Yapon ədəbiyyatında tez-tez qarşılaşdığımız atalar sözü


Hər bir insan həyatının müəyyən dövrlərində həm xoşbəxtlik, həm də çətinliklərlə qarşılaşır. Yapon xalq müdrikliyində bu həqiqəti çox sadə və təsirli şəkildə əks etdirən bir ifadə var: 「楽あれば苦あり」 (raku areba ku ari) “Rahatlıq varsa, əzab da var.” Bu ifadə həyatın dəyişkənliyini və heç bir vəziyyətin əbədi olmadığını xatırladır.

Bu ifadənin mənası nədir?

İfadənin sözbəsöz tərcüməsi belədir:

  • 楽 (raku)rahatlıq, sevinc, xoşbəxtlik
  • 苦 (ku) əzab, sıxıntı, kədər
  • あればvarsa, olarsa
  • ありvar olmaq (köhnə fellə bitiş)

Yəni, əgər rahatlıq varsa, demək əzab da olacaq. Bu fikir onu bildirir ki, həyat daim sabit deyil, bir dövrün rifahı başqa bir dövrün sınaqları ilə əvəz oluna bilər.

Çox vaxt bu ifadə 「苦あれば楽あり」(ku areba raku ari)Əzab varsa, rahatlıq da var” şəklində də işlədilir. Bu, həm insanlara təsəlli vermək, həm də səbirli olmağa çağırmaq üçün istifadə olunur. Əgər indi çətinlik içindəsənsə, bu o demək deyil ki, hər şey həmişə belə olacaq, yenə işıqlı günlər gələcək.

Bu ifadə yapon ədəbiyyatında və danışıq dilində olduqca geniş yayılmışdır. Məsələn, yapon yazıçısı Hayashi Fumiko 1947-ci ildə yazdığı bir əsərində belə yazır:

「楽あれば苦あり、苦あれば楽ありとおっしゃったことが思いあたるようで…」
Atamın “rahatlıq varsa, əzab da var; əzab varsa, rahatlıq da var” dediyi sözlər yadıma düşür…

Yaponiyanın Edo dövrünə (1603–1868) aid いろはかるた adlı məşhur kart oyununda belə bu ifadə yer almışdır. Bu, onu göstərir ki, artıq yüz illərlə bu prinsip yapon xalqının mənəvi düşüncə tərzində yer alıb.

Müəllif : Gülşən Cabbarlı

(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi  üçün nəzərdə tutulub)

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.