Yaponla tanış olanda adı ilə müraciət etməyə tələsməyin!


Yapon adları və onların yazılışı ilə bağlı bəzi maraqlı qaydalar var. Əgər siz də Yaponiyaya səyahət etməyi düşünürsünüzsə, yapon dostlarınız varsa, ya da sadəcə yapon mədəniyyəti ilə maraqlanırsınızsa, bu fərqli ad qaydaları sizi təəccübləndirə bilər! 

Yapon adları: Şəxsin adı birinci deyilmir!

Yaponiyada adların yazılış sırası tamamilə fərqlidir. Əksər ölkələrdə ilk ad birinci, ailə adı isə ikinci yazılır. Ancaq Yaponiyada bu qayda tərsinədir: əvvəlcə ailə adı (soyad) (yapon dilində 名字 – myouci), sonra isə şəxsin adı, yəni verilən ad (下の名前 – şita no namae) yazılır. Bu sistemin maraqlı tərəfi ondan ibarətdir ki, ənənəvi şaquli yazı üslubunda verilən ad mətnin aşağı hissəsində yerləşir. Həm də yapon dilində “aşağı ad” ifadəsi buradan yaranıb!

Məsələn, əgər bir yapon dostunuzun adı Tanaka Kyoko-dursa, Tanaka onun ailə adı, Kyoko isə verilən adı, yəni şəxsi adıdır. Tanaka xanımı gördüyünüzdə dərhal “Kyoko” deyə müraciət etməyi planlaşdırırsınızsa, bir az gözləyin, bu məsələ düşündüyünüz qədər sadə deyil!

Yaponiyada ikinci ad (orta ad və ya “middle name), demək olar ki, yoxdur. Əksər yaponların yalnız bir adı olur və bu adlar rəsmi sənədlərdə qeyd olunur. Xaricdə doğulmuş və ya mədəniyyətlərarası valideynlərdən olan yaponlara ikinci ad verilə bilər, amma bu adlar rəsmi sənədlərdə göstərilmir. Bir sözlə, ikinci adlar hökumət tərəfindən nəzərə alınmır.

Gəlin sizə bir ssenari təqdim edək. Yeni bir tanışlıq: Sizə 田中 京子 (Tanaka Kyoko) adlı bir xanımın vizit kartı təqdim olunur. İlk baxışdan çox sadə görünə bilər: Tanaka soyadıdır, Kyoko isə adı. “Əla, mən ona Kyoko deyəcəm!” deyə düşünə bilərsiniz. Yaponiyada birinə adı ilə müraciət etmək, adətən daha yaxın münasibətin olduğunu simvolizə edir.Rəsmi və işgüzar əlaqələrdə soyad ilə müraciət etmək daha məqbuldur.

Yaponiyada adlar insanın kimliyini və sosial münasibətlərini ifadə edən güclü bir simvoldur. Birinin adını necə çağırmağınız sizin həmin insanla münasibətinizi müəyyən edir. Hər bir cəmiyyətin özünəməxsus adət-ənənələri var, amma yapon adlarının öz qaydaları bir az daha mürəkkəb və maraqlıdır.

Yapon adlarını düzgün istifadə etməklə, həm həmin şəxslərə hörmət etmiş olarsınız, həm də onların mədəniyyətinə olan marağınızı və bilik səviyyənizi göstərmiş olarsınız. Beləliklə, növbəti dəfə yapon bir tanışınızla qarşılaşdığınızda, onun adını necə və nə vaxt istifadə edəcəyinizi düşünün – bu sadə qaydalara riayət etməklə, siz Yaponiyanın mədəniyyətinə bir addım daha yaxın olacaqsınız!

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.