Yaponiyada və ya Azərbaycanda yapon dili öyrənmək (yüksək səviyyədə bilmək) əksəriyyət üçün bir xəyalın gerçəkləşməsi kimidir. Ancaq bu mərhələni keçdikdən sonra nə etməli? Xaricdə təhsil aldıqdan və yeni dil öyrəndikdən sonra iş həyatına başlamaq bir qədər qorxuducu görünə bilər. Lakin artıq doğru addımı atdınız, yeni bacarıqlar qazandınız və fərqli bir mədəniyyətlə tanış oldunuz. İndi isə bu bacarıqları iş dünyasında istifadə etməyin zamanı gəldi!
CV-nizi necə ideal vəziyyətə gətirmək olar?
Yapon dili ilə bağlı bir karyera qurmaq üçün ilk addım CV-nizi düzgün hazırlamaqdır. İşəgötürənlərə göstərmək lazımdır ki, siz sadəcə yapon dili öyrənməmisiniz, həm də bu təcrübəni iş mühitinə tətbiq edə bilərsiniz.
- Təhsil keçmişi: Dil məktəbinizdəki(Universitet, məktəb və ya kurs) təhsil dövrü CV-nizin təhsil bölməsində ən yuxarıda olmalıdır. Müəssisənin adı, yerləşdiyi yer və təhsil müddəti aydın göstərilməlidir. Əgər Yapon Dili Bacarıq Testi (JLPT) vermisinizsə, bunu mütləq qeyd edin.
- İş Təcrübəsi: Əgər Yaponiyada və ya Azərbaycanda yapon dili öyrənərkən işləmisinizsə, bu təcrübəni vurğulamaq çox vacibdir. Harada işlədiyinizi, hansı dil bacarıqlarınızı istifadə etdiyinizi və bu təcrübədən nələr öyrəndiyinizi yazın.
Harada iş axtarmaq lazımdır?
Bu gün iş axtarışı əsasən onlayn mühitdə baş tutur. Yapon dili ilə bağlı karyera üçün də bu qayda keçərlidir. Axtarışlarınızı başlatmazdan əvvəl açar sözləri diqqətlə seçin və müxtəlif variantları sınayın. Daijob kimi saytlar, çoxmillətli şirkətlər üçün iş elanları təqdim edir və ikidilli işçilər axtaranlar üçün əla resursdur.
Şəbəkələşmə çox önəmlidir. Yaponiyada və ya Azərbaycanda təhsil alarkən tanış olduğunuz insanlarla əlaqədə qalın, çünki onların sizi maraqlandıran sahələrdə əlaqələri ola bilər.
Konvensiyalara qatılın. Comicon və Hyper Japan kimi beynəlxalq tədbirlərdə iştirak etməklə sizin kimi insanları axtaran şirkətlərlə tanış ola bilərsiniz. Bu, həm əyləncəli, həm də faydalı ola bilər.
Yapon dili tələb edən işlər hansılardır?
- Tərcüməçilik və Lokalizasiya: Tərcümə işləri təkcə kitab və sənədlərlə məhdudlaşmır. Konsulluq xidmətləri, polis idarələri, qlobal şirkətlər və daha bir çox sahədə tərcüməçilərə ehtiyac var. Lokalizasiya sahəsində isə, oyunlar, anime və manga dünyasında maraqlı işlər tapa bilərsiniz.
- Turizm Sektoru: İki dil bilən işçilər turizm sektorunda çox tələb olunur. Bələdçilik, səfirliklərdə mədəniyyət mübadiləsi və ya səyahət bələdçiliyi kimi variantlar mövcuddur.
- Yapon Şirkətləri: Sony, Nintendo və Square Enix kimi Yapon şirkətlərinin dünyanın bir çox yerində ofisləri var. Bu şirkətlərə müraciət etməklə həm beynəlxalq təcrübə əldə edə, həm də bir gün Yaponiyaya geri qayıtma şansınızı aça bilərsiniz.
Uğurlu müraciət üçün məsləhət
Yapon şirkətlərinə müraciət edərkən prosesin fərqli ola biləcəyini unutmayın. Şirkətlərin tələblərini diqqətlə oxuyun və müraciətlərinizi fərdiləşdirin. Müraciətlərinizi diqqətlə hazırlayın, CV-nizi müvafiq şəkildə düzəldin və uğura doğru ilk addımınızı atın!
Yapon dili ilə bağlı karyera qurmaq çox maraqlı və fürsətlərlə dolu bir yol ola bilər. Təcrübənizdən maksimum faydalanın və bu yolu izləyərək özünüzü inkişaf etdirməyə davam edin!
Müəllif : Gülşən Cabbarlı

Bir şərh yazın