Yapon mədəniyyəti təvazökarlığı və incəlikləri ilə tanınır. Bu mədəniyyətin ən maraqlı tərəflərindən biri də hədiyyə vermə ənənəsidir. Hədiyyə verərkən sadəcə hədiyyənin özü deyil, istifadə olunan sözlər də önəmlidir. Bu məqalədə, yaponların hədiyyə verərkən istifadə etdiyi “つまらないものですが (oxunuşu: tsumaranai monodesqa)”, yəni “bu kiçik bir şeydir, amma” ifadəsinin sirrini kəşf edəcəksiniz.
Təvazökarlıq bildirən sözlərin arxasında gizlənən məna
“つまらないものですが” ifadəsi, sözün əsl mənasında “bu maraqlı deyil” deməkdir. Lakin bu, yapon mədəniyyətində hədiyyə verərkən təvazökarlığı ifadə edən bir cümlədir. Yaponlar hədiyyə verdikdə, onu kiçildərək qarşı tərəfi yüksəltmiş olurlar. Bu, sadəcə bir jest deyil, həm də insanlara hörmət göstərməyin incə bir yoludur.
Bu ifadə, xüsusilə böyüklər tərəfindən istifadə olunur və anime, dramalarda tez-tez rast gəlinir. Yapon mədəniyyətinin bu incəliyi, hədiyyənin özündən daha çox göstərilən hörməti vurğulayır.
Yeməli hədiyyə verərkən təvazökarlıq bildirən ifadələr
Əgər birinə yemək hədiyyə edirsinizsə və bu yeməyin onun damaq zövqünə uyğun olub-olmayacağını bilmirsinizsə, “お口(くち)に合(あ)うかわかりませんが (okuçi ni au ka vakarimasenqa)”, yəni “Bilmirəm bu dad sizin ağız dadınıza uyğun gələcəkmi, amma” ifadəsindən istifadə edə bilərsiniz. Bu cümlə də qarşı tərəfin zövqünə olan hörməti və səmimiyyəti göstərir.

Məqsəd: hədiyyəni sadə göstərmək
Yaponların bu ifadələri işlətməsi, verdikləri hədiyyənin qarşı tərəf üçün böyük bir dəyər ifadə etdiyini göstərməkdən çox, həmin insanı ucaldır. Bu təvazökarlıq, hədiyyə vermə prosesini daha incə və xüsusi edir.
Nümunə olaraq:
つまらないものですが、これよかったらどうぞ (tsumaranai monodesuqa, kore yokattara douzo)
Bu kiçik bir şeydir, ümid edirəm ki, bəyənərsiniz.
Niyə bu ifadələr çox dəyərlidir?
Bu cür ifadələr, sadəcə söz deyil, qarşı tərəfin duyğularını və münasibətini gücləndirən alətlərdir. Bir hədiyyə verərkən bu cür təvazökar sözlərdən istifadə etmək, yaponların hədiyyə mədəniyyətinin nə qədər dərin və düşüncəli olduğunu göstərir. Bu ifadələri öz həyatınıza daxil edərək, siz də hədiyyələrinizə daha çox səmimiyyət və hörmət qatmış olarsınız.
Müəllif : Gülşən Cabbarlı
(Müəllif hüquqları qorunur. Web saytda verilən hər hansı bir informasiyanın kommersiya xarakterli bütöv və ya hissəli şəkildə nüsxələnməsi qəti qadağandır. Verilən bütün məlumatlar istifadəçilərin şəxsi istifadəsi üçün nəzərdə tutulub)

Bir şərh yazın