Yaponlar haqqında tez-tez “soyuq və uzaq insanlar” kimi təsəvvürlər yaranır. Bəzən turistlər və yeni tanış olanlar onların gülümsəməməsindən və çox danışmamasından şikayət edirlər. Ancaq bu davranışın arxasında yapon cəmiyyətinə xas çox maraqlı mədəni və tarixi səbəblər var. Bu mövzunu Tokoha Universitetinin professoru Rumi Sei öz araşdırmalarında incələyib.
Yapon mədəniyyəti qədimdən kənd təsərrüfatına əsaslanıb. İnsanlar kiçik kənd icmalarında birlikdə yaşayıb, bir-birinə dəstək olublar. Tanıdıqları insanlara qarşı son dərəcə mehriban və köməksevər olan yaponlar, yad insanlarla daha ehtiyatlı davranmağa üstünlük verirlər. Bu davranış təhlükəsizlik qayğısından çox, şəxsi məkan anlayışına və qarşılıqlı hörmətə əsaslanır. Ona görə də yaponların yad insanlarla təmkinli davranışı dostcanlı olmamaq deyil, sosial mədəniyyətlərinin fərqli bir nümunəsidir.

Yaponlarla bir dəfə münasibət qurulduqda bu əlaqə uzunmüddətli və səmimi olur. Məsələn, təsadüfi bir tanışlıq zamanı uzaq görünən bir yapon, söhbətə başladıqları anda çox mehriban və yardımsevər ola bilər. Bunun səbəbi yaponların münasibətləri uzunmüddətli sərmayə kimi görmələridir. Güvən qazandıqları insanlarla qurduqları dostluqlar uzun illər davam edir.

Yapon mədəniyyətində birbaşa danışmaq və emosiyaları açıq şəkildə göstərmək nadir hallarda rast gəlinir. Minnətdarlıq və yaxşılıq etmək mövzusunda çox diqqətli davranırlar. Onlar özlərinə edilən yaxşılıqları həmişə xatırlayır və minnətdar olurlar. Amma başqalarına kömək edərkən qarşı tərəfi borclu hiss etdirməkdən qaçırlar. Bu xüsusiyyət yapon dilində minnətdarlıq və yaxşılıqla bağlı ifadələrin çox olmasında da özünü göstərir.
Yaponlarla yaxşı ünsiyyət qurmaq üçün onların mədəni dəyərlərini və emosional davranışlarını anlamaq vacibdir. Təmkinli, amma qarşılıqlı hörmətə əsaslanan münasibətlər, uzunmüddətli və etibarlı dostluqların açarıdır. Professor Rumi Sei hesab edir ki, bu cəhətləri anlamaq yaponlarla ünsiyyətin keyfiyyətini artırır.

Yaponların soyuq görünməsi onların dostluq etməyi bacarmaması deyil, fərqli mədəniyyət ənənələrindən qaynaqlanır. Onlar münasibətlərə ehtiyatla yanaşsalar da, bir dəfə dost olduqda dərin və davamlı əlaqələr qururlar. Professor Sei-nin dediyi kimi, yapon cəmiyyətinin bu xüsusiyyətini anlamaq daha səmimi ünsiyyətlər üçün əsasdır.
Müəllif : Gülşən Cabbarlı
(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub)

Bir şərh yazın