Yapon dili öyrənənlər üçün dilin incə məqamlarını anlamaq çox vacibdir, çünki bu, danışıq zamanı anlaşılmazlıqları aradan qaldırır. Yapon dilində tez-tez istifadə olunan hissəciklərdən biri 〜よ və digəri isə 〜ね hissəcikləridir. Gəlin onların istifadə qaydasına və aralarındakı fərqlərə nəzər salaq.
〜よ hissəciyi nə vaxt istifadə olunur?
〜よ (yo) hissəciyi, əsasən, qarşı tərəfə yeni məlumat verərkən və ya bir şeyi vurğulamaq istəyərkən istifadə olunur. Bu sonluq danışanın qarşı tərəfə yeni bir şey öyrətmək istədiyi zaman işlədilir.
Məsələn:
- これはおいしいよ
- [kore va oişiiyo]
- Bu, çox dadlıdır
Burada danışan, qarşı tərəfə məlumat verərək onlara bir şeyin dadlı olduğunu bildirir. Bu, bir növ yeni informasiya paylaşımıdır.

〜ね hissəciyi nə vaxt istifadə olunur?
〜ね hissəciyi isə, əksinə, qarşı tərəflə eyni hissləri paylaşarkən işlədilir. Yəni, iki nəfərin eyni fikir və ya duyğuda olduğunu vurğulamaq üçündür.
Məsələn:
- この映画はおもしろいね。
- [kono eiqa va omoşiroine]
- Bu film maraqlıdır, elə deyilmi?
Bu cümlədə danışan qarşısındakının da onunla eyni fikirdə olduğunu qəbul edir və həmfikir olduğunu göstərir.
Fərqi necə ayırd etmək olar?
〜よ hissəciyi yeni informasiya və ya xəbər paylaşmaq üçün istifadə olunur, halbuki 〜ね hissəciyi qarşınızdakı ilə duyğusal bir həmrəylik yaratmaq üçün işlədilir. Bunu öyrəndikdən sonra bu hissəcikləri gündəlik danışıqlarınızda tətbiq etməyə başlayın! İki hissəcik arasındakı bu incə fərqi başa düşmək yapon dilini daha dərin öyrənməyinizə kömək edəcək.
Müəllif : Gülşən Cabbarlı
(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub)

Bir şərh yazın