Yaponlar tez-tez xaricilər tərəfindən “duyğusuz”, “mimikası bilinməyən”, “düşüncələrini açıq şəkildə göstərməyən” kimi tənqid olunur. Bütün bu fikirlərə açıqlamanı NHK kanalının yapon dili proqramının müəllifi, həmçinin Tokoha Universitetinin professoru Rumi Sein verəcək. Gəlin oxuyaq:
Ilk öncə “Nou teatrı və maskası” nə deməkdir, ona baxaq:
Nou (能)

Teatrı, musiqini, rəqsi, dramanı özündə birləşdirən, 14-cü əsrdən etibarən fəaliyyət göstərən Yaponiyanın ənənəvi klassik teatrı “Nou” teatrı, müasir dövrdə də öz populyarlığını qoruyub saxlayır. Hərəkətləri çox asta və yavaş, danışıqlar poetik və monoton, geyimlər isə zəngin və ağırdır. Teatr süjet xəttini əsasən əfsanələrdən, nağıllardan, qədim dastanlardan ya da müasir ədəbiyyatdan alır. Bütün aktyorlar və ifaçılar isə adətən kişilərdir. Mövzular çox zaman sehrli dünya, ruh, əcinələr, qeyri-adi yuxularla əlaqəli olsa da, aktyorlar bu cür qarışıq dünyada öz mimikalarını maska altında gizlədirlər. Bu cür əcaib maskalara “Nou” maskası deyilir ki, hekayəyə uyğun olaraq hazırlanır. Son dövrdə ən çox istifadə olunan maskalara, ruh, əcinə, müxtəlif yaşlarda olan kişi və qadınları təmsil edən maskalar aiddir.

Niyə yaponlar “Nou maskalı” deyə tənqid olunur?
Yaponlar ən qarışıq, problemli situasiyada belə xeyli təvazökar, mədəni davrandıqlarına görə əsil düşüncələrini bilmək mümkün deyil.
- 声の大きい人
- こえのおおきいひと
- Eqolu, özündən razı
Yaponlar öz fikirlərində təkid edən, digərlərinin fikrini önəmsəməyən, çoxluq içində rahatlıqla fikrini ifadə edən insanlara “koe no ookii hito” deyirlər ki, bu cür insanlar başqalarının gözünə tez batır, onların arxasınca danışılmağa başlanılır. Buna görə də çoxluq içində fikir deməkdən çəkinir, bu cür insan kimi tanınmaqdan qaçırlar.
Yapon cəmiyyətini aşağıdakı ifadə təsvir edir:
- 謙譲の美徳
- けんじょうのびとく
- Təvazökarlıq lütfdür.
Yaponlar başqa bir insanı tərif edən, qabağa getməsinə vəsilə olan, özünü isə geri çəkən insanlara heyranlıq duyur, bu tip insanlara hörmətlə yanaşırlar. Buna görə də təvazökar olmayan insanlar belə “kencou no bitoku” düşüncə tərzinə görə özlərinin əsl duyğularını gizlədirlər.
Sanki bütün hisslərin ifadəsi susdurulub.
Nəticədə yaponlar arasında öz hisslərini və duyğularını, fikirlərini açıq şəkildə bildirməyin yaxşı bir şey olmadığı, qarşındakı insanı düşünərək davranmağın əsas olduğu düşüncə tərzi var. Bunları da biz, açıq şəkildə ən çox istifadə olunan ifadələrdə, atalar sözlərində görə bilərik.
Sonda yapon atalar sözünü də əlavə edək:
- 能ある鷹は爪 を隠す
- のうのあるたかはつめをかくす
- Bacarığı olan qartal 🦅 caynağını gizlədir.
- [Nou no aru taka va tsume o kakusu]
Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.
Müəllif : Gülşən Cabbarlı


Bir şərh yazın