Nəyəsə başlayanda tez bezirsiniz ?


İlk başlarda çox maraqlı fikir kimi gəlir, ya da yeni başlanğıclar üçün özünüzü hazır hiss edirsiniz, amma daha sonra başladıqdan sonra heç cürə arxasını gətirə bilmirsinizsə siz tək deyilsiniz! Çünki bu cür insanlar o qədər çoxdur ki, yapon dilində bunu ifadə edəcək söz belə var!

三日坊主

  • Oxunuşu: みっかぼうず /mikkabouzu/
  • Hərfi tərcüməsi: üç günlük rahib
  • Mənası: nəyisə etməyə həvəsləndikdən sonra bezib davam etməyən, uzun müddətli hədəf qoyub davam etməyən, “sabahdan başlayacam!” deyib heç cürə başlaya bilməyən adamlara deyilir.

Ətraflı:

İlk öncə gəlin sözün tərkibinə diqqət yetirək. “Mikka” üç gün, “bouzu” isə rahib deməkdir. Bəs “üç günlük rahib” dedikdə nə nəzərdə tutulur?

Buddizmdə aydınlanma mərhələsinə keçid etmək üçün başlayan, lakin çətin və ağır tapşırıqları davam etdirməkdə çətinlik çəkərək yarıda dayandıran və əvvəlki həyatlarına dönən rahiblər üçün istifadə olunan söz, günümüzdə bir işi və ya məqsədini sona kimi apara bilməyən insanlara deyilir.

Buddizmdə rahiblər gün çıxan kimi günə başlayır, gün batana kimi buddizmdə əsas sayılan tapşırıqları yerinə yetirirlər. Buna təmizlik, meditasiya və müxtəlif treyninqlər daxildir. Rahibliyə başlayanlar üçün ən çətini isə burada əyləncənin qadağan olunmuş olmasıdır. Əyləncə dedikdə mahnı oxumaq və ya rəqs etmək nəzərdə tutulur.Həmçinin sake, yəni spirtli içki içmək, ət və ya balıq kimi qidaları yemək olmaz. Buna görə də bu cür sərt qaydalarla uzun müddət rahibliyi davam edənlərin sayı az olur. Sözün kökü də məhz burdan gəlir.

Aşağıda verilən şəkildəki yazını oxuyaraq sözü daha yaxşı yadda saxlaya bilərsiniz:

Qeyd. Tərcümələr hərfi tərcümə deyil. Maksimum dilimizə yaxın mənalar götürülüb.

Müəllif : Gülşən Cabbarlı


Maraqlı və faydalı dərslər üçün yaponazyapondili.com saytını daim yeniləməyi, həmçinin dəstək olmağı unutmayın.

Bir şərh yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.