YaponAz Elektron Yaponiya jurnalı (1-ci bölüm)


Yaponiya haqqında bir-birindən maraqlı məqalələri bir elektron jurnalda birləşdirdik! Artıq bir neçə səhifə açaraq deyil, yalnız bir səhifədə qalaraq məqalələr ilə tanış ola bilərsiniz.

Məqalələr yapon.az saytına aiddir.

Başlıqlar:

  1. Əzmin və cəsarətin simvolu: Koinobori
  2. Yaponiyanın ənənəvi geyimi olan “kimono” və “yukata” arasındakı fərqlər nələrdir?
  3. Yaponiyada ilk metropoliten
  4. Anime sevənlər üçün məşhur obrazların izahı
  5. Yaponiyada estetika

1.Koinobori

Koinoborinin “Uşaqlar Günü”nün rəsmi simvolu olması ilə bağlı indiki nəsillərə ötürülən bir hekayəsi var.

Koinobori” sözü əslində iki sözdən ibarətdir – sazan mənasını verən “koi” və bayraq mənasını verən “nobori“.
Koinoborinin yaranması 1603-1868-ci illər arasında başladığı deyilir. Bu dövrdə Edo dövrünün Şoqun (hərbi liderləri) Şoqun ailələrində yeni doğulmuş oğlan uşaqlarını qeyd etmək üçün sazanların çəkildiyi bayraqların qaldırılması ideyasını irəli sürdülər.
Şoqunlar o dövrdə generalların ən elit səviyyəsi olduğundan, qeyd etmə üsulu birinci dərəcəli olmalı idi. Onlar tərəqqi və uğur simvolu hesab edilən sazan bayraqlarını qaldırmağa qərar verdilər. Bayraqları uca və qürurla qaldıraraq Şoqun nəslinin firavanlığı üçün də dua edirdilər.

Əvvəlcə ailənin oğulları üçün müstəsna bir şey olsa da, zaman keçdikcə koinoborinin mənası dəyişdi və indi ailə daxilindəki qadınları da əhatə edir. Beləliklə, koinobori bayrağı qaldırmaqla bütün uşaqlara yaxşılıq və xeyir-dua diləyirlər.

Bəs niyə, məhz sazan simvol olaraq seçildi?

Bunun arxasında əslində başqa bir hekayə var!
Köhnə yapon nağılında, bir vaxtlar çoxlu balıqlar “Koqa çayı” adlı çayın axını ilə üzməyə çalışıblar. Lakin çayın axını çox güclü olub və buna görə də balıqların çoxunun cəhdi nəticəsiz qalıb, amma qızıl sazan yuxarı axına uğurla çata bilib və sehrli əjdahaya çevrilib.
Yapon xalqı sazan balığını cəsarət və məqsədə çatmaq simvolu kimi təyin edəndə bu hekayəyə istinad etmişdir. Axına doğru üzməyə cəhd edən bütün balıqlardan yalnız sazanın gücü və əzmi ona uğur qazanmağa imkan verdi.

Edo dövründə bu xüsusiyyətlər kişidə çox arzuolunan hesab edilirdi və buna görə də sazan koinoborinin simvolu olaraq seçildi.Müasir dövr Yaponiyasında isə koinobori bayrağı ailədəki bütün uşaqların şərəfinə qaldırılır.

İlk baxışdan koinobori parlaq rəngləri və streçləri olan parlaq sazan bayrağına bənzəyir. Bununla belə, koinobori əslində bütün bayrağı yaradan əhəmiyyətli simvolik hissələrdən ibarətdir.

Yaquruma” bayraq dirəyinin ucudur və adətən kürəşəkilli fırlanan qanadlı bir cüt ox dirsəkli təkərlərdən ibarətdir.Yaquramadan aşağıda fukinaqaşi yerləşir. Sazanların asıldığı qarmaqdır.

Ümumiyyətlə, ilk sazan qara rəngdə asılır və ailə başçısı hesab edilən atanı təmsil edir. Ənənəvi olaraq böyük oğlunu təmsil etmək üçün nəzərdə tutulan daha kiçik qırmızı koinobori və sonra ailədəki hər hansı sonrakı oğlanlar üçün əlavə mavi, yaşıl, bənövşəyi, narıncı koinobori asılır.

Xəyalə Əlizadə ©yapon.az


2. Kimono/ Yukata

Bir gün Yaponiyaya səyahət etməyi düşünən hər kəsin “Yaponiyada ediləcək şeylər” siyahısında kimono geyinməyin yer aldığını düşünürəm. Bildiyimiz kimi kimono Yaponiyanın milli geyimidir və istər rəng, istərsə də dizayn cəhətdən olduqca valehedicidir. Kimononun bir-birindən fəqli 13 növü mövcuddur ki, bunların hər biri fərqli mərasimlərdə geyinilməklə material, rəng və dizayndan asılı olaraq dərəcəyə sahibdir.

Bəs, heç yukata haqqında eşitmisinizmi?

Yukata yay festivalları və ənənəvi yapon otellərində (ryokan) daha çox qız və oğlanlar tərəfindən geyinilən ənənəvi yapon geyimidir. İlk baxışdan yukata və kimononu bir-birindən fərqləndirmək çətin olsa da, özünəməxsus xüsusiyyətlərinə görə fərqlənirlər. Gəlin bu iki milli geyim arasındakı fərqlərə nəzər yetirək.

➢ Əvvəlcə hər iki geyimin adına nəzər salaq. Kimono (yaponca 着物) sözündəki ilk heroqlif- 着(ki) “geyinmək”, digəri isə- 物(mono) “şey, əşya” mənasını verir, yəni hərfi mənada “geyinilən şey” deməkdir. Bu, Heian dövründən (794-1185. Kyotonun ilk dəfə paytaxt olduğu dövr. Bu dövrün sonu Yaponiyada samuray hakimiyyətinin başlanğıcı idi) başlayaraq Yaponiyadakı bütün ənənəvi geyim növləri üçün istifadə olunan ümumi termindir. Yəni, yukata kimononun çoxsaylı növlərindən biridir. Müasir dövrdə kimono Yaponiya milli geyiminin rəsmi növü olmaqla, müxtəlif mərasimlərdə- toy, yas, çay mərasimlərində və s. istifadə olunur.

Bəs yukata sözünün mənası nədir?

Yukata (yaponca 浴衣) sözündəki 浴(yu)- “duş qəbul etmək”, 衣(kata) isə “geyim”deməkdir. Yukata keçmişdə kimononun bir növü olmaqla, hamam xalatı kimi istifadə olunurdu. Ryokan otellərində, isti bulaqlarda (onsen) duş qəbul etdikdən sonra yukatalardan istifadə edilməsi də elə bu səbəbdəndir. Edo dövründə (1603-1868. Uzun illər davam edən vətəndaş müharibəsindən sonra sülhün bərqərar olduğu dövr. Bu gün mövcud olan bir çox əvəzsiz Yapon mədəniyyəti nümunələri məhz bu dövrdə yaranmışdır. Samurayların mövcud olduğu son dövr.) yukata yay günlərində istifadə olunan gündəlik geyimə çevrilmişdir. Bugünkü gündə də yukata yay festivallarında, atəşfəşanlıqlarda geyinilən və rəsmi mərasimlərdə istifadə olunmayan ənənəvi yapon geyimidir.

➢ Sintetik parça, kətan, yun kimi materiallardan hazırlansa da, kimononun ən keyfiyyətli növü ipəkdən hazırlanmış kimonodur. Əgər ipəkdən hazırlanan kimono almaq istəsəniz, ən az 200.000 yen (2000 dollar) ödəməli olacaqsınız. Kimono kimi yukata da kətan və ya sintetik parçadan hazırlansa da, yay fəslində geyinildiyi üçün yukataların hazırlanmasında əsasən pambıqdan istifadə olunur. Qiyməti isə təxminən 2000-5000 yen (20-50 dollar) arasında dəyişir.

➢ Yukata kimononun bir növü olduğundan bir-birlərinə çox bənzəyirlər. Kimononu yukatadan fərqləndirən xüsusiyyətlərdən biri də kimononun alt hissəsindən “cyuban” (襦袢) adlanan xüsusi geyimin geyinilməsidir. Keçmiş dövrlərdə yukata hamam xalatı kimi istifadə edildiyindən yukatanın altından bu cür xüsusi heç nə geyinilmir. Kimono və yukata arasında digər fərq isə belbağında- “obi” (帯) dədir. Belə ki, kimonoda qalın və möhkəm belbağından istifadə olunduğu halda, yukatada daha incə, kiçik və yumşaq obidən istifadə olunur. Kimono geyinilən zaman “tabi” (足袋) adlanan corablar və “zouri” (草履) adlanan ayaqqabıdan istifadə edilir. Yukata isə “geta” (下駄) adlanan ayaqqabı ilə ayaqyalın şəkildə geyinilir.

➢ Kimono və yukata arasındakı son fərq isə hər iki geyimin geyinilmə qaydası ilə əlaqəlidir.

Hər iki geyimin altgeyim və belbağıları fərqli olduğu üçün geyinmə qaydası da olduqca fərqlidir. Lakin bu qaydalar kifayət qədər özünəməxsus olduğundan, bu mövzudan növbəti məqalələrimizdə bəhs edəcəyik.

Günel İsmayılova ©yapon.az


3. İlk Metropoliten

Dünyanın ən gözəl, ən fərqli metroları ilə bağlı axtarış aparanda ortaya Yaponiyanın metro stansiyası haqqında çox maraqlı nəticələr çıxdı. Hal-hazırda Tokio  metrosunun qatarları 282 stansiya arasında hərəkət edərək ildə 2,8 milyard adam daşıyır.

Tokio metrosu dünyada ən müasir yeraltı nəqliyyat sistemlərindən biridir. Onun infrastrukturuna hətta ticarət mərkəzləri və müxtəlif xidmətlər də daxildir. Bu qədər mükəmməl struktura sahib olan metro stansiyasının tarixini də bilmək maraqlı olardı. Yaponiyada ilk metro stansiyası necə açılıb?

1914-cü ildə Londonda olan Hayakava, Tokionun da metroya ehtiyacı olduğu qənaətinə gəlmiş və 2 il boyunca Avropa və Amerikada metroları araşdırmağa başlamışdı.

Yaponiyaya qayıdanda Hayakava bir sıra çətinliklərlə üzləşmişdi. Metro tikintisindən başı çıxan yapon mühəndis yox idi, ekspertlər Tokionun yeraltı sularla dolu olduğunu bildirirdilər, layihə üçün lazım olan 6,2 milyon (indiki pulla 3,6 milyard) yen vəsait isə yox idi.

Buna baxmayaraq, Hayakava düz 6 ay Tokio küçələrində gəzərək metronun hərəkət edəcək istiqamətləri müəyyən etməyə çalışmışdı. Deyilənə görə, yanından piyada keçəndə sol cibinə ağ lobya, maşın keçəndə sağ cibinə qara lobya atırdı və bu cür üsulla şəhərin ən sıx yerlərini müəyyənləşdirirdi.

Berlin metrosunun modeli əsasında 1925-ci ildə tikintisi başlanan metro nəhayət 1927-ci ildə tamamlananda 2,2 km uzunluğunda idi və Asiyada ilk idi. Hər gün 53 min sərnişin qəbul edən metro o qədər populyar olmuşdu ki, sərnişinlər 5 dəqiqəlik gediş üçün 2 saat növbə gözləyirdilər.

Serkan Şentürk © yapon.az


4. Anime sevənlər üçün məşhur obrazların izahı

Anime və mangalardakı eyni xarakterə malik, lakin fərqli üsullarla təsvir edilən çoxsaylı obrazlar var.

Belə obrazları daha aydın ifadə etmək üçün ingilis dilinə “lovey-dovey” kimi tərcümə edilən “deredere” sözünün “dere” hecası ilə birləşib, yaranan yeni sözlərdən istifadə edilir. Bunlar artıq gündəlik dildə də insanları təsvir etmək üçün işlənən ifadələrə çevilib. Ən məşhur “dere tipləri

Yandere – yanderu, yəni mental cəhətdən xəstə – sözünün ilk hecasının dere ilə birləşməsindən yaranıb. Belə xarakterlər əvvəlcə sevdikləri şəxsə qarşı həddindən artıq qayğıkeş və onlara bağlı olurlar, daha sonra isə bu bağlılıq pik həddə çatır və onlar getdikcə “qaranlıq, tanınmaz” xarakter olmağa başlayırlar. Sevdiklərini daim izləyirlər, onlara çox yaxşı, ya da pis davrananlara ciddi xəsər yetirə, hətta öldürə bilirlər. Zamanla sevdiklərini cəmiyyətdən uzaqlaşdırmaq, hər kəsdən qopmaq istəyirlər. Bu xarakterlər həmişə kənardan sakit, amma olduqca zəkalı görünürlər. Onları səsləndirən seiyuular çox vaxt qalın və karizmatik səsə sahib olurlar. Yanderelər həm qız, həm oğlan obrazı ola bilərlər.

Undere – un, yəni (gündəlik dildə) “” mənasını verən səslə, dere-nin birləşməsindən yaranıb. Undere-lər sevdikləri şəxsin bütün fikirlərinə, təkliflərinə “” cavabı verirlər. Bu xarakterlər fikirləşirlər ki, əgər həmişə hə cavabı versələr onda daha çox sevdikləri şəxsi özlərinə bağlaya bilərlər. Əsasən qız obazlarını və özündən yaşca böyük qızları sevən oğlan obrazlarını undere kimi görə bilərsiniz.

Tsundere – tsuntsun, kənara çəkilmək, diksinmək sözü ilə, dere-nin birləşməsindən yaranıb. Tsundere-lər öz sevdikləri şəxsə qarşı hiss etdiklərindən fərqli davranırlar. Psixoloji cəhətdən sevdiklərinə ciddi zərər vurur, onları həmişə qəmləndirməyə çalışırlar. Amma əslində isə daxilən onlara sevgi bəsləyirlər. Sadəcə olaraq tsundere-lərin düzgün reaksiya vermək bacarıqları elə də yaxşı deyil.

Oucidere – yüksək təbəqəli ailədən gəlib-gəlmədiyindən asılı olmayaraq bu dere tipi sevdiyi şəxsin ona şəhzadə kimi rəftar etməsini istəyir. “Ouci” sözü şəhzadə mənasını verir.Bakadere – yöndəmsiz obrazlara aid edilən dere tipidir. “Baka“, yəni axmaq, yöndəmsiz sözü ilə “dere” nin birləşməsindən yaranıb.

Hacidere – bu tipli obrazlar, öz xoşlarına gələnlərin yanında daima utancaq, gərgin olurlar. İstər-istəməz qarşı tərəfə olan hisslərini büruzə verirlər və özlərini çox tez itirirlər. “Haci” sözü abır, həya, utanc mənasını verir.

Kanedere – bu dere tipləri digərlərinə pul və statuslarına görə yaxın davranırlar. “Kane” sözü pul, qızıl mənasını verir. Kanedere anlayışı qərbdəki “gold-digger” ilə eynilik təşkil edir.

Mayadere – bu obrazlar bütün hekayə boyunca nəyəsə əks ola bilərlər. Amma kiməsə aşiq olan kimi əvvəl qarşı olduqları şeyi qəbul edə biləcək səviyyəyə qədər dəyişirlər.

Gülər Nursu © yapon.az 


5.Yaponiyada estetika

Yaponiyada estetika yapon fəlsəfəsinə uyğun olaraq, sadəliyin tərəfdarı olmuş və əsrlər boyu cərəyanların adı dəyişsə belə, bütün estetika anlayışları eyni prinsiplərə əsaslanmışdır – sadəlik və substanta (Tanrı və ya Təbiət) qarşı sonsuz sayğı. Yəni, digər ölkələrdən fərqli olaraq, Yaponyida estetik və fəlsəfi cərəyanlar bir-biri ilə vəhdət təşkil edib.

Yaponiyanın estetik cərəyanaları “insan ömrünün qısa olduğu gerçəkliyini anlamağa xərcləməyi” təbliğ etmişdir. Fəqət yapon fəlsəfəsi Qərb fəlsəfəsindən fərqli olaraq varoluş məsələsində “ruhu” (hər şeyin özəyi, təməli) əsas götürmüş və materialist dünya ilə insan münasibətini araşdırmaqdansa insan və materiya arasındakı əlaqəni müəyyənləşdirmişdir. Eyni zamanda, Yaponiya və Qərb fəlsəfəsi arasındakı fərq bu fəlsəfənin kəşf edilən reallığa qarşı daha biganə yanaşması və onu olduğu kimi buraxmasıdır. Məhz buna görə də yapon estetikası hər şeyi olduğu kimi göstərmiş, avropasayağı estetikadan fərqli olaraq fərdi hisslərini və görüşlərini təsvirlərə yansıtmamışdır.

Vabi-sabi (侘寂) qısaca “mükəmməl olmayan” deməkdir. Elə kintsugi (金継ぎ) adəti də buradan gəlir. Bu fəlsəfəyə görə qüsurlu olanı da qucaqlamaq və qabul etmək lazımdır. Hətta qüsur və incikliyin də əşya kimi insanı dəyərləndirdiyini təbliğ edən bu fəlsəfi və estetik görüşün geniş yayıldığı dövrlərdə çay mərasimi ləvazimatları bilərək asimmetrik düzəldilirdi. Asimmetriya isə vabi-sabi fəlsəfəsinə görə yeddi ərdəmdən (insanın mənəvi yetkinliyi) biridir.

  • Fukinsei: asimmetriya, nizamsızlıq;
  • Kanso: sadəlik;
  • Koko: əsas;
  • Şizen: bəhanə olmadan, təbii;
  • Yugen: dərin incə zərafət, aydın olmayan;
  • Datsuzoku: razılaşdırılmış məhdudiyyətsizlik, azad;
  • Seicaku: əmin-amanlıq.

Eyni zamanda, bu ərdəmlər (asimmetriyanı çıxmaq şərtilə) “örnək insan” üçün də vacib yeddi məziyyət hesab edilirdi.

Şibui sözü şibumi (渋み) sözündən gəlir. Bəzən “təvazökar gözəllik” kimi işlədilsə də bu söz hərfi mənada “turş” deməkdir. Şibui özündən əvvəlki cərəyanlar arasında ekstravaqantlığı müəyyən “dozada” bir az da olsa qəbul edən yeganə estetik axın olmuşdur. Muromaçi (1336-1392) dövründə yayılmış bu estetik cərəyanına aid elementlərdə əsasən, “palçıq” tonlarından istifadə edilirdi; bəzən üzərlərində müəyyən ornamentlərə və naxışlara rast gəlmək mümkündür. Bəzən şibui elementlərdində vabi-sabidəki kimi asimmetriyaya təsadüf edilsə də (iki anlayış üçün də “mükəmməl olmamaq” yeddi şərtdən biri hesab edilsə də) asimmetriya şibui üçün elə də vacib prinsip deyildir.

Qeyd etmək lazımdır ki, şibui, eyni zamanda, həyat tərzi olmaqla bərabər individuallıqdan qaçınmağı, təvazökarlığı və sadəliyi təbliğ edir.

İki (いき və ya 粋) sözü “Yaponiyaya aid hər şey” kimi başa düşülsə də əslində bu, böyük bir səhvdir. İki Yaponiyanın əsrlər boyu sadəlik tərəfdarı olmuş estetika anlayışlarının arasında bir anda özünə güvəni, keçici romantikliyi, kortəbiilik və “yontulmamışlığı” təbliğ edən bir axın kimi ortaya çıxmış, əsasən, fərdi döyüşcülər tərəfindən xoş qarşılanmışdır. İki vizual sənətlərdən daha çox özünü yazılarda və şeirlərdə göstərmişdir. İki ifrat saflığı və sadəliyi simvollaşdırmadığı kimi, ifrat şirinliyi, göstərişi də ifadə etmirdi.

İki çağdaş Yaponiyada da xüsusən, ədəbiyyat sahəsində öz populyarlığını itirməmişdir. İkinin hal-hazırki ən böyük təmsilçisi isə Haruki Murakami (1949-cu ildə anadan olub) sayılır.

Yugen (幽玄) yapon fəlsəfəsi və estetika anlayışlarının ən önəmli nümunələrindən biridir. Yugen sözü hərfi mənada tərcümə edilə bilmir və qısaca “yaşadığımız dünyanın fərqinə vardığımzda içimizdə yaranan boşluq hissi” kimi ümumiləşdirilir.

Yugendə asimmetriya, mükəmməl olmamaq, göstəriş ya sadəlik kimi xüsusui bir şərt yoxdur. Əsas olan əsərin insanı öz içində bir səyahətə çıxarması, durğun bir eksiztensial böhranın eşiyinə gətirməsi, var olmaq anlayışına qarşı “qəbullanmışlıq” hissi ilə bərabər gizli bir maraq oyatmasıdır.

Miyabi (雅) ən köhnə estetika anlayışlarından olmasına baxmayaraq, o qədər də məhşur deyildir. Bu estetika axınının məqsədi isə “artıq” və “şit”olanı atıb əsas və saf gözəlliyə çatmaqdır.

Co-ha-kyu (序破急) teatrdan tutmuş çay mərasiminə qədər bir çox yapon performans sənətində öz əksini tapmış estetik axındır. Onun əsas prisnsipi hərəkətin yavaş başlayıb, bir az tempi artırması və çox sürətlə bitməsidir.

Mono no avare (もののあわれ) – yapon estetikası və fəlsəfəsinin əsas prinsipi olub, varlığımızın incəliklərinin fərqinə vardıqda yaşadığımız zərif hüzün hissinə verilən addır.

Enso (円相) Yaponca “dairə” deməkdir. Dairə yapon fəlsəfəsində bütünlüyün, zərifliyin, aliliyin və ya Kainatın simvoludur. İnsanların xaraxterinin dairəni çəkmə üslüblarında gizli olduğuna inanılmışdır. Spiritualist təcrübə növü olaraq aydınlanmaq istəyən şəxs hər gün bir enso çəkməlidir.

Selcan Yağmur © yapon.az

“YaponAz Elektron Yaponiya jurnalı (1-ci bölüm)” üçün 2 cavab

YaponAz Elektron Yaponiya jurnalı (İçindəkilər) – Yapon Dili Saytı üçün bir cavab yazın Cavabı ləğv et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.