Kuidaore : Yeməkdən müflis olmaq


Yapon dilindəki “kuidaore” (食い倒れ) sözü həm əyləncəli, həm də dərin mənalı ifadələrdən biridir və yeməksevərlər arasında çox məşhurdur. Bu söz, “o qədər çox yemək ki, cibində pul qalmasın” mənasına gəlir. Əslində, bu ifadə yeməyi həyatın əsas zövqlərindən biri hesab edən insanlar üçün deyilib.

“Kuidaore” sözünü ən çox eşidəcəyiniz yerlərdən biri, Yaponiyanın Osaka şəhərində yerləşən məşhur Dotonbori bölgəsidir. Parlaq işıqları, gecə həyatı və ən əsası, saysız-hesabsız restoranları ilə tanınır. Bura yalnız turistlər üçün deyil, həm də yerli sakinlər üçün əsl kulinariya cənnətidir. Dotonboridə gəzdikcə hər yerdə “kuidaore” ifadəsi ilə qarşılaşa bilərsiniz, bu sizi daha çox yeməyə, dadmağa, sınamağa və təbii ki, zövq almağa çağırır.

Kuidaore ifadəsi bir yapon atalar sözündə də keçir:
「京都の着倒れ、大阪の食い倒れ」
Bu, belə tərcümə olunur: “Kyotoda geyimlə, Osakada yeməklə müflis olarsan.”

1. 食い倒れ

Oxunuş: Kuidaore
Tərcümə: Yeyə-yeyə müflis olmaq.
İzah: O qədər yemək ki, cibində pul qalmasın.

2. 着倒れ

Oxunuş: Kidaore
Tərcümə: Geyinə-geyinə müflis olmaq.
İzah: Dəb və geyim xərclərinə aludə olub pulunu xərcləmək.

3. 京都の着倒れ、大阪の食い倒れ

Oxunuş: Kyoto no kidaore, Osaka no kuidaore
Tərcümə: Kyotoda geyimlə, Osakada yeməklə müflis olarsan.
İzah: Yaponiyanın mədəni fərqlərini izah edən məşhur atalar sözü.

Bu deyim yapon mədəniyyətindəki şəhər fərqlərini vurğulayır: Kyoto zərif geyimləri, ənənəvi modası ilə tanınırsa, Osaka yeməkləri ilə tanınır və hər ikisi insanı öz cazibəsi ilə cəzb edib pul xərcləməyə vadar edir.

Müəllif : Gülşən Cabbarlı

(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi  üçün nəzərdə tutulub)

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.