May ayı üçün yeni planlar qurmusunuz lakin heç cürə ardını gətirə bilmirsiniz? May ayında insanların motivasiyasız olmasını yaponlar bir sözlə ifadə edir. Gəlin daha ətraflı tanış olaq.
Qoqatsu byou hərfi tərcümədə “May xəstəliyi” deməkdir. Bu, Yaponiyada yaşayan bir çox insanın hər il May ayında əziyyət çəkdiyi bir xəstəlik və ya psixoloji durum sayılır.

- Söz: 五月病
- Oxunuşu: ごがつびょう [qoqatsubyou]
- Tərcüməsi: May xəstəliyi
Qoqatsu byou, aprelin sonundan başlayaraq may ayının əvvəllərinə kimi davam edən Qızıl Həftədən sonra insanların hiss etdiyi cansızlıq və yorğunluq hissini ifadə edir. “May xəstəliyi” adlandırılsa da, bu, adi xəstəlik deyil, daha çox insanın psixoloji vəziyyətinin pis və ya yorğun olduğunu təsvir edən bir sözdür. Məsələn, “May xəstəliyinin” tipik simptomları iş motivasiyanın olmaması və ya heç bir şeylə məşğul olmamaq istəyidir. Bir insanın olduğu vəziyyətdə ani dəyişiklikdən peyda olur və adaptasiya sindromu kimi qiymətləndirilir.

Bunun əsas səbəbi isə Yaponiyanın məktəb və iş sistemi ilə əlaqədardır. Yaponiyada aprel ayı iş və təhsil ilinin başlanğıcıdır, şagirdlər yeni məktəbə və ya universitetə qəbul olunur və bir çox insan isə yeni bir şirkətdə işləməyə başlayır. Buna görə də aprel ayında bir çox insan, yəni yeni və köhnə kadrlar, tələbələr öz həyatlarında yenilik hiss edirlər və gələcəkləri ilə bağlı yeni ümidləri yaranır. Növbəti ayda isə bir çox çətinliklərlə üz-üzə qaldıqda gözlədikləri kimi maraqlı və əyləncəli olmadığını anlayırlar. Nəticədə, onlar qoqatsubyoudan əziyyət çəkir ki, aprel ayında işə və ya təhsilə olan yaranan motivasiyaları may ayında təcrübə etdikləri reallıqlardan sonra aşağı düşür.
Gəlin daha yaxşı yadda saxlamaq üçün aşağıda verilən cümləni tərcümə edək.
- 最近、学校に行きたくない。完全に五月病だなぁ
- [saikin qakkouni ikitakunai. Kanzen ni qoqatsubyoudanaa]
- Axır vaxtlar məktəbə getmək istəmirəm. Əməlli başlı may xəstəsiyəm.
Müəllif: Gülşən Cabbarlı

Bir şərh yazın