ayrılmaq istəmədiyi üçün özünə “sonsuz yuxu” verilməsini istəyir…

Şəxsi inkişafın vacibliyinin vurğulaması və fərd olmağı dəstəkləməsi

İlk olaraq qəhrəmanlarımızın anti – “Disney şahzadəsi” duruşlarından danışaq. Gənc qızlara ilham olacağı düşünülən “Disney şahzadələri”nin indiyə qədər bizlərdə yaratdığı imicə baxanda, Usagi Tsukino və rəfiqələri həmişə başqa yerdə dayandılar. Təəssüf ki, “Disney”in zərif şahzadələri, demək olar ki, həmişə yaraşıqlı və cəsur “Ağ atlı şahzadə”lərin gəlib onları xilas etməklərini və evlənib sonsuza qədər onları qorumalarını gözləyən kövrək biblolar olaraq qarşımızda idilər. Bu yanaşma Seylor Mun və rəfiqələrinə heç uyğun deyildi. Onlar bir-birlərinin əksiklərini tamamladılar, biri-birlərini qorudular, yeri gələndə pis vəziyyətə düşsələr belə öz mübarizələrində özləri döyüşdülər. Əlbəttə ki, Usagi də hər kəs kimi kədəri və sevinci ilə sonsuz gənclik eşqini yaşadı, bərabər şərtlərdə. Baxmayaraq ki, gözəl üzü, uzun, sarı saçları və incə bədənilə “gözəl qadın” steriotipini tərənnüm edirdi, lakin arada oğlanların dalınca qaçdığı da olurdu, sızanaqlarına, köklüyünə ilişdiyi də. Tənbəl, bacarıqsız və sulugözlü halı ilə möhtəşəm döyüşcü də deyildi. Amma bununla yanaşı taleyini gerçəkləşdirmək məcburiyyətində qalan saf və təmiz qəlbli biri idi. Dəyər verdiyi və özünü müəyyənləşdirdiyi şey də gözəllik olmadı. “Sevgi və ədalət”ə görə şər qüvvələrlə döyüşməyə, sevdiklərini və dünyanı qorumağa həsr etdi özünü…

Məktəbdən və ev tapşırığı etməkdən zəhləsi gedən tənbəl baş qəhrəmanımız oflaya-oflaya da olsa, dərsin başlamağına az qalmış güclə məktəbə çatsa da, təhsilini axsatmadı, anime də öz üzərinə düşəni etdi. Günəş sistemindəki planetləri beyinlərə qazımaqdan daha çoxunu sərgiləyərək, şəxsiyyət, duyğular və özünə güvən mövzusunda bizlərə bir çox şey öyrətdi. Sağlam əlaqələr və dostluqlar qurmağın, öz şəxsiyyətinə və mənliyinə sahib çıxmağın vacibliyini göstərərkən, zəka və ya gözəllik kimi qavramların da çox fərqli formada ifadə edilə biləcəyini öyrətdi. 

Cinsi ayrı-seçkiliyə münasibəti

Anime hər zaman qadın gücü və dirənişini mərkəzində tutdu, lakin “Qızların birliyi: Jadetin sonu” hissəsi zirvəsi oldu. Planet döyüşçülərinin başına davamlı müsibət açan, ürəyi xislət dolu Jadet guya Taksedo Maskı öldürdükdən sonra bir daha qəhrəmanlarımızın qarşısına çıxırdı. Qadın düşmənçiliyini əks etdirən bir çox boş söhbətdən sonra, başlarında kişi olmadan heç bir şey bacarmayacaqlarını söylədiyində, Seylor Mun yumruğunu havaya qaldıraraq bağırırdı: “Lənət olsun cinsi ayrı-seçkiliyə!

Beləcə, “qadın gücü”nün simvolik üzü olan Seylor Mun öz dövrünün dünya üzrə ən böyük təsirə malik animesi oldu. Hər hansı bir “kişi liderliyi”nə ehtiyac olmadan, öz başlarına min bir şər qüvvə ilə döyüşərək öncə Yaponiyada, sonra isə dünyada qadın gücünə qarşı olan bütün tabuları qırdı.

Həmçinin, “Sailor Moon” manipulyativ səsləndirmə və ya kəsilmələrdən nəsibini almadığı orijinal halı ilə televiziyada yayımlanan animelərdən biri olaraq keçdi tarixə. Əvvəla, Haruka Tenou (Uran döyüşçüsü) və Miçiru Kaio (Neptun döyüşçüsü) arasındakı romantik əlaqənin mövcudluğu kifayət qədər dəqiq idi. Onlar biri-birilərinə aşiq idilər və bunu bir neçə dəfə sözləri, hərəkətləri ilə ifadə etmişdilər. Amerika televiziyasında onlar ən yaxşı dost olaraq göstərilsə də, Harukanın bir ara Usagi ilə mazaqlaşması nə bizim, nə də Miçurinin gözündən qaçdı. Digər bir əsas əlaqə də iki kişi arasında idi (BL). Bunlar düşmən tərəfindən Zoisite və Kunzite idi. Televiziyalar çarəni Zoisiteni qadın kimi səsləndirməkdə gördü. Döyüşçü Ulduzlar isə gündəlik hallarında kişi, döyüşərkən isə qadına çevrilirdilər və liderləri Seiya hər iki halında da bütün qəlbilə Usagiyə aşiq idi… İndiki dövrdə belə kifayət dərəcədə mübahisələrə səbəb olan bu məsələlərin təbiliyi 90-cı illərdə yayılmlanan bir animedə xüsusi səy göstərilmədən işlənilmişdi.

Dünyaca məşhur moda jurnallarının haqqını verdiyi möhtəşəm üslub

“Sailor Moon” personajları, yaradıcıları Naoko Takeuçi sayəsində həm xüsusi dizayn, həm də gündəlik geyimlərlə qarşımıza çıxdı. Takeuçi birbaşa “Thierry Mugler”, “Chanel” və “Dior”dan aldığı dizaynlar və 80-90-cı illərin gəncliyinin ürəyi getdiyi havalı və rahat hazır geyim parçalarından möhtəşəm geyimlər yaratmışdı.

“Louis Vuitton”un 2016-cı il bahar moda nümayişini açan model Fernanda Li, Seylor Munun cəvahiratlı tacının oxşarını taxmışdı.

Yaponiyanın 2018-ci il “Miss Universe” finalçısı Yuumi Kato, dünya finalının milli geyim keçidinə Seylor Mun kostyumu ilə çıxmışdı.

Xəyalə Əlizadə © yapon.az

Əvvəlki bölümləri oxu:

“YaponAz Elektron Yaponiya jurnalı (4-cü bölüm)” üçün 2 cavab

  1. Sailor moon 😍😍😍

  2. […] “Onlar Günəşin övladları bu torpaqlara gəlməzdən əvvəl burada idilər” […]

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.